Azyaşlılar niyə intihar edir? - ARAŞDIRMA

Son günlər ölkə gündəmini zəbt edən əsas məsələlərdən biri də uşaqların intihar etməsidir. Bir ayda bir-birinin ardınca baş verən iki intihar faktı deməyə əsas verir ki, vəziyyət olduğundan daha ciddidir.
1news.az olaraq məsələnin səbəblərini araşdırdıq.
Sosioloq Rəşad Nağıyev deyir ki, uşaqların intihar etməsinin əsas səbəblərindən biri ünsiyyətsizlikdir:
"Bizim cəmiyyətimizdə valideynlər arasında belə bir fikir formalaşıb ki, uşaq danışanda "sən sus" və ya ağlayanda "ağlama" deyirlər. Dərk etmirlər ki, bu uşağın sonrakı həyatında, onun bir insan kimi formalaşmasında mənfi hərəkətdir. Ağladı de ki, "ağla, ürəyini boşalt" və s. Yoxsa indiki valideynlərin bir təsəllisi var ki, "əsəbiyəm". Bu ən böyük səhvdir və bunun uşaqla davranışa heç bir aidiyyatı yoxdur!. Əgər uşaqlarınızın normal düşüncə tərzində böyüməyinizi istəyirsinizsə onu dinləməyi bacarmalısınız!".
Psixoloq Qurban Bağırlı isə hesab edir ki, uşaqlar arasında intiharların artmasının başlıca səbəbi ailədaxili çəkişmələrdir:
Psixoloq Qurban Bağırlı
"Bu gün bəzi valideynlərin öz problemlərinə başı qarışdığından övladlarına yetərincə vaxt ayıra bilmirlər. Onu dinleməyə, onunla vaxt keçirtməyə zaman ayırmadıqları üçün uşaq daxilən tənha qalır. Nəticədə də özünü ifadəni itirir. Mən ailələrlə çalışan bir psixoloq olaraq deyə bilərəm ki, bizə müraciət edən ailələrin əksəriyyətində bu problemlər var. Deyim ki, ailədaxili psixoloji gərginlik, hədsiz stress uşaqların psixikasına pis təsir edir. Bəzi ailələrdə aşağı sosial vəziyyət, xəyanət və digər problemlər meydana gəldiyindən, ərlə arvad arasında mübahisələr yaranır. Nəticədə də uşaq evdən qaçır və cəmiyyətə sığınır.
Təəssüf ki, bəzən cəmiyyət uşaqlara pis nümunə olur. Bu nümunə də acı sonluqla nəticələnir. O sonluq ki, psixoloji problemlərin məngənəsində boğulan azyaşlıların intiharına səbəb olur. Təsadüfi deyil ki, intihar edən uşaqlar əsasən uğursuz ailələrdən çıxanlar, zorakılığa məruz qalanlar olur. Valideynler birmənalı olaraq bilməlidirlər ki, övladlarını dinləməli ve onların problemlərinə düzgün yanaşma tərzi nümayiş etdirməlidirlər".
Məsələ ilə bağlı Təhsil nazirliyi ilə də əlaqə saxladıq. Təhsil müəssisələrində psixoloji xidmətin hansı səviyyədə təşkil edilməsi, yeniyetmə və gənclərin psixoloji sağlamlığının necə qorunması ilə bağlı sorğumuza cavab olaraq bildirildi ki, təhsil müəssisələrində psixoloji xidmətin təşkili qanunvericilikdəki müvafiq qərar və qaydalara uyğun olaraq həyata keçirilir.
"Psixoloji xidmət müəssisə rəhbərliyinin, pedaqoji işçilərin, valideynlərin və ya digər qanuni nümayəndələrin psixoloqla qarşılıqlı əməkdaşlığı təmin edilməklə təşkil olunur. 2016-cı ilin dekabr ayında "Məktəblinin dostu” pilot layihəsi fəaliyyətə başlayıb. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir.
Hazırda "Məktəblinin dostu" layihəsi Bakı şəhəri üzrə 186, Abşeronda 20, Sumqayıtda 20 təhsil müəssisəsində olmaqla, ümumilikdə 226 müəssisədə fəaliyyət göstərir, 400 minə yaxın şagirdi əhatə edən layihə üzrə 400 əməkdaş çalışır.
Pandemiya dövründə Təhsil Nazirliyinin əlavə 146-3 "Qaynar xətt" xidməti fəaliyyətə başladı. Ölkəmizdə yeni koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən "Qaynar xətt" xidməti ilə əlaqə yaradırdılar. Müraciət edən hər bir vətəndaşa məktəb psixoloqları tərəfindən telefon vasitəsilə psixoloji konsultasiya təşkil edilir, lazımi dəstəklə təmin olunurlar”.