Parlament nümayəndə heyəti Macarıstanda səfərdədir
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti iyunun 28-dən iyulun 1-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində rəsmi səfərdə olacaq.
Parlamentdən 1news.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclis Sədrinin birinci müavini, Macarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Kamilə Əliyeva, Elman Nəsirov, Asim Mollazadə, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Səfər çərçivəsində Milli Məclisin sədrinin ölkənin Baş naziri, Milli Assambleyanın sədri və Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə parlamentlərarası əlaqələrin bugünü, gələcək inkişaf istiqamətləri və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılacaq.
Burada Milli Məclisin sədri Türk Şurasının Budapeşt nümayəndəliyinin ofisində, Diplomatik Akademiyada olacaq, məruzə ilə tədbir iştirakçıları qarşısında çıxış edəcək.