Sevinc Fətəliyeva: Builki 28 May - Respublika Gününü daha yüksək əhval-ruhiyyədə və qürurla qeyd edirik
“Azərbaycan əlamətdar tarix ərəfəsindədir. Ölkəmiz öz müstəqilliyinin 30-cu ilini qarşılamağa hazırlaşır. Respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edərək tarixi nailiyyətlər qazanır.
Xarici ölkələrin və beynəlxalq təşkilatların rəhbərlərinin 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları ünvanlamaları respublikamızın və onun Liderinin beynəlxalq miqyasda nüfuzunun artmasını əyani şəkildə təsdiqləyir”.
1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycan müstəqilliyinin 30-cu ilinə yalnız regionda deyil, ümumilikdə dünyada çəkisi və rolu artan, bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, öz milli maraqlarının müdafiəsində və tarixi ədalətin bərpa edilməsində uğur qazanmış dövlət kimi daxil olur. 30 illik müstəqillik tarixində respublikamız həyatın bütün sahələrində möhtəşəm uğurlara imza atıb. Ötən dövrdə Azərbaycanın özünün iqtisadi müstəqilliyini tam təmin etməsi böyük nailiyyətdir. 30 il ərzində milli iqtisadiyyatımız 3 dəfədən çox genişlənib ki, bu da bütün dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Qısa müstəqillik tarixində ölkəmiz güclü iqtisadi zəmin üzərində həmçinin özünün siyasi müstəqilliyini təmin edib. Son 18 ildə Prezident İlham Əliyev bütün səviyyələrdə ölkəmizin milli maraqlarını qətiyyətlə qoruyub. Dünyada nüfuzu getdikcə artan Azərbaycan beynəlxalq münasibətlərdə önəmli rol oynayır, qlobal iqtisadi və humanitar layihələrdə liderlik keyfiyyətləri nümayiş etdirir.
Millət vəkilinin sözlərinə görə, 28 May - Respublika Günü münasibətilə Azərbaycanın dövlət başçısının ünvanına gələn məktublardan da göründüyü kimi, hazırda dünya ölkələri müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlığa böyük önəm verirlər. Məsələn, ABŞ Prezidenti Co Baydenin məktubunda ötən il Cənub Qaz Dəhlizinin işə salınması, bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənilməsinə dair Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfə xüsusi olaraq diqqətə çatdırılıb. ABŞ-ın dövlət başçısı Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubunda respublikamızın NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyi yüksək dəyərləndirib.
“Azərbaycan özünün milli maraqlar üzərində qurulan siyasətini daim qlobal miqyasda meydana çıxan aktual çağırışlarla əlaqələndirir. Bu baxımdan, ölkəmizin, şəxsən Prezident İlham Əliyevin qlobal pandemiya şəraitində irəli sürdüyü bir sıra təşəbbüslər də təqdirəlayiqdir. Əlamətdar haldır ki, Azərbaycanın qlobal pandemiya şəraitində beynəlxalq həmrəyliyin gücləndirilməsini hədəfləyən təşəbbüsləri bütün dünyada böyük rəğbətlə qarşılanıb. Azərbaycan COVID-19-a qarşı milli səviyyədə ciddi mübarizə apardığı kimi, qlobal həmrəyliyin güclənməsinə də öz töhfələrini verdi. Ən əsas odur ki, müstəqil Azərbaycan uzun illərdən sonra öz ərazi bütövlüyünü bərpa etdi, işğalçıları öz torpaqlarından qovdu. Ona görə də, biz builki 28 May Respublika Gününü daha yüksək əhval-ruhiyyədə və qürurla qeyd edirik. Əminik ki, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz gələcəkdə də yeni-yeni zəfərlərə, nailiyyətlərə imza atacaq”,-deyə S.Fətəliyeva vurğulayıb.