“Milli Prioritetlər dərinləşmiş islahatların növbəti on ildə də davam etdiriləcəyindən xəbər verir” – Vüqar Bayramov
Son dövrlərdə ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin edib.
Son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyüyüb, güclü sosial-iqtisadi infrastruktur yaradılıb, pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli azalıb. Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənib.
Artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı verib. Ölkə regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilib. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəltmiş, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaradıb.
Əldə edilən iqtisadi üstünlük, uzun illər formalaşdırılmış ictimai-siyasi və sosial-iqtisadi bünövrə ölkənin hərbi qüdrətini də yüksəldib. Bu nailiyyətlər torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi qələbəyə transformasiya olundu. 2020-ci il noyabrın 10-da imzalanmış tarixi Bəyanatla Azərbaycanın siyasi və iqtisadi suverenliyinin təmini işğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı üçün tam istifadə olunmasına geniş imkanlar yaradır. Əldə edilmiş qələbə qarşıdakı illərdə sistemli və davamlı islahatlarla yeni imkanlara çevriləcək.
Bununla yanaşı, uzun müddətdir ki, qlobal bəlaya çevrilmiş koronavirus pandemiyası ilə aparılan effektiv mübarizə, ümumdövlət məqsədləri naminə həmrəylik təcrübəsi və ərazi bütövlüyünün bərpası irimiqyaslı və dərin islahatların aparılmasına zəruri əsasları gücləndirir. Əvvəlki illərdə aparılmış islahatlar hesabına ölkənin sosial-iqtisadi potensialı artmış, iqtisadiyyatın xarici təsirlərə dözümlülüyü yaxşılaşıb. Həyata keçirilən sosial-iqtisadi quruculuq və ərazi bütövlüyünün təmini uzunmüddətli dövrdə Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm əsaslar yaradıb.
Müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir.
Qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir.
Yeni strateji dövrdə qarşıda duran məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədilə Prezident İlham Əliyev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i təsdiq edib.
Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır:
1. dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
2. dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
3. rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
4. işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
5. təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
Qeyd edilən Milli Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.
Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov 1news.az-a açıqlamasında bildirib ki, 5 əsas istiqaməti özündə ehtiva edən on illik Milli Prioritetlər Azərbaycanda müasir çağırışlara və standartlara uyğun olaraq iqtisadi inkişafın davam etdirilməsi, eyni zamanda yeni innovativ iqtisadiyyatın daha da genişləndirilməsini nəzərdə tutur:
“Nəzərə alsaq ki, bu prioritetlərdə diqqət çəkən əsas məqamlardan biri iqtisadi inkişafda inkluzivliyin, eyni zamanda innovativ iqtisadi inkişafın daha da genişləndirilməsinə nail olmaqdan ibarətdir. İnkluzivlik həm formalaşan və istifadə olunan dəyərdən cəmiyyətin daha yaxından istifadə etməsi, eyni zamanda dəyərin bir hissəsinin gələcək nəsillərə saxlanmasını nəzərdə tutur. Eləcə də insan kapitalının inkişafı hesabına innovativ iqtisadiyyatın payının artırılması əsas hədəflərdən biridir.
Eyni zamanda rəqabət qabiliyyətinin genişləndirilməsi və sahibkarların dəstəklənməsi, sahibkarlar üçün yeni tətbiq mexanizmlərindən istifadə olunması da hədəflər siyahısındadır. Bu bir tərəfdən daxili bazarda rəqabətin gücləndirilməsinə, yerli istehsalın genişləndirilməsinə, digər tərəfdən Azərbaycanın qeyri-neft ixracatının artmasına gətirib çıxaracaq. Milli iqtisadiyyatın genişləndirilməsi və dayanıqlı iqtisadi inkişafın qorunub saxlanması baxımından vacib hesab olunur.
Sosial təminatla bağlı islahatlar davam etdiriləcək, pensiya islahatlarının da davam etdirilməsi, minimum və orta pensiya məbləğinin artırılması nəzərdə tutulur. Müavinətlər daxil olmaqla sosial ödənişlərə ayrılan vəsaitlərin həcmində də artımlar olacaq. Pensiya islahatları həm də pensiya məbləği ilə sığorta haqqı arasındakı mütənasibliyin artırılmasını nəzərdə tutacaq ki, bu da pensiyaçıların hüquqlarının daha yaxından qorunması və onların daha çox pensiya almasına imkan yaradacaq”.
V.Bayramov Milli Prioritetlərdən olan Böyük qayıdışın da növbəti on ildə uğurla icra olunacağına əminliyini ifadə edib:
“Böyük qayıdış da əsas hədəflərdəndir və onun reallaşması mərhələli şəkildə icra olunacaq. Birinci mərhələdə dəymiş ziyanın qiymətləndirilməsi, daha sonra infrastrukturun formalaşdırılması, növbəti mərhələdə sosial obyektlərin inşa edilməsi və məskunlaşmanın reallaşması həyata keçiriləcək ki, bu da nəticə etibari ilə böyük qayıdışın reallaşmasına imkan yaradacaq. Bütövlükdə prioritetlər dərinləşmiş islahatların növbəti on ildə də davam etdiriləcəyindən xəbər verir”.
B.Cahandarov