Türkiyənin “İletişim” jurnalında “Bir əsr yaşı olan AZƏRTAC-ın Azərbaycanın dünyada tanıdılmasında rolu” adlı məqalə dərc edilib
Türkiyədə beynəlxalq indekslə nəşr edilən, geniş oxucu auditoriyasına malik “İletişim” (“Jurnalistika”) jurnalında Türk Ticarət və Sənaye Palatasının İqtisadiyyat və Texnologiya Universiteti rektorunun müşaviri, Anadolu Agentliyinin sabiq baş direktoru, tanınmış publisist Hilmi Benginin “Bir əsr yaşı olan informasiya agentliyinin - AZƏRTAC-ın Azərbaycanın dünyada tanıdılmasında rolu” sərlövhəli elmi məqaləsi dərc olunub.
“Qısa xülasə”, “Giriş”, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə AZƏRTAC”, “Sovetlər dönəmində Azərbaycan xəbər agentlikləri”, “Sovet İttifaqının süqutundan sonra Azərbaycanda xəbər agentliyinin fəaliyyəti”, “Azərbaycan Respublikasında yenidən AZƏRTAC”, “AZƏRTAC-ın beynəlxalq əlaqələri və Azərbaycanın tanıdılmasında töhfələri”, nəticə və mənbələr bölmələrindən ibarət olan tədqiqat xarakterli məqalədə AZƏRTAC-ın yaranması, 100 il ərzində keçdiyi şərəfli tarixi yol, agentliyin inkişaf mərhələləri və fəaliyyətindəki keyfiyyət dəyişiklikləri, onun yenidən təşkili, maddi-texniki bazasının möhkəmləndirilməsi, qloballaşan dünyanın informasiya məkanında yeri və rolu, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə yayılması sahəsində görülən işlər zəngin faktlar və məlumatlar əsasında araşdırılıb və təhlil edilib.
Məqalənin “Giriş” hissəsində dünyada xəbər agentliyi strukturunun məlumatlandırma qurumu kimi meydana gəlməsi, şaxələnməsi, inkişafı, inteqrasiya prosesləri, o cümlədən AZƏRTAC-ın xəbər agentlikləri ailəsindəki yeri və rolu barədə ümumi məlumat verilir. Vurğulanır ki, AZƏRTAC-ın hazırda beynəlxalq informasiya məkanında xüsusi yeri olan Anadolu Agentliyindən əvvəl yaradılması mühüm dövlətçilik hadisəsidir.
“Azərbaycan Xalq Cümhuriyyəti dövründə AZƏRTAC” adlı bölmədə isə müəllif yazır ki, Cümhuriyyətin yarandığı ilk gündən onun siyasi və milli mənafeyinə xidmət edən, siyasətini beynəlxalq ictimaiyyətə çatdıran, dünyada baş verən hadisələr barədə oxucuları məlumatlandıran xəbər agentliyinə ehtiyac yaranıb. Ölkənin milli agentliyi AZƏRTAC məhz belə bir tarixi zərurətdən meydana gəlib. Bu bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, hökumətin çətin siyasi münasibətlər şəraitindəki fəaliyyətinə, eləcə də Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasına qısa ekskurs edilir.
Çoxsaylı mənbələrə istinad olunan məqalədə bildirilir ki, ilk xəbəri 1920-ci il martın 2-də yayılmaqla cəmi 58 gün fəaliyyət göstərən AZƏRTAC Cümhuriyyətin süqutundan sonra sovetlər dönəmində Azərbaycan hökumətinin qərarı ilə yeni bir adla işini davam etdirib.
Məqalədə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan Dövlət İnformasiya Agentliyinin fəaliyyətinə xüsusi önəm vermələri ayrı-ayrı başlıqlar altında tədqiqata cəlb olunub. Bu bölmələrdə AZƏRTAC-ın fəaliyyətinə göstərilən diqqət və qayğının nəticələri agentliyin inkişaf dinamikası əsasında oxuculara təqdim olunur. Müasir dövrdə xəbər agentliklərinin inkişaf dinamikası, eləcə də dünya informasiya məkanında mövqelərini şərtləndirən cəhətlər AZƏRTAC-ın timsalında ətraflı təhlil edilir. Agentliyin işinin müasir informasiya texnologiyaları əsasında yenidən qurulması, beynəlxalq əlaqələrinin genişləndirilməsi ilə bağlı ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin səyləri, dünya informasiya məkanına inteqrasiya prosesləri, nüfuzlu regional qurumlar və aparıcı ölkələrin milli xəbər agentlikləri ilə əlaqələri zəngin faktlar əsasında şərh olunmaqla bərabər, AZƏRTAC-ın inkişafını təmin edən hüquqi bazanın əsasları tədqiqata cəlb olunub.
Diqqətə çatdırılır ki, AZƏRTAC-ın inkişaf tarixinin böyük bir mərhələsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişindən sonra başlanan inkişaf prosesinin agentliyin fəaliyyətində də ciddi dönüşə səbəb olması, onun Cənubi Qafqazda SİTA-nın xəbərlərini yayan əsas mərkəzə çevrilməsi, respublikamızın dünyada tanıdılması istiqamətində fəaliyyəti, sovet məkanında birincilər sırasında yeni informasiya texnologiyaları ilə təchiz olunması sistemli şəkildə tədqiq edilib.
Oxuculara müfəssəl məlumat verilir ki, 2020-ci il martın əvvəlində 100 yaşını qeyd edən AZƏRTAC-ın 2016-2019-cu illər arasında Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) sədrliyi öz üzərinə götürməsi agentliyə beynəlxalq media məkanında böyük nüfuz qazandırıb. Müstəqillik dönəmində bir çox beynəlxalq təşkilatların üzvü olan AZƏRTAC son illərdə bu qurumların bəzilərinə sədrlik edib. Agentliyin 2017-ci ildə Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilən yeni Nizamnaməsində Azərbaycan həqiqətlərini dünyada daha geniş coğrafiyada yaymaq vəzifəsi qoyulan AZƏRTAC-ın 21 ölkədə müxbir məntəqəsi fəaliyyət göstərir. Diqqətə çatdırılır ki, AZƏRTAC 150-dən çox ölkənin milli informasiya agentliyi ilə xəbər mübadiləsi aparır.
AZƏRTAC-ın yaradılması və keçdiyi şərəfli inkişaf yolunu əks etdirən çoxsaylı mənbələrin əsasında yazılmış məqalədə Azərbaycanın şanlı Vətən müharibəsində qazandığı Qələbə barədə də fikirlər yer alıb. Məqalə Azərbaycanın Zəfər tarixini əks etdirən aşağıdakı fikirlə tamamlanır: “Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsi zamanı AZƏRTAC-ın dünya mediasında yer alan xəbərləri, fotoşəkilləri və videomaterialları agentliyin ölkənin xarici arenada təbliği və onun imicinin beynəlxalq aləmdə düzgün şəkildə əks etdirilməsində oynadığı təsirli rolunu bir daha nümayiş etdirdi”.
Qeyd edək ki, “TUBITAK-Ulakbim” və “DOAJ” tərəfindən indeksləşən nəzəriyyə və araşdırma jurnalı olan “İletişim”in məsul redaktoru Ankara Hacı Bayram Vəli Universitetinin dekanı, professor Zakir Avşardır.
S.Xankişiyeva