Prezident Administrasiyasının rəhbəri Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı ilə görüşüb
İyulun 8-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev ölkəmizdə səfərdə olan Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub, Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu bildirilib.
Avropa İttifaqı ilə Azərbaycan arasında nəqliyyat, yaşıl enerji, rəqəmsal texnologiyalar, elm, təhsil və digər sahələr üzrə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. İşğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə, bərpa və yenidənqurma işlərində Avropa İttifaqının Azərbaycanı dəstəkləməyə hazır olduğu vurğulanıb.
Görüşdə TAP layihəsinin əhəmiyyəti qeyd olunaraq, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rol oynadığı bildirilib.