Azərbaycan XİN-i Ermənistan XİN-in əsassız ittihamlarını rədd edir
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan XİN-in 13 yanvar 2020-ci il tarixli bəyanatını şərh edib.
Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, şərhdə deyilir:
"Ermənistan Xarici İşlər Nazirliyinin guya ki, 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı qırğının törədilməsi ilə bağlı əsassız bəyanatı bu ölkənin hələ də uydurma propaqandadan əl çəkmədiyini, xalqlararası nifaq və düşmənçiliyi qızışdırmaq niyyətini göstərir.
Ermənistan XİN-inə xatırladırıq ki, 1948-1953-cü illərdə Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya edilən 150 minədək azərbaycanlı Ermənistan SSR-nin 24 rayonu və İrəvan şəhərindən zorla Azərbaycana köçürüldü. Eləcə də Ermənistanın 1980-ci illərin sonunda Azərbaycana qarşı əsassız ərazi iddiaları, Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindəki şovinist təfəkkürlü ermənilərin aqressiv separatçılıq fəaliyyəti, SSRİ rəhbərliyinin bu fəaliyyətə dəstək verməsi, yüz minlərlə azərbaycanlının növbəti dəfə zor gücü ilə və qəddarcasına Ermənistandan deportasiya edilməsi Azərbaycanda sovet hakimiyyətinə qarşı hərəkatın genişlənməsinə təkan verdi. Məhz ümumxalq hərəkatının qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə ölkəyə yeridilən Sovet ordusu beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in Konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı görünməmiş qırğın törətdi.
Lakin 1990-cı ilin yanvar hadisələri Azərbaycan xalqının müstəqillik əzmini qıra bilmədi və ölkəmiz dövlət müstəqilliyini bərpa etdi. Bu gün Azərbaycanın müstəqilliyi və suverenliyi bütün beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə tanınır və dəstəklənir.
Ermənistan XİN-i bu kimi uydurma təbliğat xarakterli məlumatlar yaymaqla tarixən Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini, 30 ilə yaxın müddət ərzində bir milyondan çox Azərbaycanlının fundamental hüquqlarını kobudcasına pozduqlarını gizlətmək məqsədini güdür.
Bölgədə bütün hərbi əməliyyatların dayandırılmasına dair 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra sülh və təhlükəsizlik, tərəqqi şəraitində birgəyaşayış fikirlərinin təşviq olunması əvəzinə, rəsmi Yerevanın uydurma əsaslarla düşmənçilik propaqandasını davam etdirməsi təəssüf doğurur və bu ölkənin əsl niyyətini üzə çıxarır.
Azərbaycan XİN-i Ermənistan XİN-in əsassız ittihamlarını rədd edir və bu ölkəni 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatları ilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq və beynəlxalq hüququn aliliyi prinsiplərindən çıxış edərək davranmağa çağırır".
S.Xankişiyeva