Ekspert: "Bu il neftin orta qiyməti 65 dollardan aşağı olmayacaq"
Post-COVID dövründə ölkə iqtisadiyyatlarının böyüməsini və enerjiyə olan tələbatın artımını nəzərə alaraq, bu il neftin bir barelinin orta qiymət 65 ABŞ dollarından az olmayacaq.
Bu barədə "APA-Economics"ə Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji sahəsi üzrə ekspert İlham Şaban bildirib.
Onun sözlərinə görə, orta qiymətin qeyd olunan səviyyədə olmasına yay aylarında enerjiyə tələbatın artması da öz təsirini göstərəcək.
İ. Şaban xatırladıb ki, ötən il neftin orta qiyməti 42 dollara bərabər idi. 2020-ci ilin noyabr-dekabr aylarında 2021-ci il üçün neftə olan orta qiymət 47-48 dollar olacağı proqnozlaşdırılmışdır. Korrektə edildikdən sonra isə bu göstərici üzrə proqnoz 10 dollar artırılaraq 57-58 dollara çatdırılmışdır.
"Yay aylarında enerjiyə olan tələbatı və ondan sonra post-COVID dövründə ölkə iqtisadiyyatlarının artımını nəzərə alaraq, hesab etmək olar ki, neftin orta qiyməti cari il üçün 65 dollardan aşağı olmayacaq", - deyə ekspert qeyd edib.
İ. Şaban onu da əlavə edib ki, neftin qiymətinin dünya bazarında iyun ayından 70 dollardan yuxarı həddə çatması və bu həftənin əvvəlindən 75 dolları keçməsi bir sıra amillərlə bağlıdır. Bu amillərin əsası həm OPEC-in, həm də Beynəlxalq Enerji Agentliyinin (BEA) cari ilin ikinci yarısı üçün dünya bazarında neftin qıtlığı ilə bağlı hazırladıqları hesabatlardı: "Bunun fonunda bazar iştirakçılarında qiymət artımı ilə bağlı olduqca yüksək əhval-ruhiyyə yarandı".
İ. Şabanın sözlərinə görə, bu həftə neft qiymətlərinin 75 dollar həddini keçməsi Şimal Yarımkürəsində anomal istilərlə əlaqəlidir. Rusiyada, bir sıra Avropa ölkələrində, Yaxın Şərqdə yüksək temperatur göstəriciləri müşahidə olunur, bu da enerjiyə böyük tələbatın yaranması deməkdir.