Vətən müharibəsinin xronikası: 30 oktyabr – FOTO
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı.
44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
1news.az-ın AZƏRTAC-a istinadla Vətən müharibəsinin xronikasını təqdim edir.
Müharibənin 34-cü günü
• Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vejnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün tviter hesabında bildirib.
• Müdafiə Nazirliyinin məlumatına əsasən, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə baxımından xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edilib. Cəbhənin müxtəlif istiqamətlərində işğalçı ordunun xeyli sayda canlı qüvvəsi, iki ədəd Su-25 təyyarəsi, üç ədəd T-72 tankı, bir PDM, iki ədəd “Smerç” və bir ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, iki ədəd “Qvozdika” özüyeriyən haubitsası, bir ədəd “Osa” ZRK, bir ədəd P-18 radiolokasiya stansiyası, dörd ədəd avtomobil texnikası sıradan çıxarılıb.
• AZƏRTAC Ermənistanın Bərdəyə terror hücumları ilə bağlı beynəlxalq KİV-lərə müraciət edib.
• Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Xudafərin kəndindən foto və videoreportaj yayıb.
• Bərdəni atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus bir “Smerç” yaylım atəşli reaktiv sistemi, Bərdə və Tərtər şəhərlərinə atəş açan düşmənin iki “Smerç” sistemi, bir ədəd “Osa” zenit-raket kompleksi bölmələrimiz tərəfindən məhv edilib.
• Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş ərazilərindən yeni görüntülər – AZƏRTAC-ın foto və videoreportajı.
• Azərbaycan Ordusunun bölmələri düşmənin qüvvə və döyüş vasitələrini, raket-artilleriya silahları anbarını dəqiq zərbələrlə məhv edib.
• Ermənistan silahlı qüvvələri tərəfindən törədilən cinayət faktları üzrə 52 cinayət işi başlanıb.
İşğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonları ərazisindəki sərhəd zastavaları üzərində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb və bu zastavalar xidməti-döyüş fəaliyyətinə başlayıb.