“Alpaka acından ölür!” – “ZooBulvar”ın sahibləri heyvanın arıq görkəmini şərh ediblər - FOTO - VİDEO
Dəhşətli şəraitdə saxlanan ev və küçə heyvanlarının, hətta vəhşi heyvanların şəkilləri mütəmadi olaraq Azərbaycanda diqqət mərkəzinə gəlir.
Elə bir neçə gün əvvəl dənizkənarı Bakı bulvarı yaxınlığında faytona qoşulmuş, yayın istisində əzab çəkən qoca at haqqında yazmışdıq.
Bu gün isə bütün diqqətlər “ZooBulvar” Bakı Kontakt Zooparkında saxlanan alpakanın şəklinə yönəlib.
Kontakt zooparkında olarkən çəkdiyi bu şəkli paylaşan şəxs yazıb: “Bu heyvanın günahı nədir ki, acından ölür?”. Statusun altında şəhərin heyvanxanalarında heyvanların saxlanma şəraiti və ümumiyyətlə, heyvanların “əsarətdə” saxlanması faktı haqqında müxtəlif fikirlər paylaşılıb.
Şərh yazanlardan biri heyvanın daha əvvəl çəkilmiş fotosunu paylaşaraq, onun tüklərinin qırxıla biləcəyini qeyd edib. Lakin, həmin şəkildə heyvanın daha sağlam vəziyyətdə olduğu görünür.
Heyvanın niyə belə arıq vəziyyətdə olduğunu dəqiqləşdirmək üçün “ZooBulvar” Kontakt Zooparkının rəhbərliyinə müraciət etdik. Onlar bildirdilər ki, Karamel adlı alpaka tamamilə sağlamdır, baytarlıq nəzarətindən keçib, həmişəki kimi qidalanır, onun arıq xarici görünüşü isə zooparkın ünvanına ittihamlara səbəb olmamalıdır.
“Bütün heyvanlarımız baytar nəzarəti altındadır, hamısına lazımi peyvəndlər vurulub. Hətta karantin vaxtı mərkəzimiz bağlı olduğu zamanda belə xərclərə baxmayaraq, bütün heyvanlarımıza lazımi qayğını göstərməkdə davam edirdik”, - “ZooBulvar”ın nümayəndəsi Elnarə Əliyeva deyib.
Alpakanın fotodakı xoşagəlməz görkəminə gəlincə, o bildirib ki, bu yaxınlarda heyvanın tükləri qırxılıb, belə ki, bunu mütəmadi olaraq etmək lazımdır.
“Alpakayla bağlı heç bir problem yoxdur. O, xəstə deyil. Onun həqiqətən də hər hansı problemləri olsaydı, xəstə olardı. Xəstə heyvanı niyə ümumi zalda nümayiş etdirək?”, - o bildirib.
“Heyvanın səhhəti ilə bağlı narahatlıq keçirən hər kəsi gəlib heyvanın sağlam olduğunu öz gözləri ilə görməyə dəvət edirik. Qapılarımız hər zaman açıqdır. Biz heç nə gizlətmirik”, - “ZooBulvar”ın nümayəndəsi əlavə edib.
Kontakt zooparkının rəhbərliyinin sözlərinin həqiqiliyinə əmin olmaq üçün baytara müraciət edərək qırxılmış heyvanın arıqlığının xəstəliklə bağlı olub-olmadığını qiymətləndirməyi xahiş etdik. Məlum məsələlərə görə mütəxəssislər heyvanı müayinə etmədən, təkcə fotoşəkil əsasında qərar verə bilməyəcəklərini bildirdilər.
Karamelin vəziyyətini peşəkar səviyyədə qiymətləndirmək məsuliyyətini öz üzərimizə götürmürük, lakin qırxılmış alpakaların İnternetdəki şəkiləri ilə müqayisə etdikdə “ZooBulvar” “sakininin” vəziyyəti şübhə yaradır.
Əgər Karamel adlı bu alpakanın fiziki forması, “ZooBulvar” rəhbərliyinin də iddia etdiyi kimi normaldırsa və onun arıqlığı həqiqətən də hər hansı xəstəlik və ya aclıqla bağlı deyilsə təkcə kontakt zooparkının formatı artıq xeyli suallar doğurur.
Bakı Kontakt Zooparkı qapalı məkandır. Burada, xırda gəmiricilərdən və quşlardan tutmuş alpaka və poniyədək müxtəlif heyvanlar bir-birinə son dərəcə yaxın məsafədə saxlanılır. Bütün bu heyvanlar, onlara toxunmaq, sığallamaq və yedizdirmək istəyən zəhlətökən zoopark qonaqlarının daim gəlib-getdiyi qapalı məkanda saxlanılırlar.
Volyerlərin və arakəsmələrin ölçüləri nominaldır, heyvanlar istədikləri vaxt insanlarla kontaktdən təcrid oluna bilmirlər. Halbuki, onların buna tam haqqı çatır.
