Oxçuçay təhlükəli səviyyəyədək çirkləndirilib: Almaniyanın CRONIMET şirkəti Qarabağın ekologiyasına təhdid yaradır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Oxçuçay təhlükəli səviyyəyədək çirkləndirilib: Almaniyanın CRONIMET şirkəti Qarabağın ekologiyasına təhdid yaradır – FOTO

10:38 - 29 / 04 / 2021
Oxçuçay təhlükəli səviyyəyədək çirkləndirilib: Almaniyanın CRONIMET şirkəti Qarabağın ekologiyasına təhdid yaradır – FOTO

Mənbəyini Ermənistan ərazisindən götürən və Azərbaycan ərazisindən də axan Oxçuçay sənaye tullantıları ilə o qədər çirkləndirilib ki, həm suvarma üçün yararsız hala gəlib, həm də burada balıqların kökü kəsilib.

Ermənistanın mədənçıxarma sənayesində aktiv şəkildə iştirak edən Almaniyanın CRONIMET şirkəti ekoloji standartlara sadiqliyini açıq şəkildə bəyan etsə də, fəaliyyətinin ekoloji fəsadlarını nəzərə almır.

Ümumi uzunluğu 83 kilometr olan Oxçuçayın əsas hissəsi Ermənistanın Sünik vilayətinin (tarixi Azərbaycan torpağı olan Zəngəzurun), kiçik bir hissəsi isə Azərbaycanın işğaldan azad olunmuş Zəngilan rayonunun ərazisinə düşür.

Bu çayın çirklənmə səviyyəsi Azərbaycan üçün son dərəcədə böyük əhəmiyyət kəsb edir, belə ki, Oxçuçay Cənubi Qafqazın ikinci ən uzun çayı olan Araza tökülür. Kür çayının ən böyük sağ qolu olan Araz çayı Azərbaycan ərazisində kənd təsərrüfatına yararlı sahələrin suvarılması baxımından çox böyük əhəmiyyət kəsb edir. Lakin bu çaydakı suyun keyfiyyətini nəzərə aldıqda, ondan məişətdə və kənd təsərrüfatında istifadə olunması son dərəcə mənfi fəsadlara səbəb ola bilər.

Əvvəl işğal altında olan ərazilərin, xüsusilə də Zəngilan rayonunun azad edilməsi nəticəsində Azərbaycan ekoloqlarının yerli çaylara çıxışı təmin olunub. Yanvar-mart ayları aralığında Oxçuçaydan götürülmüş su nümunələri üzərində aparılan analizlərin nəticələrinə görə çayda mis, molibden, manqan, dəmir, sink, xrom kimi ağır metalların miqdarının çox olduğu məlum olub.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin verdiyi məlumata görə, bu çayda nikelin miqdarı normadan 7, dəmirin 4, mis-molibdenin isə 2 dəfə artıqdır. Müxtəlif günlərdə Oxçuçayın suyu gah ağ, gah da sarı rəng alır. Mart ayında Oxçuçay hövzəsində farel balıqlarının kütləvi məhv olması qeydə alınıb.

Ağır metal tərkibinin yüksək olması təkcə çay faunasını məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcədə təhlükəlidir. Belə sudan istifadə həzm pozuntuları, böyrəklərdə və sümük toxumasında destruktiv proseslərdan tutmuş orqanizmin ürək-damar, əsəb və və qan dövranı sistemlərinin xəstəlikləri kimi çox zərərli fəsadlara səbəb ola bilər.

Ağır metal duzlarının böyük hissəsi ətraf mühitə çıxarma və emal müəssisələrinin tullantıları vasitəsilə düşür. Bu isə Voxci çayının (Oxçuçayın ermənicə adı) mənbəyinin yerləşdiyi Sünik vilayəti ərazisində fəaliyyət göstərən Ermənistanın ən böyük mədənçıxarma müəssisələrindən birinin ilkin təmizləmə işləri aparmadan istehsalat tullantılarını birbaşa çaya buraxmaqla, ekoloji standartlara riayət etmədiyini düşünməyə əsas verir.

