“Bu hadisə Ermənistanla yanaşı Rusiya və İrana da təsir edir” - Tarixi uçuşa şahidlik edən deputatdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi sentyabrın 5-də Füzuli Hava Limanına ilk dəfə sərnişin və yük təyyarələri eniş edib.
Belə ki, sözügedən Beynəlxalq Hava Limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan AZAL-ın "Qarabağ" adlı ən böyük Airbus A340-500 tipli sərnişin təyyarəsi sınaq reysi keçirərək Füzuli aeroportunda eniş edib.Uçuş təxminən 35-40 dəqiqə çəkib.
Təyyarənin hava limanına enişinə şahidlik edənlərdən biri də Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov olub.
Məsələ ilə bağlı 1news.az-a danışan deputat deyib ki, tarixi hadisəyə şahidlik edib:
“Mən elə Zəfər yolu vasitəsilə Şuşadan qayıdırdım. Yolda bu gözəl tarixi hadisəyə şahidlik etdim. Taleyimə minnətdaram ki, Füzuli aeroportuna ilk enən təyyarəni gördüm. Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi idi. Demək istəyirəm ki, işğaldan azad olunan torpaqlarımızda genişmiqyaslı tiknti-quruculuq işləri həyata keçirilir. Bunu bütün dünya görür. Azərbaycan prezidenti bu işləri həyata keçirməklə, heç kimə heç nə sübut etmək məcburiyyətində deyil. Əsa odur Azərbaycan xalqı bunu görür. Cənab prezident deyirdi “torpaqlar azad olunacaq”- olundu, “düşmən cəzalandırılacaq”- cəzalandırıldı, “erməni vandallarının xarabaya çevirdiyi bu torpaqlar bərpa olunacaq”- olunur. Hamılıqla bunu görürük və hadisələrin ardıcıllığını müşahidə edirik”.
Deputat həmçinin bildirdi ki, Azərbaycan ordusunun 44 gün ərzində işğalçılardan təmizlədiyi torpaqlarımızda ölkə rəhbərinin sərəncamı ilə qısa müddət ərzində geniş abadlıq-quruculuq işlərinin aparılması erməni lobbisinə pis təsir edir.
“Onlar anlayır ki, Azərbaycan öz torpaqlarında əbədidir. Təkcə silah gücü ilə yox, iqdisadi gücü ilə, demoqrafik gücü ilə də onlardan qat-qat üstündür.Təbii ki, bunlar Ermənistanla yanaşı həm Rusiyaya, həm İrana təsir edir. İndi bütün dünya Azərbaycanın nə qədər qüdrətli dövlət olduğunu bir daha gördü”.
Qeyd edək ki, Füzuli Beynəlxalq Hava Limanının tikintisaində istifadə edilən beynəlxalq standartlara uyğun avadanlıqlar ölkəmizə Türkiyə, Çin, İtaliya, İspaniya, Rusiya, ABŞ, Almaniyadan, Finlandiyadan gətirilib.AZAL-dan verilən məlumata görə Füzuli Beynəlxalq Hava Limanının istismara verilən uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metrdir.Uçuş-enmə zolağı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bütün tələblərinə uyğun olaraq müvafiq avadanlıqlarla təchiz olunub. Sentyabrın sonunda istifadəyə verilməsi nəzərdə tutulan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilib. Həmçinin, Füzuli beynəlxalq hava limanını “Zəfər Yolu” və Şuşa şəhərinə aparan magistral yolu ilə birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir. Bundan əlavə, hava limanının ərazisində yaşıllaşdırma işləri aparılır.Qeyd edək ki, həmçinin dövlət başçısının tapşırığı ilə Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi davam edir.
Aytən Sakitqızı