Kamaləddin Qafarov: “Dünya Cənubi Qafqaza yeni baxışını ortaya qoyur”
“Aprelin 13-də ADA Universitetində keçirilmiş "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfrans Azərbaycanın müəllifi olduğu yeni regional reallıqların həqiqətən də artıq bütün dünya tərəfindən qəbul edildiyini bir daha təsdiq etmiş oldu.
Ölkə Prezidenti cənab İlham Əliyev konfransda etdiyi çıxışında birmənalı olaraq qeyd etdi ki, Azərbaycan ümumi gələcək naminə konstruktiv addımlar atmağa hazırdır, lakin Ermənistan ordusu tərəfindən törədilmiş vəhşiliklər də xalqımız tərəfindən heç zaman unudulmayacaqdır. Bununla da dövlətimizin başçısı Ermənistandakı bəzi revanşist əhval-ruhiyəli qüvvələrə növbəti dəfə xəbərdarlıq mesajlarını aşkar və net şəkildə çatdırdı.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, beynəlxalq konfransın iştirakçılarına Azərbaycanın öz ərazilərini işğaldan hərbi yolla azad etməyə məhz məcbur edildiyinə dair aşkar sübutlar təqdim edilib. Konfrans iştirakçıları işğaldan azad edilmiş ərazilərə ezam olunaraq, ermənilərin orada törətdikləri bütün vəhşilikləri, eyni zamanda da ərazilərin həmişəlik işğalda saxlanmasına hesablanmış hərbi-mühəndis qurğularını öz gözləri ilə görmüşlər: “Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi bu konfransın əhəmiyyəti çox böyükdür. İlk növbədə, konfrans iştirakçıları Ermənistan ordusu tərəfindən xalqımıza, dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərin, erməni faşizminin və vandalizminin acı nəticələrini öz gözləri ilə görmüşlər və artıq heç kim bu həqiqəti dana bilməz. Bu insanlar işğaldan azad edilmiş ərazilərə etdikləri səfərləri zamanı Ermənistanın orada yaratdığı nəhəng istehkamları, müdafiə xətlərini də görmüşlər.
Artıq hər kəs etiraf etmək məcburiyyətindədir ki, rəsmi İrəvanın niyyəti münaqişənin dondurulması olub. Ermənistan münaqişənin həllini arzulamayıb. Onlar müdafiə qurğularının tikintisinə milyonlarla dollarlıq vəsait cəlb etməklə bu əraziləri həmişəlik işğalda saxlamaq istəyiblər.
Konfrans iştirakçıları Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər əldə ediblər. Azərbaycan Prezidenti cənab İlham Əliyev konfransda etdiyi çıxışında son dərəcə dəqiq vurğuladı ki, Ermənistan Birinci Qarabağ müharibəsində də müharibə cinayətləri törədib. Lakin o vaxt informasiya mühiti fərqli idi. Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu, beynəlxalq ictimaiyyətə çatmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə bildilər. Lakin bu dəfə artıq Azərbaycanı informasiya blokadasına almaq mümkün deyildi.
Vətən müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət dəfələrlə erməni barbarlığının şahidi oldu. Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın, hərbi cinayətkarlığın ən böyük göstəricisidir. Çünki bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi.
Bizim bir çox şəhər, qəsəbə və kəndlərimiz erməni vəhşiliyinin qurbanı olub. İkinci Qarabağ müharibəsi zamanı onlar beynəlxalq ictimaiyyətin gözü qarşısında bizim şəhər və kəndlərimizi ballistik raketlərlə bombalayıblar, hər gün artilleriya atəşinə tutublar. Təbii ki, bu hücumlar nəticəsiz qalmayıb və bu gün beynəlxalq konfransın iştirakçıları erməni vəhşiliyinin buraxdığı bu izləri açıq-aşkar izləmək, araşdırmaq və müvafiq fikir formalaşdırmaq imkanları əldə etdilər.”
Kamaləddin Qafarov həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin tarixi həqiqətlərin təhrif olunmasının yolverilməzliyinə dair konfransda səsləndirdiyi fikirlər gənc nəslin düzgün təlim-tərbiyəsi, vətənpərvər ruhda formalaşması və gələcəkdə hər hansı işğala yol aça biləcək səhvlərə yol verilməməsi baxımından müstəsna əhəmiyyət kəsb edir: “Möhtərəm dövlət başçımızın öz çıxışında toxunduğu tarixin təhrif olunması məsələsi son dərəcə vacib məqamlardan biridir. Bu gün bizə münaqişədən sonrakı mərhələ barədə danışıqlara başlamaq təklif olunur. Lakin bu danışıqda iştirak edəcək bütün tərəflər başa düşməlidirlər ki, bu ərazilər, bizim ərazilərimiz 30 il işğal altında qalıb. Cənab Prezidentimizin dediyi kimi, münaqişənin tarixi təhrif olunmadan xalqın yaddaşında qalmalıdır. Biz xatirələri, ailə üzvlərini itirən insanların və həmin ərazilərdə fundamental yaşamaq hüququ olan insanların bu hüquqdan məhrum edilməsini yaddaşlardan silə bilmərik. Xüsusilə gənc nəsil tarixi həqiqətləri bilməlidir. Gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilməlidir, azərbaycanlıları qətlə yetirən, soyqırımı törədən Şaumyanın və digərlərinin qatil, cinayətkar olduğunu bilməlidir. Bu faktlar qəbul edilməli, beynəlxalq səviyyədə düzgün qiymətləndirilməlidir ki, gələcəkdə insanlıq bir də belə vəhşiliklərlə üz-üzə qalmasın.”
Kamaləddin Qafarov Azərbaycanın qələbəsinin həm ölkəmizin, həm də bütöv regionun sürətli inkişafı üçün əsaslı zəmin yaratdığnı xüsusi vurğulayıb. Millət vəkili bildirib ki, Azərbaycan hər zaman qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarı olub: “Azərbaycan xalqının Qələbəsi dövlətimizin iqtisadi, siyasi gücünün, eləcədə beynəlxalq mövqelərinin artmasının məntiqi nəticəsidir. Ermənistan rəhbərliyi elə zənn edirdi ki, bizimlə 1992-ci ildəki döyüşü aparacaqlar. Lakin bu gün Azərbaycan tam fərqli, müqayisə olunmaz dərəcədə güclü bir dövlətdir. Bununla belə Azərbaycan hər zaman beynəlxalq əməkdaşlığın tərəfdarı olub. Bu şərtlə ki, beynəlxalq əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulmalıdır. Konfransda ona verilən sualları cavablandırarkən Ölkə Prezidenti cənab İlham Əliyev: “İtaliya bizim ölkəmiz üçün çox yaxın tərəfdaşdır” – deməklə, digər Avropa ölkələrini ermənipərəst qüvvələrin təsirindən çıxmağa dəvət etdi. Həmçinin öz çıxışında dövlətimizin başçısı bu məqamı da xüsusi olaraq vurğuladı ki, qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar. Azərbaycan hökuməti regionun gələcəyini, nəqliyyat, logistika, enerji əməkdaşlığı, ticarət və s. ilə bağlı layihələrin necə ola biləcəyini qonşu ölklərlə müzakirə edir. Azərbaycan beynəlxalq iqtisadi əməkdaşlıq çərçivəsində nəqliyyat layihələrin inkişafına xüsusi diqqət ayrılmasını təklif edir. Azərbaycanın qələbəsi ölkənin yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Qarabağ iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacaq.”