Neapol şəhəri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
Neapol Şəhər Şurası "Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətin ifadə edilməsi və Azərbaycan ilə İtaliya arasında çoxşaxəli əməldaşlığın möhkəmləndirilməsinə yönəldilmiş addımların atılması üçün İtaliya hökumətinə müraciət" adlı sənəd qəbul edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Vinçentso Solombrinonun müəllifi olduğu sənəddə beynəlxalq səviyyədə Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi tanındığı, bu bölgənin və ona bitişik 7 rayonun 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunduğu, azərbaycanlıların doğma torpaqlarından qovulduğu, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının qətnamələri, Ermənistanın 27 sentyabr təcavüzü nəticəsində 44 günlük müharibəsinin başladığı barədə ətraflı məlumat verilib.
İtaliya hökumətindən tərəfləri Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri arasında imzalanan 10 noyabr 2020-ci il tarixli bəyanatdakı öhdəlikləri yerinə yetirməyə çağırmaq tələb olunub. Şəhər Şurası hesab edir ki, münaqişənin başa çatması və vəziyyəti normallaşdırma prosesinin başlanması Azərbaycana öz ərazilərini bərpa etməyə imkan yaradacaq. Ərazilərin bərpasına dair strateji planın işə salınması isə yüksəliş və inkişaf mərhələsinin davam etməsinə, eləcə də italyan şirkətləri üçün yeni vacib iqtisadi və kommersiya imkanlarının yaranmasına yol açacaq.
Sənəddə Azərbaycan və İtaliya arasında gözəl münasibətlərin mövcud olduğu, 2020-ci ilin fevralında hökumət başçıları arasında siyasi, iqtisadi, səhiyyə, enerji, texnoloji, elm və mədəniyyət sahələrində geniş əməkdaşlığa dair çoxşaxəli strateji əməldaşlığın möhkəmləndirilməsi barədə birgə bəyannamənin olduğu vurğulanıb.
Neapol-Bakı Assosiasiyasının da Azərbaycanla Neapol arasında sıx əlaqələri dəstəklədiyinə diqqət cəlb edilib. Qeyd olunub ki, Neapolla Azərbaycanın paytaxtı Bakı qardaşlaşmış şəhərlərdir və bu qardaşlaşma iki xalq arasında dostluq, mədəni, kommersiya və institusional mübadilə baxımından konkret nəticələrin əldə olunmasına gətirib çıxarıb.
1news.az