Sevinc Fətəliyeva: «Hər hansı bir təxribat cəhdi Ermənistan üçün “bumeranq effekti” verəcəkdir»
“44 günlük müharibənin Azərbaycanın mütləq qələbəsi ilə nəticələnməsi, torpaqlarımızın işğaldan azad edilməsi təkcə ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil. Bu, eyni zamanda, həm respublikamız, həm də region üçün yeni siyasi-iqtisadi reallıqlar formalaşdıran, mühüm strateji perspektivlər təmin edən əhəmiyyətli geosiyasi amildir”.
Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycan milli güc kontekstində beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı mühüm presedent yaratdı və yeni strateji baxışın ortaya çıxmasını şərtləndirdi. Yəni 30 ilə yaxın Ermənistanın işğalçı siyasətindən, təxribatçı hərəkətlərindən, təcavüzkar, destruktiv mövqeyindən əziyyət çəkən Azərbaycan öz iqtisadi potensialı, siyasi imkanları, diplomatik resursları və hərbi qüdrəti vasitəsilə torpaqlarını azad etdi, ərazi bütövlüyünün bərpasına nail oldu.
Millət vəkilinin sözlərinə görə, bu, bir dövlətin öz milli gücü vasitəsilə beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsini təmin etməkdir: “Məlumdur ki, BMT-nin 4 qətnaməsi uzun illər ərzində kağız üzərində qaldı. İstər ATƏT-in Minsk qrupunun həmsədrləri, istərsə də beynəlxalq təşkilatlar və ayrı-ayrı güc mərkəzləri Ermənistanı işğalçı siyasətinə son qoymağa məcbur edə bilmədilər, yaxud bunu etmədilər. Lakin beynəlxalq münasibətlər sistemində mövqeyini ardıcıl olaraq gücləndirən Azərbaycan döyüş meydanında öz sözünü deyərək hərbi-siyasi yolla münaqişəni həll etdi.
Beləliklə, ölkəmiz məlum qətnamələrin icrasının təmin edilməsinə müvəffəq oldu. Bu, heç şübhəsiz, dünya siyasi tarixinin çox əlamətdar hadisələrindən biri, eləcə də ədalətin və beynəlxalq hüququn təntənəsidir. 44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edilmişdir.
Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Ermənistan öz qoşunlarını Azərbaycanın digər ərazilərindən - Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını özü təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır”.
S.Fətəliyeva qeyd edib ki, milli güc resurslarını səfərbər edərək təcavüzkar qüvvəni kapitulyasiya aktına imza atmağa məcbur edən Azərbaycan bütün dünyaya işğalçı siyasətin və separatizmə əsaslanan mövqeyin, yaxud neqativ geosiyasi faktor olan bölücülüyə rəvac verən aqressiv politikanın hər hansı bir perspektivi olmadığını sübut etdi: “Vacib nüanslardan biri budur ki, Azərbaycanın yaratdığı geostrateji reallıqlar regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və perspektiv çoxtərəfli əməkdaşlığın təmin olunması üçün həm unikal, həm də universal imkanlar formalaşdırır.
Bütün bu reallıqlar təkcə Azərbaycan dövləti üçün deyil, həm də region xalqları və ölkələri üçün gələcək inkişaf və rifah naminə strateji əhəmiyyət daşıyır, mühüm perspektivlər vəd edir. Şübhəsiz ki, regionda autsayderə çevrilmiş Ermənistan da ərazi iddialarından əl çəkərək, təxribatçı hərəkətlərdən imtina edərək bu imkanlardan yararlansa, siyasi və iqtisadi dividendlər əldə edə bilər. Yox, əgər bu ölkənin siyasi dairələri yenə də revanşist yanaşma ilə köhnə - ənənəvi siyasi stereotiplərini davam etdirəcəksə, daha böyük faciə və fəlakətlərlə üzləşəcəklər. Xüsusilə də, hər hansı bir təxribat cəhdi onlar üçün “bumeranq effekti” verəcəkdir. Bu hərəkətlər, eyni zamanda, regional təhlükəsizlik, bölgədə genişmiqyaslı və çoxformatlı əməkdaşlıq baxımından da arzuolunmazdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir”.