İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxış edib – VİDEO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxış edib – VİDEO – YENİLƏNİB

S.Xankişiyeva16:11 - 13 / 07 / 2021
İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxış edib – VİDEO – YENİLƏNİB

İyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransı keçirilib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli nazirlər.

Hörmətli tədbir iştirakçıları.

Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin aralıq konfransının bütün iştirakçılarını salamlayıram.

Bu il biz BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi təsisat olan Hərəkatımızın yaradılmasının 60 illiyini qeyd edirik. Qoşulmama Hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından, mürəkkəb qlobal çətinliklər Hərəkatımızın əhəmiyyətini daha da artırıb.

Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur. Bu səbəbdən 10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazandı. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik bizə həvalə edildi.

2019-cu ilin oktyabr ayında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil etdi və biz sədrliyi öz üzərimizə götürdük. Zirvə görüşündəki çıxışımda vurğulamışdım ki, Azərbaycan beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atacaq.

Azərbaycan özünün sədrliyi dövrü üçün müfəssəl və ambisiyalı fəaliyyət planı qəbul etmişdi. Təəssüf ki, COVID-19 pandemiyası dünyanı bürüdü, yeni reallıqlar və çətinliklər yaratdı. Lakin biz yeni vəziyyətə çevik və adekvat reaksiya verə bildik. Biz səylərimizi pandemiyanın yaratdığı misilsiz çətinliklərə qarşı Hərəkatın beynəlxalq səviyyədə səmərəli və birgə cavabının formalaşdırılması üzərində cəmləşdirdik.

Bu baxımdan, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib. Biz Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürdük və 2020-ci il mayın 4-də həmin tədbiri təşkil etdik. Təmas Qrupunun dünyanın müxtəlif regionlarını təmsil edən üzvləri ilə yanaşı, onlayn Zirvə görüşündə BMT-nin Baş katibi, BMT Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı Komissiyasının sədri, Avropa İttifaqının Ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti də iştirak etdilər.

Qoşulmama Hərəkatının onlayn Zirvə görüşünün praktiki nəticəsi olaraq, Hərəkata üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradıldı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv ölkələrin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün həmin məlumat bazasını istinad mənbəyi kimi istifadə edir.

Zirvə görüşü zamanı mən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsini təklif etdim. Ümumilikdə həmin təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəkləndi və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya baş tutdu.

Azərbaycan pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dollar həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub.

Qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi” narahatlıq doğurur. Azərbaycan ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınayıb. Bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb, azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur.

Bu məsələyə münasibətdə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib. Bununla yanaşı, biz hər fürsətdə, inkişaf etmiş ölkələri və beynəlxalq donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etməyə çağırırıq.

Çətinliklərin bir-biri ilə sıx əlaqəli olduğunu nəzərə alaraq, Azərbaycanın sədrliyi ilə səhiyyə və əmək nazirlərinin onlayn toplantıları keçirilib, kommunikasiya və təhsil nazirlikləri kimi digər sahəvi nazirliklər səviyyəsində də görüşlərin keçirilməsi nəzərdə tutulub.

Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə aldığı mandata əsasən, Azərbaycan sədr qismində təşkilat üzrə gənclərin institusional şəbəkəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirir. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin əməkdaşlığının parlamentlərarası istiqamətini də inkişaf etdirmək niyyətindədir.

Bakı Zirvə görüşündəki çıxışımda vurğulamışdım ki, Qoşulmama Hərəkatının digər təsisatlarla dialoqunun inkişaf etdirilməsi və əməkdaşlığın coğrafiyasının genişləndirilməsi Azərbaycanın sədrliyinin prioritetləri sırasında olacaq. Məmnunluqla qeyd edirəm ki, Azərbaycan sədrliyi dövründə digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq olub. Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının yuxarıda qeyd olunan onlayn Zirvə görüşündə iştirak ediblər. Daha sonra Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyib. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir.

Azərbaycan Qoşulmama Hərəkatının vahid səsini ucaldaraq, Hərəkatın maraqlarını bütün mümkün beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkatın mövqeyinin və nüfuzunun gücləndirilməsi sahəsində birgə səylər göstərməkdə davam edəcək.

Hərəkat COVID-19-dan sonrakı dövr üçün də güclü, əlaqəli və məqsədyönlü addımlar atmalıdır. Bu mənada pandemiyadan sonra bərpa mərhələsinə dair fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin müəyyən edilməsi baxımından Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksəksəviyyəli iclasının keçirilməsi faydalı ola bilər. Pandemiyadan irəli gələn çətinliklərin mürəkkəbliyini nəzərə alaraq, Qoşulmama Hərəkatı tərəfindən COVID-19-dan sonra qlobal bərpaya dair BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təşəbbüsü ilə çıxış edilməsi məqsədəmüvafiq olardı. Həmin panel dünyanın pandemiyadan daha yaxşı şəkildə çıxması üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilər.

2020-ci il Azərbaycan üçün əlamətdar il olub, çünki Hərəkatın gündəliyində dayanan vacib mövzulardan biri uğurla həll edilib. Bildiyiniz kimi, 30 ilə yaxın idi ki, Ermənistan ərazimizin təqribən 20 faizini işğal altında saxlayırdı. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan 1992-ci ilin fevralında Xocalı soyqırımını törədib, 106-sı qadın, 63-ü uşaq olmaqla, yüzlərlə dinc insanı qətlə yetirib. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və ATƏT daxil olmaqla, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar da buna bənzər qərar və qətnamələr qəbul edib. Lakin Ermənistan aparıcı beynəlxalq təşkilatların tələblərinə məhəl qoymayıb. Beləliklə, Ermənistanın yeganə məqsədi status-kvonun saxlanılmasından və işğalın möhkəmləndirilməsindən ibarət olub.