Heyvan müdafiəçiləri heyvanlarda güclü psixoloji stress yaradan bu cür bizneslərə qarşı dəfələrlə çıxış ediblər. Lakin Azərbaycanda bu sahədə qaydaları tənzimləyən və müəyyən normalara riayət etməyə məcbur edən qanun yoxdur.
Saytımızda daha əvvəl dərc olunmuş məqalələrdən birində də qeyd edildiyi kimi Azərbaycanda bu cür kiçik heyvanxanalar açmaq çətin deyil. Sadəcə, hüquqi şəxs kimi qeydiyyata alınmaq üçün Vergilər Nazirliyinə müraciət etmək, daha sonra isə icazə alınması üçün Dövlət Baytarlıq Xidmətinə müraciət etmək lazımdır. Bundan başqa, FHN-dən məkanın yanğın təhlükəsizliyi tələblərinə cavab verdiyini sübut edən sənəd almaq lazımdır.
Bu cür məkanlarda yalnız vəhşi heyvanların, həmçinin Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş nadir quşların saxlanması ilə bağlı qadağa mövcuddur.
Bu heyvanların saxlanması üzrə ixtisaslaşmış saytda qeyd olunur ki, sürü halında yaşayan bu ev heyvanları azı 3 fərddən ibarət təsərrüfatlarda saxlanmalıdır. Əsasən çox utancaq olan bu heyvanlar sığallanmağı xoşlamırlar.
“ZooBulvar” heyvanların sıx volyerlərdə, qapalı məkanda saxlanılmasını problem hesab etmir. Oradan bizə sevinc hissi ilə bildirdilər ki, heyvanlar mütəmadi olaraq gəzintiyə çıxarılır.
Aşağıdakı videoda mərəzli alpakanın binanın yaxınlığında, asfalt yolda bir neçə metrlik sahədə gəzintiyə çıxarıldığını görmək olar. Kontakt zooparkının nümayəndələri bu cür gəzintidə də heç bir problem görmürlər.
“Şəhərin mərkəzində yerləşdiyimizə görə axşam saat 9-dan, mərkəz bağlandıqdan sonra heyvanları gəzintiyə çıxarırıq”, - Elnarə Əliyeva heç nə olmamış kimi deyib.
Maraqlıdır ki, heyvanların bu cür gəzintiyə çıxarılması və ümumilikdə, bu şəraitdə saxlanması nə mərkəzin rəhbərliyində, nə də müvafiq lisenziya və icazələri vermiş dövlət qurumlarında heç bir sual doğurmur. Axı mərkəz açılarkən bəlli idi ki, o, şəhərin mərkəzində yerləşir və orada bu cür heyvanların saxlanması üçün şərait yoxdur.
Heyvan hüquqlarının qanunla qorunduğu dünyanın sivil ölkələrində artıq çoxdandır ki, kontakt zoopark anlayışı yoxdur. İnkişaf etmiş ölkələrdə “kontakt” adlanan zooparkların digərlərindən fərqi orada bəzən heyvanları volyer üzərindən yedizdirməyə və əllə toxunmağa icazə verilməsidir. Digər zooparklarda isə bu qadağandır.
Lakin hətta bu icazəli kontaktlar belə yalnız heyvanın istəyi ilə olmalıdır. Bu cür kontakt zooparklarda volyerlərin ölçüləri elədir ki, heyvanlar asanlıqla gözlə görünməyəcək dərəcədə uzağa gedə bilərlər.
Azərbaycanda isə heyvanlar əsassız şəkildə “həbs” edilirlər və heç bir hüquqa malik deyillər. Azadlıqdan məhrum edilmiş canlıların yalnız gələn şəxslərin məcburi qayğısına dözmək “hüquqları” var.
Problem heyvanlarla davranışı tənzimləyəcək qanunverici bazanın olmamasındadır. Yalnız heyvanlara qarşı qəddar münasibətə görə 500 manat məbləğində cərimə nəzərdə tutulan inzibati cəza mövcuddur. Lakin qanun qəddar münasibət dedikdə nəyin nəzərdə tutulduğunu izah etmir. Bu səbəbdən, sözügedən cərimə yalnız son dərəcə səs-küyə səbəb olmuş hallarda tətbiq edilir.
“1news.az” redaksiyası laqeyd olmayan bütün şəxsləri heyvanlar üzərində qurulmuş bu cür biznesləri dəstəkləməməyə çağırır. Qanunverici baza olmadığı bir şəraitdə biz sadəcə heyvanların məcburi şəkildə cəlb edildiyi əyləncə xidmətlərindən – sirk və heyvanxanaya getməkdən, zəncirli meymunlarla şəkil çəkdirməkdən, əzab çəkən atın qoşulmuş olduğu faytonda gəzməkdən imtina edə bilərik...
Bütün bunlar həyatımıza bir o qədər də təsir etməsə də, bu cür biznesləri gəlir verməyən hala gətirə bilər.