“Prezidentin bu addımı Ermənistandakı revanşist qüvvələrin qarşıdurması ilə nəticələnir” - Ekspert rəyi
“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilən ərazilərə səfərləri davam edir. Növbəti belə bir səfər Füzuli, Xocavənd rayonlarına və Şuşa şəhərinə oldu. Həmin səfəri zamanı ölkə başçısı və xanımı Füzulidəki beynəlxalq hava limanının artıq yekunlaşmaqda olan işləri ilə tanış oldular”.
Bu sözləri 1news.az- a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov bildirib.
“Eyni zamanda daha sonra Şuşada artıq uzun illər ərzində işğaldan əvvəl keçirilmiş Vaqif poeziya günləri ilə bağlı mərasimin açılışında iştirak etdilər. Bundan başqa ölkə başçısı həmçinin Azərbaycanın tarixinin keçmişinə aid olan bir sıra abidələrin açılışını etdi. Bu bir daha sübut edir ki, azərbaycan dövlətinin yürütdüyü siyasət və o siyasətə rəhbərlik edən prezident İlham Əliyev ilk olaraq Azərbaycanın tarixinə, keçmişinə, ədəbiyyatına, incəsənətinə və mədəniyyətinə sahib çıxmaq üçün böyük işlər görür və bu istiqamətdə bütün lazımi addımlarını atır”.
O, əlavə edib ki, məhz Şuşanın işğaldan azad edilməsi və bu gün Şuşada geniş quruculuq işlərinin görülməsi bir daha sübut edir ki, ölkə başçısının əsas məqsədi, əsas amalı və məramı məhz Azərbaycan tarixini özünə qaytarmaq, Azərbaycan tarixinin reallıqlarını bərpa etmək və bir daha Azərbaycana aid olan tarixi ərazilərin Azərbaycan xalqına aid olduğunu bütün dünyaya bəyan etməkdir.
"Ölkə başçısı özünün səsləndirdiyi fikirlərdə də bu məsələlərə toxundu. Dövlət başçısı bir daha qeyd etdi ki, Şuşa Azərbaycanın tarixi şəhəridir və biz Şuşanı həqiqətən də Azərbaycanın mədəniyyət mərkəzinə, Cənubi Qafqazın incisinə və ümumilikdə bütün dünyanın diqqət və marağında olan əsas şəhərlərindən birinə çevirəcəyik. Və bu istiqamətlərdə mühüm addımlar atılır"
Xəyal Bəşirlinin fikrincə, bu, bir daha Ermənistan cəmiyyətinə və dünya erməniliyinə ciddi mesaj idi. "Bundan sonra da Ermənistan cəmiyyətində, Ermənistan dövlətinin daxilindəki o ixtişaşlar, siyasi təlatümlər başa alıb gedəcək. Çünki, hər dəfə prezident İlham Əliyev bu cür mesajlar verəndə, Ermənistanın daxilindəki o qüvvələr bir-birinə qarşı daha da acı və eyni zamanda təhlükəli addımlar atırlar. Düşünürəm ki, bundan sonra Ermənistanda cəmiyyəti, Azərbaycana qarşı revanşist çıxışlar edən, Azərbaycana qarşı revanşist addımlar atmağa çağıran qüvvələrlə, digər qüvvələr arasındakı o qarşıdurma yenidən gərginləşəcək".
Aytən Sakitqızı