Hakimlikdə tərəqqi: Azərbaycanlı futbol hakimləri etimadı necə bərpa etdilər? | 1news.az | Xəbərlər
Futbol

Hakimlikdə tərəqqi: Azərbaycanlı futbol hakimləri etimadı necə bərpa etdilər?

S.Xankişiyeva16:55 - 09 / 04 / 2021
Hakimlikdə tərəqqi: Azərbaycanlı futbol hakimləri etimadı necə bərpa etdilər?

Azərbaycanın FIFA referisi Əliyar Ağayev Yunanıstan Futbol Federasiyasının dəvəti ilə Super Liqanın prinsipial “Panatinaikos” – PAOK oyununu (3:0) idarə edib.

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik aprelin 6-da Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində İspaniyanın “Real” və İngiltərənin “Liverpul” komandaları arasında oyununun (3:1) hakim-inspektoru olub.

Həftəni Azərbaycanın hakimlər korpusu üçün uğurlu hesab etmək olar.

Frits Ştuxlik 2018-ci ilin sentyabr ayından AFFA-nın Hakimlər Komitəsinə rəhbərlik edir. Avstriyalının təyinatından öncə Azərbaycan hakimləri ilə bağlı vəziyyətin faciəli olduğunu demək olmaz, lakin Ştuxlikin rəhbərliyi altında nəsildəyişmə prosesi başladı. O, gənc hakimlərə daha çox etibar etməyə başladı.

Bunun nəticəsində Azərbaycan Premyer Liqasında Kamal Umudlu, Elçin Məsiyev, Vüqar Həsənli, Rəşad Əhmədov kimi gənc hakimlər təyinat alırlar.

Şəkildə: Kamal Umudlu

Təbii ki, Vətən müharibəsinin qəhrəmanlarından biri olan Kamal Umudlunu xüsusilə qeyd etmək lazımdır. O, hərbi əməliyyatların başladığı ilk günlərdən cəbhədə olub, Füzuli, Cəbrayıl və Zəngilanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib.

Cəbhədən geri qayıdan Kamal yenidən Premyer Liqanın oyunlarını idarə etməyə başlayıb. Artıq yanvar ayının 21-də “Səbail” və “Neftçi” futbolçuları onu ehtiramla qarşılayıblar.

Qeyd etmək lazımdır ki, nəsil dəyişməsi öz müsbət nəticələrini verməkdədir. Əgər əvvəllər Azərbaycan çempionatının az qala hər turunda hakim qalmaqalları baş verir, hakimləri qərəzli olmaqda ittiham edirdilərsə, hazırda bu cür halların sayı kifayət qədər azalıb.

Yox, səhvlər təbii ki, yoxa çıxmayıb. Hakimlər indi də səhvlərə yol verirlər. Lakin nə hakimlik, nə də futbol səhvlərdən xali deyil. Hətta VAR sistemindən istifadə olunan beynəlxalq oyunlarda belə səhvlərə yol verilir. Bununla bağlı “Mançester Yunayted” – “Milan” oyununda (1:1) Kessyenin ləğv olunan qolunu xatırlamaq olar. Yayımın ingilis rejissorları VAR hakimlərinin haqlı olduğunu sübut edən təkrar epizodunu heç cür ortaya çıxara bilmədilər.

Azərbaycan hakimləri ilə bağlı ən vacib məqam, daha onların qərəzli səhvlərdə ittiham olunmaması ilə bağlıdır. 15-ci turun “Qarabağ” – “Neftçi” qarşılaşmasını (1:2) xatırlayaq. Həmin oyunda hakimlik edən Elçin Məsiyev üçü qonaqlara olmaqla, ümumilikdə 4 qırmızı vərəqə göstərdi. Belə düşünmək olardı ki, referi oyunun ipini əlindən buraxıb. Lakin oyunun təkrarını, həmçinin mübahisəli epizodları izlədikdən sonra gənc referinin haqlı olduğu ortaya çıxdı.

Bütün bunlar Azərbaycan çempionatında hakimliyin ümumi səviyyəsinin yüksəldiyindən xəbər verir. Bu isə ədalətli rəqabət baxımından çox vacibdir.

Şəkildə: Frits Ştuxlik

Frits Ştuxlik 1news.az-a müsahibəsində bildirib ki, azərbaycanlı hakimlər müasir tələblərə cavab verirlər.

“Futbolun populyarlığının sirri, bir çoxu 100 ildən çoxdur ki, dəyişilməyən dəqiq və aydın qaydalardadır. Digər tərəfdən, hakimin rolu artan tələblərlə müəyyən olunur və bu qaydada dəyişir. Hazırda mürəkkəb oyun epizodlarını bir neçə saniyə ərzində sadəcə düzgün qiymətləndirmək kifayət etmir. Belə hesab olunur ki, bir fitlə təkcə mövsümün sonunda çempionluq və ya liqanı tərk etmək məsələsi deyil, həm də uzunmüddətli perspektivdə klubların taleyi həll olunur.

Kompleks təlim və dəstək proqramı vasitəsilə AFFA-nın Hakimlər Komitəsi hakimlərin təkcə futbol meydançasında deyil, ümümilikdə bütün tələblərə cavab verməsini təmin edir.

