“Taliban” Qəndəharı ələ keçirdi
ABŞ əsgərlərinin geri çəkilməsindən sonra irəliləyən "Taliban" Əfqanıstanın ikinci böyük şəhəri Qəndəharı da ələ keçirib.
1news.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalı qiyamçıların rəsmi nümayəndəsinə istinadən yazıb. Bununla "Taliban"ın nəzarətində olan şəhərlərin sayı 13-ə yüksəlib.
Əfqanıstan ordusundan verilən açıqlamada, "Dünən gecə şiddətli döyüşlərdən sonra "Taliban" Qəndəhar şəhərinə nəzarəti ələ keçirib" deyə bildirilib.
Hökumət qüvvələri ilə “Taliban” arasında toqquşmalar səbəbindən Qəndəhar hava limanı da işini dayandırıb və bütün uçuşlar ləğv edilib.
ABŞ mediasının kəşfiyyat hesabatına istinadən xəbərinə görə, "Taliban" 30 gün ərzində paytaxt Kabili mühasirəyə alacaq, 90 gün ərzində isə şəhərə daxil olacaq.
Digər tərəfdən, ABŞ bu ölkədəki vətəndaşlarını təxliyə etmək üçün əlavə əsgər göndərməyə hazırlaşır. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirby bildirib ki, yaxın 48 saat ərzində 3 min amerikalı əsgər Əfqanıstanda olacaq.
İngiltərə də vətəndaşlarının təxliyəsi üçün bölgəyə təxminən 600 əsgər göndərəcəyini açıqlayıb.
Qeyd edək ki, qiyamçlar indiyədək Əfqanıstanın yarısında çoxuna nəzarəti ələ keçirib.
1news.az