Söhbət Ermənistanın ən əsas mədənçıxarma müəssisələrindən biri olmaqla, mis və molibden konsentratları istehsal edən Zəngəzur mis-molibden kombinatından gedir.

Foto: Oxçuçay, 2021-ci ilin yanvar-mart ayları

Çayın acınacaqlı vəziyyətini və Zəngəzur mis-molibden kombinatının bu məsələdə mühüm rol oynadığını erməni ekoloqların monitorinqləri də sübut edir.

Məsələn, 2017-ci ildə Sünikdə rayonun dağ-sənaye ərazilərinin su obyektlərinin ekoloji vəziyyətinə dair qiymətləndirmə həyata keçirilmişdi. Qiymətləndirmə Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin V.B.Soçava adına Coğrafiya İnstitutunun mütəxəssislərinin köməyi ilə Ermənistanın Təhsil və Elm Nazirliyinin Milli Təhsil İnstitutu tərəfindən həyata keçirilmişdi. Suyun keyfiyyətinin qiymətləndirilməsi Avropa Birliyinin Su Çərçivə Direktivinin metodologiyasına uyğun aparılmışdı.

Yoxlama göstərmişdi ki, fəaliyyətdə olan mədənin ərazisindən səth suları və qrunt suları vasitəsilə çirkləndirici maddələrin, habelə Zəngəzur mis-molibden kombinatının çirkab sularının axıb gəlməsi nəticəsində Kacaran şəhərindən aşağıda suyun keyfiyyəti II sinifdən IV sinfə düşür. Ağır metal tərkibinin yüksək olması və kombinat tərəfindən çaya buraxılan su həcminin artırılması nəticəsində Oxçuçayın özünütəmizləmə və bərpa etmə potensialı aşağı enir.

Tədqiqatda göstərilir ki, çayın ağır metallarla yüksək çirklənməsi aşağı axarda da qorunub saxlanılır. Oxçuçayın aşağı axarı üçün suyun tərkibində sulfat, kalium və natrium ionlarının çox olması səciyyəvidir. Burada suyun keyfiyyəti III və IV siniflərədək aşağı düşür.

CRONIMET şirkəti haqqında

Zəngəzur mis-molibden kombinatı bir neçə şirkətin mülkiyyətindədir. Kombinatın səhmlərinin böyük hissəsi Almaniyanın “CRONIMET Mining AG” (60%) şirkətinə məxsusdur. Kombinatın digər sahibkarları olan az tanınan yerli şirkətlər əhəmiyyətli səhm payına malik deyillər.

Onlardan “Təmiz qızıl zavodu” ASC 15%, “Armenian Molybdenum Production” və “Zangezur Mining” hərəyə 12,5% səhmlərə sahibdir. Səhmlərin 0,335%-i isə minoritar səhmdarlara məxsusdur.

Beləliklə, CRONIMET şirkəti mis və molibden ehtiyatlarına görə Qafqazın ən böyük mədəni olan Kacaran mədənini idarə edir. Mütəxəssislərin hesablamalarına görə, Kacaranda 1 milyard tondan çox filiz ehtiyatı mövcuddur. Gündəlik olaraq, buradan 24 min ton filiz və 5-6 min kubmetr boş süxur hasil edilir. Filizin tərkibinin 0,055%-ni molibden, 0,21%-ni mis təşkil edir.

Zəngəzur kombinatı Ermənistanın əsas vergi ödəyicisidir. 2012-ci ilin nəticələrinə əsasən, şirkət Ermənistanın 1000 ən böyük vergi ödəyicisi siyahısına başçılıq etmişdi. Həmin ilin yanvar-dekabr ayları ərzində şirkət dövlət büdcəsinə 31,7 milyard dram (60,9 milyon ABŞ dolları) vergi ödəmişdi. 2011-ci ilin analoji dövrü ərzində isə büdcəyə 29,8 milyard dram (57,2 milyon ABŞ dolları) vergi ödənilmişdi.

