Füzuli şəhərində çoxmənzilli yaşayış məhəlləsi salınacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli şəhərində salınacaq çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlətimizin başçısına və birinci xanıma yeni yaşayış məhəlləsi barədə məlumat verildi.
Bildirildi ki, 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur.
Həyət tipli plan quruluşlarına malik yaşayış məhəlləsinin inşasında ənənəviliklə müasirlik vəhdət təşkil edəcək. Bu kompleks şəhərin gələcək memarlıq simasının müəyyənləşməsinə təkan verəcək.
Məhəllədə, həmçinin iş mərkəzlərinin, ticarət, ictimai iaşə, mədəniyyət və məişət-kommunal obyektlərinin yerləşməsi nəzərdə tutulur. Ərazi yaşıllıq sahələri ilə əhatə olunacaq, hovuzlar və fəvvarələr quraşdırılacaq, velosiped yolları salınacaq. Yaradılacaq şərait doğma yurdlarına qayıdacaq rayon sakinləri üçün rahat şəhər mühitinin təşkilində mühüm rol oynayacaq.
Prezident İlham Əliyev Füzuli şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlini qoydu.
1news.az