“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın buraxılması dövrün tələblərinə cavab verir” - Deputat
Vətən Müharibəsindən sonra yaranmış yeni reallıqda “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” və “Dağlıq Qarabağ bölgəsinin erməni icması” anlayışları öz aktuallığını və ictimai əhəmiyyətlərini itirib.
Bütün bunları nəzərə alaraq, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi 30 aprel 2021 ci il tarixdə iclas keçirərək, təşkilatın buraxılmasına qərar verilib.
Bəyanatda bildirilib ki, bundan sonrakı fəaliyyətimizi Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi və əzəli torpaqlarımıza böyük qayıdışın uğurla başa çatdırılmasına, Qarabağımızın dirçəldilməsinə yönəldəcəyik.
Bu missiyanı dəstəkləmək üçün “Qarabağa dönüş” adlı ictimai birliyin yaradılması bəyan edilib.
Yaradılacaq bu ictimai birliyin əhəmiyyəti nələrdən ibarət olacaq?
Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni reallıq yaradıb:
“Artıq biz öz torpaqlarımızı işğaldan azad etmişik və yaxın vaxtlarda bütün Qarabağda böyük qayıdışa hazırlaşırıq. Bu baxımdan da hazırkı dövrdə qarşıda duran prioritet məsələlərdən biri qayıdışa hazır olmaq və qayıdışda iştirak etməkdir. Artıq biz yeni bir mərhələyə qədəm qoymuşuq. Bu mərhələ ondan ibarətdir ki, tez bir zamanda o torpaqlara qayıtmalıyıq. Bu prosesdə bütün təşkilatlar aktiv iştirak etməlidir. Ümumilikdə götürdükdə isə bu yeni missiyadır. Hesab edirəm ki, mövcud reallıq nəzərə alınaraq “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin buraxılması dövrün tələblərinə cavab verir. Biz işğaldan azad olunmuş torpaqlarımızdakı bütün tarixi, mədəni abidələrimizi bərpa edəcəyik, “ağıllı kəndlər”, “ağıllı şəhərlər” salacağıq”.
Deputat qeyd edib ki, sözügedən təşkilat qayıdış prosesində də aktiv iştirak edəcək:
“Bütövlükdə bizim hamımız qayıdış prosesinə hazırlaşırıq ki, insanlarımız tezliklə o bölgələrə qayıtsın. Hesab edirəm ki, bu dövrdə belə bir addım atmaq xüsusi önəm daşıyır. İcmanın kifayət qədər təcrübəsi, əlaqələri var. Qarabağa dönüş prosesində, eləcə də Qarabağın dirçəldilməsində bu təşkilatın yeri olacaq, tezliklə o yerlərə qayıdıb oranı dünyanın ən abad, ən gözəl yerlərindən birinə çevirəcəyik”.
C.Məmmədovun sözlərinə görə, İcma indiyədək öz fəaliyyətini uğurla yerinə yetirib:
“Bu dövrü, ümumilikdə Qarabağda baş verən hadisələri iki mərhələyə bölə bilərik – İkinci Qarabağ müharibəsinə qədər olan və İkinci Qarabağ müharibəsindən sonrakı mərhələ. Hesab edirəm ki, bu dönəmdə icma kifayət qədər aktiv fəaliyyət göstərib, Azərbaycan həqiqətlərinin, erməni vəhşiliyinin dünyaya çatdırılmasında istiqamətində işlər görüb. Biz bunu icmanın keçirdiyi tədbirlərdə, sosial şəbəkələrdəki fəaliyyətindən, mətbuatda gedən məlumatlardan açıq hiss etmişik. İcma öz fəaliyyətini uğurla yerinə yetirib, növbəti mərhələdə də uğurla yerinə yetirəcəyinə inanırıq”.