Yüksək liqalarda təyinat alan hakimlər yarışlarda iştirak edən idmançılar kimidir. Premyer Liqada işləmək istəyən hər kəs nüfuza, səriştəyə və təcrübəyə malik olmalı, həmçinin daim optimal fiziki formasını saxlamalıdır. Hakim qaydaları mənimsəməli və möhkəm əsəb sisteminə malik olmalıdır. İnamlı davranış tərzi və idman görünüşü hazırkı günün tələbidir. Bundan əlavə, bu günün tələblərinə cavab vermək üçün ingilis dilini yüksək səviyyədə bilmək, habelə idarəetmə bacarığına malik olmaq lazımdır.

Futbol təkcə atletik və taktiki cəhətdə dəyişməyib. Hakimlər də dəyişib”, - deyə o bildirib.

Əliyar Ağayev, Rauf Cabbarov, İnqilab Məmmədov, Rəvan Həmzəzadə kimi gənc, lakin artıq təcrübəli hakimlər də Azərbaycan Premyer Liqasının oyunlarını idarə etməkdə davam edirlər.

Şəkildə: Əliyar Ağayev

FİFA-nın birinci kateqoriyalı hakimi Əliyar Ağayev xüsusilə diqqətə layiqdir. O, mütəmadi olaraq beynəlxalq oyunlara təyinat alır, həmçinin artıq bir neçə dəfə Yunanıstan Premyer Liqasının ən prinsipial oyunlarına dəvət olunub. Aprelin 4-də o, “Panatinaikos” – PAOK oyununu (3:0) idarə edib.

Əliyarı birinci dəfə deyil ki, dəvət edirlər, bu isə o deməkdir ki, azərbaycanlı hakimin işindən məmnundurlar. Burada bir məsələni də qeyd etmək lazımdır ki, Super Liqanın oyunlarında azərbaycanlı hakimin iştirakının təmin edilməsi üçün Yunanıstan tərəfi şəxsən Azərbaycan tərəfinə müraciət edib. Yəni, təşəbbüs yunanlardan gəlib.

1news.az-a müsahibə verən azərbaycanlı hakim 2013-cü ildə FİFA kateqoriyası alarkən birinci kateqoriyalı hakimlər qrupuna yüksələcəyini və ən yüksək səviyyəli oyunları idarə edəcəyini ağlına belə gətirmədiyini bildirib. “Artıq bir il sonra məni ikinci kateqoriyaya keçirdilər. Bundan sonra düşündüm ki, niyə axı daha yuxarı kateqoriyaya yüksəlməyim? Oyunlarda birlikdə işlədiyim briqada ilə birlikdə buna nail olduq”.

Əliyar Ağayev qeyd edib ki, FIFA azərbaycanlı referilərə daha çox etimad etməyə başlayıb: “Biz bu səviyyəyə yol aça bildik. Gərək bu gün yeni hakimlərimiz də buna can atsın. Hamımız Azərbaycanı təmsil edirik. Biz bu etimadı doğrultmağa çalışmalıyıq. Bu halda, gələcək hakimlərimiz özünə daha asan yol aça biləcək.

Azərbaycanın hakimlər korpusu gəncləşib. Gənc referilər onlar üçün yaradılan imkanlardan istifadə etməli, digər tərəfdən, yollarını azmamalıdırlar. Hakimlərimizin yaşı onlara inkişaf etmək və özünə yol açmaq imkanı verir”.

33 yaşlı referi onu da bildirib ki, Azərbaycan Premyer Liqasının oyunlarını idarə etmək onun üçün psixoloji baxımdan daha çətindir: “Beynəlxalq oyunlara biz yerli çempionatda hazırlaşırıq. Premyer Liqa və avrokubok oyunları arasında, təbii ki, fərq var. Lakin avrokubokların mərhələlərindən asılı olaraq da səviyyə dəyişir. Amma psixoloji nöqteyi-nəzərindən Azərbaycan Premyer Liqasının oyunlarını idarə etmək daha çətindir”.

Azərbaycanlı hakimlərin tərəqqisi barədə danışarkən, artıq bir neçə ildir beynəlxalq oyunlara UEFA nümayəndəsi kimi təyinat alan AFFA İcraiyyə Komitəsinin üzrə Könül Mehtiyevanı qeyd etməmək olmaz.

Son illərdə UEFA bütün Avropada kişi və qadın futbol hakimliyinin eyni səviyyədə inkişaf etdirilməsi üzərində xeyli işlər görüb. Bura, oyunlara qadın nümayəndələrin təyinat alması da aiddir. Belə nümayəndələrdən biri də Könül Mehtiyevadır.

Yuxarıda deyilənləri nəzərə alaraq, qeyd etmək lazımdır ki, azərbaycanlı referilərə etimad artmaqdadır. Lakin, Əliyar Ağayevin də qeyd etdiyi kimi, hakimlərin özlərindən də çox şey asılıdır. Onlar öz üzərilərində daha çox çalışmalıdırlar. Yəqin ki, onda biz Tofiq Bəhramov və Eldar Əzimzadənin layiqli davamçılarını görə bilərik. Azərbaycanlı hakimlər dünya çempionatlarının final mərhələlərində və Olimpiya oyunlarında təyinat alacaqlar.

Paylaş:
1016

Sizin üçün xəbərlər

Son xəbərlər

Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15
Bütün xəbərlər