“Heç nə düşünmədən şirin qabağına atıldım” - Dəhşətli olayın qəhrəmanı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Heç nə düşünmədən şirin qabağına atıldım” - Dəhşətli olayın qəhrəmanı - FOTO

17:56 - 19 / 04 / 2021
“Heç nə düşünmədən şirin qabağına atıldım” - Dəhşətli olayın qəhrəmanı - FOTO

-Təşəkkür edirik, cavan oğlan. Belə oğula görə çox sağ ol, Azərbaycan xalqı;

-Əziz qardaşımız, sən özün bir şirsənmiş;

-Afərin. Başqa cür necə ola bilərdi? Axı o azərbaycanlıdı;

-Sən əsil kişisən...

1news.az lent.-az-a istinadən xəbər verir ki, bu sözləri ukraynalılar yazırlar sosial şəbəkələrdə. Azərbaycanlı, əslən Sabirabaddan olan Raqif haqqında. O Raqif ki bir anın içində etdiyi hərəkətlə Ukraynada günün mövzusuna çevrilmişdi.

Bayaq dedik, əslən Sabirabaddandı. Yolçubəyli kəndindən. Uzun müddət Ukraynada, Kiyevdə yaşayıb. Özünə kiçik biznes qurub. Evlənib, iki uşağı da var.

Elə hadisə də Kiyevdə baş verib.

Şəhər kənarındakı Brovarı stansiyasında elektrik qatarı gözləyirmiş. Əslində təsadüf onu Brovarıya aparıb çıxarıbmış. Bir yaxın dostu stansiyanın yaxınlığında meyvə-tərəvəz satışıyla məşğul olurmuş. Onu görməyə gəlibmiş.

Yaxşısı odur ki, ardını qoy özü danışsın:

- Bir az dərdləşdik dostumla. Sağollaşıb stansiyaya tərəf getdim. Çünki bir azdan elektrik qatarı gələcəkdi. Əslində bura gələndə də, çıxıb gedəndə diqqətimi səyyar sirk ustaları cəlb etmişdi. Stansiyanın yaxınlığında bir neçə yerdə alabəzək çadırlar qurmuşdular. Görünür elə ətrafdakı meydanda da çıxış edirdilər. Düzü, ürəyim istədi ki, qalım tamaşalardan birinə baxım. Amma şəhərdə işim vardı, mütləq qayıtmalıydım.

Amma Raqifin hardan ağlına gələrdi ki, o, həmin gün Kiyevə gedə bilməyəcək. Çünki elə bir hərəkət edəcəkdi ki...

- Mən haradasa əlli metr uzaqlıqda idim. Sirkin çadırlarının bir tərəfində volyerlər vardı. Müxtəlif heyvanların saxlandığı volyerlər. Amma maraqlısı odur ki, volyerlərin çərçivələri çox aralıydı. İnsanlar səyyar kassaya yaxınlaşıb bilet alır, tamaşanın başlanmasını gözləyirdilər. Bir gənc ana da iki uşağıyla bilet alıb gözləyirmiş. Bu vaxt onun oğlu anasının diqqətindən yayınıb nəhəng bir şirin olduğu volyerin içinə girmişdi. Mən dəhşətli qışqırıq səsinə diksindim. Bir də gördüm ki...

Hə, bir də görür ki, həmin nəhəng şir necə deyərlər, göydəndüşmə qurbanını artıq pəncəsinin altına alıb.

- Çox dəhşətli səhnə idi. Uşağın başı artıq şirin ağzındaydı. Hər an qopara bilərdi. Mən düşünmədən ora qaçdım. Ətrafda ələ götürüləsi heç nə yox idi. Volyerin kənarında daş parçasını gördüm. Qapısını açıb içəri girdim. Başladım daşla şirin başına-başına vurmağa. Ağır zərbələrdən şir uşağın başını buraxdı. Bu dəfə mənə tərəf çevrildi. Daş da əlimdən düşdü. Yox, qorxudan yox, sadəcə sürüşüb düşdü. Amma özümü itirmədim. Volyerin böyründə çadır qurmaq üçün taxtalar var idi. Birini əlimə alıb tullandım şirin qabağına və bu dəfə əlimdəki taxtayla onu vurmağa başladım. Şir də sakit durub mənim onu vurmağıma baxmırdı. Bir neçə dəfə pəncə də atdı, amma yayına bildim.

Bayaq dedim, şir çox böyük idi. Hər an üstümə tullana bilərdi, parçalayardı. Biz onunla bir neçə dəqiqə necə deyərlər, savaşdıq. Amma təlimçi özünü yetirməsəydi, vəziyyət yaxşı olmaycaqdı.

Raqif deyir ki, nəinki bir dəqiqə, 30 saniyə geciksəydi, o uşağı xilas edə bilməyəcəkdi.

- Təsəvvür edin, uşağa demək olar ki, heç nə olmamışdı. Bir-iki yerdən üzü cızılmışdı azacıq. Heç ağlamırdı da. Bilirsinizmi niyə? Çünki baş verənlərin şokundan hələ ayılmamışdı.

Xüsusi təyinatlı qüvvələrdə xidmət edib Raqif Qasımov. Deyir, çevik hərəkətlər etməyi, şirin ona zədə verməsinə imkan yaratmamağı da elə bu qüvvələrdə yaranan vərdişlərlə bağlıdır. Elə qorxu hissinin olmaması da.

Baş verən hadisədən sonra Ukraynanın bir neçə telekanalı ondan, onun bu hərəkətindən süjetlər hazırlayıb.

- Azərbaycan telekanalları da müraciət etdilər, dəfələrlə dəvət aldım. Amma istəmədim. İlk sizə danışıram o hadisəni. Çünki mən bunu uşağa görə etdim. Həmin an bəlkə də kim olsa, mənim etdiyimi edərdi. Bir anlıq oldu hər şey. Tək düşündüyüm uşağı xilas etmək idi.

Bəs Raqif baş verənlərdən sonra o uşağı görübmü? Deyir ki, yox, heç maraqlanmadım da.

- Yəqin valideynləri, özü telekanallarda mənimlə bağlı süjetlərə baxıblar. Məni arayıb-axtarmadılar. Əslində bunu ummurdum da. Əsas odu, o, sağdı.

Hə, o! Raqif o uşağın heç adını belə bilmir axı...

1news.az

Paylaş:
359

Son xəbərlər

NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00Qubada paraşütçü ölübBu gün, 09:36AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11
Bütün xəbərlər