Heydər Məmmədov: “2001-ci ildən keçirilən müsabiqələr nəticəsində 1011 gənc hüquqşünas prokurorluq orqanlarında işə qəbul edilib” | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Məmmədov: “2001-ci ildən keçirilən müsabiqələr nəticəsində 1011 gənc hüquqşünas prokurorluq orqanlarında işə qəbul edilib”

Qafar Ağayev12:40 - 08 / 10 / 2021
Heydər Məmmədov: “2001-ci ildən keçirilən müsabiqələr nəticəsində 1011 gənc hüquqşünas prokurorluq orqanlarında işə qəbul edilib”

Azərbaycan Respublikasının prokurorluq orqanlarında işə qəbulla bağlı imtahanlar ilk dəfə ulu öndər Heydər Əliyevin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə əsasən keçirilib.

1news.az xəbər verir ki, Bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədov oktyabrın 8-də jurnalistlərə müsahibəsində bildirib.

"Həmin müddətdən etibarən artıq 22 müsabiqə təşkil edilib. Bu müsabiqələrdə uğur qazanan 1011 gənc hüquqşünas prokurorluq orqanlarında işə qəbul olunub. Hazırda onlar prokurorluq əməkdaşlarının 78,5 faizini təşkil edir".

Baş prokurorun müavini deyib: “Sevindirici haldır ki, gənc hüquqşünaslar hazırda Baş Prokurorluqda müxtəlif vəzifələrdə irəli çəkilirlər. Onların bir hissəsi şəhər və rayon prokuroru kimi, digər hissəsi Baş Prokurorluqda struktur qurumların rəhbərləri kimi fəaliyyət göstərirlər. Gənc hüquqşünasların bir neçəsi hətta ali xüsusi rütbəyə layiq görülüblər”.
Heydər Məmmədov vurğulayıb ki, hazırda 80 ştat vahidi üzrə elan olunmuş növbəti - sayca 23-cü müsabiqənin birinci, yəni, test imtahanı mərhələsi keçirilir. Əvvəlki illərdə olduğu kimi, test mərhələsi Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə təşkil olunub. Rəsmi olaraq qeydiyyata alınmış 400-dən çox namizəd prokurorluqda işə qəbul olunmaq üçün bu gün imtahan verir.
COVID-19 pandemiyası ilə əlaqədar imtahanın formatında dəyişiklik edildiyini vurğulayan Baş prokurorun müavini Heydər Məmmədov deyib: “Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu müsabiqə koronavirus pandemiyasının yayıldığı şəraitdə keçir. Ona görə də imtahanın formatında bəzi dəyişikliklər etməyə məcbur olduq. Qeydiyyatdan keçən 400-ə yaxın namizəd kiçik qruplara bölünərək ayrı-ayrı otaqlara yerləşdiriliblər və qoruyucu tibbi vasitələrlə təmin olunublar. Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, eyni zamanda, əhalinin sağlamlığının qorunması hazırda dövlətimizin prioritet istiqamətlərindəndir. Prokurorluq orqanları da bu istiqamətdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar”.

Paylaş:
1043

Son xəbərlər

Bütün xəbərlər