Şəkildə: Kacaran mis-molibden yatağı

1980-ci ildə Almaniyanın Karlsrue şəhərində əsası qoyulmuş CRONIMET HOLDING faydalı qazıntı və metal hasilatı, emalı və təkrar emalı, paslanmayan polad istehsalı üçün xammalın logistikası, ticarəti və daşınması ilə məşğul olur. 2018-ci ilin məlumatına görə, şirkətin illik dövriyyəsi 2,8 milyard ABŞ dolları təşkil edib.

CRONIMET qrupunun şirkətləri Polşa əsilli alman ailəsi olan Pilarskilərə məxsusdur. Şirkətin idarəçi tərəfdaşı 83 yaşlı Günter Pilarskidir. O, şirkət yaradılandan bu yana 40 ildir ki, bu vəzifəni tutur. Onun rəhbərliyi altında CRONIMET paslanmayan polad üçün xammalın təkrar emalı üzrə Avropanın ən qabaqcıl şirkətlərindən birinə çevrilib. 2005-ci ildə Pilarski CRONIMET şirkətlər qrupunun inkişafında daha bir əhəmiyyətli hadisəyə imza ataraq, “CRONIMET Mining AG”-nin əsasını qoyub.

Şirkət 1996-cı ildən etibarən Ermənistanın mədənçıxarma sektorunda təmsil olunur. 2004-cü ildə isə Zəngəzur mis-molibden kombinatı özəlləşdirilərkən “CRONIMET Mining AG” müəssisənin səhmlərinin 60%-nə sahib olub.

CRONIMET şirkətinin Ermənistanın siyasi rəhbərliyi ilə əlaqələri

CRONIMET şirkəti Afrikadan tutmuş Asiyayadək onlarla ölkədə təmsil olunsa da, Günter Pilarski Ermənistanla sıx əlaqələrini və dostluğunu gizlətmir. O təkcə uzun illərdir Ermənistanda biznes fəaliyyəti ilə məşğula olaraq onun rəhbərləri ilə dostluq etmir, həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafındakı xidmətlərinə görə 2006-cı ildən etibarən Ermənistanın Baden-Vürtemburq torpağında fərxi konsuludur. Bu barədə məlumat şirkətin öz saytında təqdim olunub.

Elə həmin il Pilarski “Jocelyn & Günter Pilarsky Foundation” fondunun əsasını qoyub. Maraqlıdır ki, ehtiyacı olan uşaqlara yardım layihələrinə dəstək verilməsi ilə məşğul olan bu fond dünyanın yalnız 2 ölkəsində - Filippində və … əlbəttə ki, Ermənistada fəaliyyət göstərir.

Günter Pilarski həm də “Karlsruhe SC” futbol klubunun vitse-prezidenti və sponsorudur. 2020-ci ilədək klubun prezidenti Almaniya parlamentində XDİ/XSİ fraksiyasının üzvü İnqo Vellenroyter olub. Pilarskinin Vellenroyterin siyasi əlaqələrindən istifadə etdiyi güman edilir.

Bu yaxınlarda ABŞ-ın nüfuzlu “The USA Tribune” nəşri Ermənistan tərəfindən Almaniyada pulla ələ alınmış lobbiçilərin siyahısını dərc edib. Bu siyahıda Günter Pilarskinin də adı var. Məqalədə qeyd olunur ki, 2020-ci ilin payızınadək erməni lobbi təşkilatlarının rüşvətxor siyasətçilərin ələ keçirilməsi ilə məşğul olduqları əsas ölkə Almaniya olub.

Böyük iş adamları olan Ermənistanın Almaniyadakı fəxri konsullarının digər erməni lobbiçilərini və onların alətlərini maliyyələşdirməsi də istisna olunmur.

Şəkildə: Günter Pilarski

2019-cu ildə Ermənistanın “Civilnet” nəşrində dərc olunmuş araşdırma məlumatları da CRONIMET rəhbərliyinin Ermənistanın siyasi rəhbərliyi ilə sıx əlaqələrini sübut edirdi. Araşdırmada qeyd olunurdu ki, üçüncü şəxslər vasitəsilə Zəngəzur mis-molibden kombinatının gizli ortaq sahibi Ermənistanın Vatikandakı keçmiş səfiri və sabiq prezident Serj Sarqsyanın kürəkəni Mikael Minasyandır.

Həmin Serj Sarqsyan ki, 1980-ci illərin sonlarında Qarabağda separatçı hərəkatın banilərindən olub və 2008-2018-ci illər aralığındakı 10 illik hakimiyyəti dövründə Qarabağın nəzarət olunmayan ərazilərindən milyardlar qazanaraq öz doğma ölkəsini acınacaqlı iqtisadi vəziyyətə gətirib çıxarıb.

Zəngəzur kombinatının direktoru Mqer Poloskov, təbii ki, bu məlumatı təkzib edərək, jurnalistlərə Minasyanın müəssisədə paya sahib olmadığını bildirib. Buna baxmayaraq, CRONIMET şirkətinin Ermənistandakı sərbəst vəziyyəti və Almaniyadan çox uzaqda yerləşən regionun ekologiyası hesabına böyük pullara qənaət etməklə keyfiyyət standartlarına laqeyd yanaşmaq imkanı “Civilnet” nəşrində dərc olunmuş məlumatın böyük ehtimalla həqiqəti əks etdirdiyinə inanmağa əsas verir.

“Yaşıllar” AFR-də hakimiyyətə gəlir - CRONIMET Qafqazda çayı “öldürür”

Dünyanın onlarla ölkəsində işləyən CRONIMET şirkəti özünün veb-səhifəsində keyfiyyət, effektivlik, təhlükəsizlik standartlarına, habelə beynəlxalq səviyyədə fəaliyyət göstərən hörmətli bir şirkətin riayət etməli olduğu hər şeyə sadiqliyi barədə bəyan edir.

2018-ci ilin noyabr ayında Günter Pilarski ilə görüşü zamanı (həmin vaxt Ermənistanın baş naziri vəzifəsinin icrasına yenicə başlamış) Nikol Paşinyan şirkətin ölkədə fəaliyyət göstərməsini alqışlamış və Ermənistanda işləyən mədənçıxarma müəssisələrinin həm ekoloji standartlara, həm də iş standartlarına riayət etmələrinin vacibliyini vurğulamışdır.

Pilarski də, öz növbəsində, Paşinyanın qeyd etdiyi standartların vacibliyini təsdiq etmiş və qeyd etmişdi ki, şirkəti daim öz fəaliyyətində effektivliyin artırılması üzərində çalışır.

Amma Oxçuçaydan götürülmüş su nümunələri bunun əksindən xəbər verir...

Şəkildə: Günter Pilarski Nikol Paşinyanla görüşdə, 2018-ci ilin noyabr ayı

Tərəfdaş ölkənin – indiki halda Ermənistanın mədənçıxarma sektorunda uzun illər ərzində ekoloji standartlara bu cür laqeydlik, təbiətin müdafiəçisi kimi çıxış edən “Yaşıllar” partiyasının getdikcə daha çox məşhurluq qazandığı Almaniyada fəaliyyət göstərən ekoloji təşkilatları narahat etməyə bilməz.

Almaniya KİV-lərinin yazdığına görə, “Yaşıllar” partiyasının həmsədri Annalena Berbok (Annalena Baerbock) Almaniyanın yeni kansleri olmaq üçün bütün şanslara malikdir. Bu ilin sentyabrında Bundestaqa keçiriləcək seçkilərdə o, öz partiyasından hökumət başçısı vəzifəsinə namizəd olacaq.

Almaniyada keçirilən sorğulara əsasən, “Yaşıllar” sabit şəkildə ikinciliyi əldə saxlayaraq, hakim mühafizəkar XDİ/XSİ blokundan cəmi 3-5% bənd geri qalırlar.

Ümid etmək istərdik ki, “Yaşıllar” partiyası təkcə Avropa Birliyi ölkələrində ekoloji standartlara riayət olunmasına diqqət yetirməyəcək, həmçinin bir alman şirkətinin Cənubi Qafqazdakı məsuliyyətsiz fəaliyyətinə də diqqət ayıracaq.

Yelena Ostapenko

Paylaş:
3441

Son xəbərlər

Bütün xəbərlər