Son illər ərzində Ermənistan danışıqlar prosesini məqsədli şəkildə məhv edir, Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyirdi. 2020-ci ildə Ermənistan dövlət sərhədi və keçmiş təmas xətti boyu üç dəfə hərbi təxribatlara əl atdı və nəticədə hərbçilərimiz və mülki vətəndaşlarımız həlak oldular.

Ötən ilin sentyabrında Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi hücuma keçdi. Bu təcavüzə cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və işğal altındakı ərazilərin böyük hissəsini azad etdi.

Qırx dörd günlük müharibə nəticəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq, Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin etdi.

Beləliklə, Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu.

Azərbaycanın şanlı Qələbəsi beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir.

Biz Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyini yüksək qiymətləndiririk.

Bakı Zirvə görüşünün Yekun Sənədində Qoşulmama Hərəkatı ölkələri ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğuladılar və təsdiq etdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq.

2020-ci ilin iyulunda Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı kommünike qəbul edib. Bundan əlavə, Vətən müharibəsi zamanı - 2020-ci ilin oktyabrında nazirlər səviyyəsində keçirilən onlayn iclas çərçivəsində xüsusi bəyanat qəbul olunub. Bu sənədlərdə Qoşulmama Hərəkatı ölkələri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə edib.

Bu məqamda mən Vətən müharibəsi zamanı baş vermiş konkret bir hadisəni vurğulamaq istərdim. BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələrini nəzərə almadan, qərəzli bəyanat qəbul etdirmək cəhdləri göstərdilər. Lakin Təhlükəsizlik Şurasındakı müzakirələr zamanı Azərbaycanın mövqeyini dəstəkləyən Qoşulmama Hərəkatının yeddi üzvü təkid etdi ki, müzakirə edilən mətnə Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinə istinad əlavə edilsin.

Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi onların “Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə sadiqliyini nümayiş etdirdi. Biz onların bu mövqeyini ikitərəfli münasibətlərimizdə tarixi dostluq jesti kimi qəbul etdik.

İşğal dövründə Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində şəhər və kəndləri, bütün mədəni və dini abidələri qəsdən dağıdıb. Hətta qəbiristanlıqlar yerlə-yeksan edilib. Ermənistanın məqsədi əsrlər boyu həmin ərazilərdə yaşamış azərbaycanlıların izini silmək olub. Bizim məscidlərimiz donuz və inək tövləsi kimi istifadə edilib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, onu “Qafqazın Xirosiması” adlandırırlar. Füzuli şəhəri işğaldan azad olunandan sonra Ordumuz orada Azərbaycan bayrağını qaldırmaq üçün bir dənə də salamat bina tapa bilmədi. Onların hamısı Ermənistan tərəfindən dağıdılıb.

Xarici diplomatların və jurnalistlərin azad olunmuş ərazilərə müntəzəm səfərləri təşkil edilir. Onlar Ermənistanın törətdiyi vəhşiliyin şahidi olublar. Beynəlxalq media Azərbaycan xalqına məxsus mədəni və dini irsin məqsədli şəkildə dağıdılması və təhqir olunması, şəhər və kəndlərin darmadağın edilməsi faktlarını sənədləşdirib və onları işıqlandırıb.

Mən həmkarlarıma bizim şəhər və kəndlərimizin işğaldan əvvəl və sonrakı vəziyyəti ilə bağlı qısa məlumat və fotoşəkillərdən ibarət təsviredici kitab göndərəcəyəm. Kitabda Azərbaycanın dini və tarixi abidələrinin tamamilə məhv edilməsi öz əksini tapıb.

Biz azad olunmuş ərazilərdə yenidənqurma işlərinə artıq başlamışıq. Orada müasir şəhərsalma planlaşdırılması həyata keçirilir. Azad edilmiş ərazilər yaşıl enerji zonası olacaq. Əminəm ki, Azərbaycan transformasiyanın nadir təcrübəsini nümayiş etdirərək, Lüksemburqun ərazisindən dörd dəfə böyük olan dağıdılmış ərazini yüksək yaşayış standartlarına malik firavanlıq məkanına çevirəcək.

Mən bu yaxınlarda ölkənin növbəti onillik üçün sosial-iqtisadi inkişafına dair beş milli prioritet müəyyən etmişəm. Digər məsələlərlə yanaşı, yüz minlərlə məcburi köçkünün doğma yurdlarına ləyaqətli və təhlükəsiz qayıdışı əsas prioritetimizdir.

Lakin əsas çətinlik Ermənistan tərəfindən basdırılmış çoxsaylı minalardır. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşı həlak olub, 100 nəfərdən çox insan isə yaralanıb. Bundan əlavə, minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir.

Belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir. Ermənistan mina xəritələrini verməkdən boyun qaçırır. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana versin.

Sonda sizi bir daha əmin etmək istəyirəm ki, Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılmasına töhfə verilməsi, Hərəkat çərçivəsində həmrəyliyin gücləndirilməsi, ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində əlindən gələni əsirgəməyəcək.

Sağ olun”

15:53

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxış edir.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, çıxış Prezident İlham Əliyevin rəsmi "Facebook" və "YouTube" səhifəsində yayımlanır.

Paylaş:
519

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər