Azərbaycan G20-nin sammitinə dəvət edilib
Azərbaycan 37 ölkə ilə yanaşı, oktyabrın 30-31 tarixində Romada keçiriləcək "Böyük iyirmilik" (G20) ölkələrinin zirvə görüşünə dəvət edilib.
1news.az Trend-ə istinadən bildirir ki, tədbirə eyni zamanda BMT, Avropa İttifaqı, əsas beynəlxalq maliyyə təsisatları da dəvət alıblar.
G20 qrupu cari ildə İtaliyanın sədrliyində İnsanlar, Planet, Rifah deyə üç başlıqla ifadə olunan dayanıqlı və bərabər inkişaf, ətraf mühitin mühafizəsi, yeni təhlükələrin qarşısını almaq kimi hədəflər qarşıya qoyur.
Zirvə görüşü ərəfəsində may-sentyabr ayları ərzində nazirlər səviyyəsində 10 sahəvi (innovasiya və tədqiqat, iqtisadiyyat və maliyyə, kənd təsərrüfatı, mədəniyyət və turizm, ətraf mühit, iqlim və enerji, ticarət, əmək və təhsil, səhiyyə, xarici işlər və inkişaf, cari məsələlər) görüş keçiriləcək.
Qeyd edək ki, G20-nin daimi üzvləri Almaniya, ABŞ, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çin, Fransa, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya və Avropa İttifaqıdır.
1news.az