Kəlbəcər və Laçında yol tikintisi üçün 10 milyon manat ayrılıb – SƏRƏNCAM
Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Sərəncamla Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 10.000.000,0 (on milyon) manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin edəcək.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.