Məktəb, yoxsa tövlə: Ələsgərli kəndinin məktəbi nə vaxt təmir olunacaq? - ARAŞDIRMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəb, yoxsa tövlə: Ələsgərli kəndinin məktəbi nə vaxt təmir olunacaq? - ARAŞDIRMA

17:25 - 30 / 09 / 2021
Məktəb, yoxsa tövlə: Ələsgərli kəndinin məktəbi nə vaxt təmir olunacaq? - ARAŞDIRMA

Uçmuş tavan, təhlükəli vəziyyətdə olan döşəmə, yararsız oturacaqlar və yazı üzünə həsrət qalan lövhə.

1news.az xəbər verir ki, söhbət Şəmkir rayonunun Ələsgərli kəndində yerləşən Nəsir Nəsirov adına orta məktəbdən gedir. Əgər ona məktəb demək olarsa.

Redaksiyamıza daxil olan kənd sakinlərinin şikayəti əsasında araşdırma apardıq. Məlum oldu ki, bu təhsil ocağı 1883-cü ildə, yəni loru dillə desək Nikolay dövründə tikilib. 100-dən artıq şagirdi olan məktəbin divarları uçub dağılır. Təbii ki, bu da burada təhsil alan şagirdlərin və onlara təhsil verən müəllimlərin həyatını birbaşa təhlükə altında qoyur.

Onu da deyək ki, mütəxəssislər iddia edir ki, bu qış çox sərt keçəcək. Bəli, nəzərə alsaq ki, qarşıdan şaxtalı qış gəlir və bəllidir ki, təhsil üçün tamamilə yararsız halda olan bu məktəbin durumu indikindən daha da bərbad olacaq. Müasir tələblərə cavab verən məktəblərin inşa edildiyi, ən son avadanlıqlarla təchiz edildiyi bir dövrdə bu “qəbil”dən olan məktəblərin olması doğrudan da utancvericidir. Necə deyərlər, təhsilimizin “göz muncuğu göz partladır”.

Kənd sakini, hazırda Gəncə Dövlət Universitetində təhsil alan 4-cu kurs tələbəsi Talıb Yəhyayev 1news.az-a bildirdi ki, ali təhsilini başa vurduqdan sonra öz kəndinə qayıdaraq, burada tarix fənnini tədris etmək istəyir:

“Məktəb çox acınacaqlı durumdadır, bərbad vəziyyətdədir. Bir əncam çəksələr yaxşı olar. Mən tarix müəllimi olacağam, doğma kəndimizə qayıtmaq istəyirəm, amma vəziyyət göz qabağındadır”.

Yaxın qohumları adıçəkilən məktəbdə təhsil alan Ləman Yəhyayeva da məktəbin dillə izah olunmayacaq qədər acınacaqlı olduğunu deyir:

“Bilirsiniz xanım, deyiləcək deyil, məktəbin binası uçulub-dağılır az qala. Heç bir şəraiti yoxdur. Uşaqlar orada necə təhsil alsınlar?”.

Məktəbin direktoru Zahid Məmmədov 1news.az-a açıqlamasında bildirdi ki, məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət ünvanlanıb:

“Dəfələrdə Şəmkir Rayon İcra Hakimyyətinə, Təhsil şöbəsinə müraciət etmişik. Ancaq gəlib şəkil çəkib gedirlər. Bir nəticəsi də yoxdur. Hazırda rəhbəri olduğum bu yararsız vəziyyətdə olan məktəbdə 160 şagirddən cəmi 85-i qalıb. Hamı başqa məktəblərə qaçıb. Burada hazırda cəmi 18 nəfər müəllim işləyir”.

Bəli, direktorun da dediyi kimi bu məktəbi bir dəfə gözlə görmək kifayət edir ki, xalqımızın gələcəyi olan şagirdlərin sonrakı taleyini biləsən. Burada nə gələcək var, nə də gələcəyi işıqlı olan şagirdlər. Səbəb isə göz önündədir. Bu şəraitdə kim və kimə necə təhsil versin?

Elə təhsil eksperti Ramal Şəmşədli də deyir ki, heç bir valideyn uşağını şəraiti bərbad olan məktəbə qoymaz, eyni zamanda heç uşağın da bu şəraitdə təhsil alması düzgün deyil, həmçinin müəllimin də bu şəraitdə dərs keçməsi yolverilməzdir:

“Məktəbin acınacaqlı şəraitdə olması onun uçma təhlükəsinin olmasından xəbər verir. Əlbəttə ki, belə məktəbə hər hansı bir valideyn uşağını göndərərsə, olduqca narahat olar. Çünki bu məktəbdə hər an qəza hadisəsinin baş verməsi qaçılmazdır. Bəllidir ki, bu gün ucqar dağ kəndlərindən tumuş bütün məktəblərimizdə təmir işləri aparılır, yararsız vəziyyətdə olanların yerində yenisi inşa edilir. Bütün bunların fonunda ölkəmizdə hələ də belə təhsil ocağının olması utancvericidir.

Əgər bu məktəbdə hazırdsa dərs keçirilirsə, mən bunun günahını həmin məktəbin təhsil şöbəsinin müdirində və məktəbin direktorunda görürəm. Çünki vaxtında Nazirliyə məlumat verilməlidirlər ki, məktəb artıq uçur. Burada təhsil alan uşaqlar müvəqqəti də olsa yaxın məktəblərə köçürülməlidir. Bizim ölkəmizdə belə məktəb olmamalıdır. Çünki, hazırda ölkəmiz təhsildə qabaqcıl ölkələrlə müqayisə olunacaq vəziyyətə gəlib çıxıb. Mən bilirəm ki, Nazirliyimizin bu durumdan xəbəri olsa, dərhal müdaxilə edib, məsələni həll etməyə çalışacaq”.

Bəli, keçək birbaşa aidiyyatı quruma, yəni məsələyə cavabdeh olan Təhsil Nazirliyinə. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məsələ ilə bağlı 1news.az-ın sorğusuna cavab olaraq bildirdi ki, aparılan araşdırmaın nəticəsinə görə Ələsgərli kənd məktəbi ya əsaslı təmir ediləcək, ya da məktəb üçün yeni bina tikiləcək:

“Məsələ ilə bağlı artıq Nazirliyin Tikinti və Təchizat İdarəsinə məlumat göndərilib. Məktəbin yenidən tikilməsi və ya əsaslı təmir olunması ilə bağlı müvafiq qərar veriləcək. Sözügedən məktəb ən optimal müddətdə yenidən müasir şəkildə təmir edilərək və ya yenidən tikilərək müəllim və şagirdlərin ixtiyarına veriləcək”.

Biz media olaraq bu məsələni işıqlandırdıq, həll edilməsi isə qalır aidiyyatı qurumların öhdəsinə. Ümid edirik ki, verilən vəd özünü doğruldacaq və Ələsgərli kəndinin müəllim və şagirdləri qısa müddətdə yeni məktəblərinə qovuşacaqlar. Bilmək olmaz, bəlkə də bu təhsil ocağında təhsil alan şagirdlərdən hansısa biri gələcəyin ən peşəkar kadrlarından biri olacaq. Xalqa, vətənə xeyirli kadr.

Aytən Sakitqızı

Paylaş:
1090

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər