Cəmiyyət

Vüqar Rəhimzadə: “Şuşa, səni dirçəldəcəyik!” deyən Müzəffər Ali Baş Komandan vədini reallığa çevirir

16:43 - 28 / 01 / 2021
Vüqar Rəhimzadə: “Şuşa, səni dirçəldəcəyik!” deyən Müzəffər Ali Baş Komandan vədini reallığa çevirir

"Möhtərəm Prezidentimiz İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə imzaladığı 19 yanvar 2021-ci il tarixli  «İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında» Fərmanına əsasən ilk olaraq  Şuşa rayonunda xüsusi nümayəndənin təyin edilməsi qürurverici və diqqətçəkən məqamdır. Dövlətimizin başçısı İlham Əliyev Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən birinci təyinatın məhz Şuşa rayonuna olmasını belə əsaslandırmışdır ki,  Şuşa  Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib:

"Dövlətimizin başçısı İlham Əliyevin  noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi  müjdəsini Şəhidlər xiyabanından xalqımıza çatdırarkən, həmçinin bu günlərdə ailə üzvləri ilə birlikdə Şuşaya  səfəri zamanı orada keçirdiyi anlardan xoşbəxtlik duyğularını  böyük sevinclə dilə gətirməsi, bunun ardınca  azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi institutunun yeni yaradılmasına baxmayaraq ilk təyinatın Şuşa ilə bağlı olması  Qarabağın ürəyi olan Şuşanın 28 illik nisgilinə, həsrətinə son qoyulmasının nə qədər  qürurverici olduğunu nümayiş etdirdi".

V.Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin  44 günlük müharibə dövründə xarici KİV-lərə verdiyi müsahibələrində «Şuşasız işimiz yarımçıq olar» söyləməsi də bu bölgəmizin işğaldan azad edilməsinin nə qədər həsrətlə gözlənildiyinə aydınlıq gətirmişdi: «Azərbaycanın hər qarış torpağı  xalqımız üçün əzizdir. Məhz bu torpaq həsrəti, Vətən sevgisi  yaşından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşını torpaqlarımızın işğaldan azad edilməsi üçün səfərbər olmağa çağırdı və dəmir yumruq kimi birləşdirdi. İkinci Qarabağ  müharibəsi Azərbaycan xalqının qürurunu özünə qaytardı. Bu gün xalqımız öz yenilməzliyi, məğrurluğu ilə fəxr etməklə yanaşı, başı uca, alnı açıqdır. 30 illik işğala, nisgilə, həsrətə son qoyuldu».

Baş redaktor bildirib ki,  işğaldan azad  olan digər torpaqlarımız kimi, Şuşada da  evlərimiz,  mədəni və dini abidələrimiz tamamilə  dağıdılmış, yerlə-yeksan edilmişdir: «Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi,  ancaq Şuşa ermənilər tərəfindən dağıdılsa da, əyilmədi, əsirlikdə olsa da, öz ləyaqətini itirmədi, erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildi.  Noyabrın 8-də dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan  İlham Əliyev Şuşanın işğaldan azad edilməsi xəbərini xalqımıza çatdırarkən  «Şuşa, sən azadsan! Şuşa, səni dirçəldəcəyik!» bəyan etməsindən sonra  bugünkü addımları ilə bu vədinin də reallığa çevrildiyini təsdiqlədi».

«Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında  torpaqlarımızın işğal olunmasında  AXC-Müsavat cütlüyünün xəyantlərindən bəhs edir, onların günahkar olduqlarını əsaslı şəkildə diqqətə çatdırır» söyləyən baş redaktor bildirib ki, müstəqilliyimizin ilk illərində yaşananlar  hər kəsə yaxşı məlumdur: «Həmin dövrdə Silahlı Qüvvələrimizin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət eməsi işğala geniş yol açırdı: «Şuşanın 1992-ci il mayın 8-də itirilməsi böyük faciə idi. Möhtərəm Prezidentimiz Aydın Kərimovu videoformatda qəbul edərkən  bir daha  bu reallıqları hər kəsin bilməsinin vacibliyini diqqətə çatdırıb. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, o vaxtkı hakimiyyəti yıxmaq üçün bu təxribatı törətdilər.  Şuşa faktiki olaraq düşmənə təhvil verildi.  Şuşa və ondan bir neçə gün sonra Laçın rayonunun işğal altına düşməsi nəticəsində o vaxtkı hakimiyyət kənarlaşdırılıb və hərbi çevriliş nəticəsində AXC-Müsavat hakimiyyətə gəlib».

«Bunlar tarixdir» söyləyən baş redaktor bildirib ki, illər keçdikcə həmin hadisələrin mahiyyəti daha aydın görünür, dərk edilir: «O zaman torpaqlarımızı satanlar bu gün özlərini xalqa yaxın göstərməklə keçmişi unutmağa və unutdurmağa cəhdlər göstərsələr də  bunun mümkünsüzlüyünün  fərqindədirlər. Çünki zamanın hakimliyi, tarixin yaddaşlığı  daim hər bir hadisəni düzgün dəyərləndirməyə  əsas verir».

V.Rəhimzadə  belə bir ümumiləşdirməni diqqətə çatdırıb ki, bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda bir canlanma yaşanır: «Əsas olan budur ki, düşmən diz çökdürüldü,  kapitulyasiya aktına imza atdı,  torpaqlarımız öz tarixi  sahiblərinə qayıtdı. Dövlətimizin başçısı İlham Əliyev  Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Möhtərəm Prezidentimiz bildirir ki,  bərpadan sonra Şuşada həyat qaynamalı, insanlar qayıdandan sonra Şuşanın çox zəngin mədəni həyatı olmalıdır. Həm ölkə daxilindəki tədbirlər, eyni zamanda, bir çox beynəlxalq tədbirlər - festivallar, müsabiqələr, qastrollar orada keçirilməlidir. Yəni, Şuşa nəinki Azərbaycanın, əminəm ki, bütövlükdə  bölgənin mədəniyyət paytaxtı adına layiq olacaq. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Şuşanın işğaldan azad edildiyi tarixin Zəfər Günü  kimi təsis edilməsi bütün məqamları özündə ehtiva edir».

1news.az

147

Son xəbərlər

Bütün xəbərlər

Next TV