Sevinc Fətəliyeva: Azərbaycanı ittiham etmək üçün Ermənistanın nə hüquqi, nə də mənəvi haqqı var
Ermənistan vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində bütün mülki, dini, mədəni obyektləri dağıdıb.
İndi Azərbaycanın erməni vandalizminin mahiyyətinin və törədilmiş hərbi cinayətlərin ifşa edilməsi istiqamətində beynəlxalq miqyasda apardığı işə əngəl olmaq üçün erməni tərəfi dezinformasiyalar yayır. Məqsəd beynəlxalq ictimai rəyi çaşdırmaqdır. Cəbrayıl rayonunda guya “kilsənin yoxa çıxması” məsələsi də buradan qaynaqlanır.
Cəbrayıl rayonundakı sözügedən “ibadətgah” beynəlxalq səviyyədə Azərbaycan əraziləri kimi tanınan torpaqlarda Ermənistanın 30 illik işğalı dövründə qeyri-qanuni şəkildə inşa edilib. 1993-cü ildə baş vermiş erməni işğalına qədər həmin ərazilərdə yalnız etnik azərbaycanlılar yaşayıb. “İbadətgah” 2017-ci ildə - Ermənistanın Cəbrayılda və Azərbaycanın işğal olunmuş digər bölgələrində nəsillər boyu yaşamış azərbaycanlıların evlərini və mədəni irsini dağıtdığı bir dövrdə tikilib.
Bunu 1news.az-a acıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat xatırladıb ki, 2017-ci ildə Azərbaycan dövlətinin Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciətindən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri Cəbrayıldakı “ibadətgah”da olublar. Həmsədrlər bu səfərdən sonra həmin tikilinin Cəbrayıldakı hərbi birləşmənin bir hissəsi olaraq erməni əsgərləri tərəfindən istifadə edilməsi üçün inşa edildiyi qənaətinə gəldilər. Ona görə də, bir neçə il öncə işğalçı ermənilərə xidmət etmək üçün inşa olunan bu tikili mədəniyyət tarixinin bir hissəsi hesab edilə bilməz. Bütün bunların fonunda UNESCO üzrə Ermənistan Milli Komissiyasının Azərbaycan tərəfindən hər hansı bir “mədəniyyət cinayəti” törədilməsi barədə iddiaları tamamilə qəbuledilməzdir.
Deputat vurğulayıb ki, Ermənistan törətdiyi cinayətlərə görə cavab verməlidir və verəcək. “Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində vandalizm aktı törədib, bütün maddi, mədəni, tarixi və dini abidələr məhv edilib. Azərbaycan xalqının irsini qəsdən hədəf alan, bir vaxtlar işğal olunmuş ərazilərdə mədəni təmizləmə və çoxsaylı hərbi cinayətlər həyata keçirən, o cümlədən 927 kitabxana, 70-ə yaxın məscid, 44 məbəd, 473 tarixi məkan, saray və muzeyi dağıdan ölkənin Azərbaycanı ittiham etmək üçün nə hüquqi, nə də mənəvi haqqı var. Ermənistan işğalçılıq siyasətini davam etdirdiyi dövrdə beynəlxalq missiyaların Azərbaycanın işğal olunmuş ərazilərini ziyarət etməsinə icazə verməyib. Bu həqiqət UNESCO-nun 2005-ci ildə nəşr olunan fəaliyyət hesabatında da açıq şəkildə öz əksini tapıb. Təəssüf ki, beynəlxalq birlik tərəfindən Ermənistanın bu vandalizminə ciddi reaksiyalar verilmir. Bütün bunların fonunda müəyyən xarici dairələr məqsədli şəkildə erməni yalanlarını tirajlayaraq Azərbaycana qarşı qərəzli kampaniyalar aparırlar. Amma bütün bunlar heç bir nəticə verməyəcək”, - deyə deputat qeyd edib.
Sevinc Fətəliyeva bildirib ki, Azərbaycan Ermənistanın törətdiyi cinayətlərin cəzasını alması üçün bütün lazımi addımları atacaq. Eyni zamanda, Azərbaycan işğaldan azad olunmuş ərazilərində törədilən dağıntıların müvafiq şəkildə sənədləşdirilməsi üçün bu ərazilərə müstəqil və hərtərəfli beynəlxalq missiyanın göndərilməsində ən maraqlı tərəfdir. Bu baxımdan UNESCO ilə konstruktiv dialoq aparılır. UNESCO bu məsələdə beynəlxalq hüquqa və qəbul olunmuş konvensiyalara istinad etməlidir.