Azərbaycanın şanlı Qələbəsi beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir – Prezident
2020-ci il Azərbaycan üçün əlamətdar il olub, çünki Hərəkatın gündəliyində dayanan vacib mövzulardan biri uğurla həll edilib.
Bildiyiniz kimi, 30 ilə yaxın idi ki, Ermənistan ərazimizin təqribən 20 faizini işğal altında saxlayırdı. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan 1992-ci ilin fevralında Xocalı soyqırımını törədib, 106-sı qadın, 63-ü uşaq olmaqla, yüzlərlə dinc insanı qətlə yetirib. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda keçirilən aralıq konfransındakı çıxışında danışıb.
Dövlətimizin başçısı xatırladıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və ATƏT daxil olmaqla, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar da buna bənzər qərar və qətnamələr qəbul ediblər. Lakin Ermənistan aparıcı beynəlxalq təşkilatların tələblərinə məhəl qoymayıb. Beləliklə, Ermənistanın yeganə məqsədi status-kvonun saxlanılmasından və işğalın möhkəmləndirilməsindən ibarət olub.
Son illər ərzində Ermənistannın danışıqlar prosesini məqsədli şəkildə məhv etdiyini, Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə hədələdiyini diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “2020-ci ildə Ermənistan dövlət sərhədi və keçmiş təmas xətti boyu üç dəfə hərbi təxribatlara əl atdı və nəticədə hərbçilərimiz və mülki vətəndaşlarımız həlak oldular. Ötən ilin sentyabrında Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi hücuma keçdi. Bu təcavüzə cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və işğal altındakı ərazilərin böyük hissəsini azad etdi”.
Prezident qeyd edib ki, 44 günlük müharibə nəticəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq, Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin etdi.
“Beləliklə, Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Azərbaycanın şanlı Qələbəsi beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir. Biz Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyini yüksək qiymətləndiririk”, - deyə Prezident İlham Əliyev vurğulayıb.