Elmar Nurəliyev: “Mühafizə işinə münasibət ciddi şəkildə dəyişməlidir” - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Elmar Nurəliyev: “Mühafizə işinə münasibət ciddi şəkildə dəyişməlidir” - MÜSAHİBƏ

10:40 - 05 / 11 / 2021
Elmar Nurəliyev: “Mühafizə işinə münasibət ciddi şəkildə dəyişməlidir” - MÜSAHİBƏ

İstər dövlət, istərsə də qeyri-dövlət müəssisələrində, obyektlərdə, eləcə də insanların kütləvi toplaşdığı məkanlarda mühafizə işinin yüksək səviyyədə təşkili çox vacibdir. Əks halda baş verən hər hansı bir xoşagəlməz hadisə çox ciddi fəsadlara, hətta insan tələfatına səbəb ola bilər.

Mühafizəçinin işi, yəni vəzifəsi nədən ibarətdir? Azərbaycanda mühafizə xidmətinin təşkili hansı səviyyədədir? Kimlər mühafizəçi işləyə bilər? Bu və digər suallara cavab almaq üçün təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev ilə həmsöhbət olduq.

- Elmar bəy, mühafizə işi nədir və mühafizəçinin vəzifələri nədən ibarətdir?

- Mühafizə sənə aid olan maddi ve mənəvi dəyərləri kənar təsirlərdən qorumaqdır. Təbii ki, burada söhbət təkcə gözə görünən əşyalardan, yaxud hər hansısa avadanlıqdan getmir. Bura həm hər hansısa iaşə, ticarət və istirahət obyektlrəi, həm də zavod, fabrik və digər kommersiya şirkətlərinin mühafizəsi, eyni zamanda insanların təhlükəsizliyinin təmin olunması daxildir. Bu baxımdan mühafizə işinin əhəmiyyəti olduqca böyükdür.

Hər sahədə olduğu kimi mühafizə sahəsinin də özünün spesifisik xüsusiyyətləri var. Burada əsas obyektin fiziki olaraq qorunması, giriş-çıxışının nəzarətə götürülməsi, şirkətin daxili qaydalarının tətbiqi, yanğın və texniki təhlükəsizlik qaydalarına riayət edilməsinin təşkili və nəzarət edilməsi aiddir. Bunlar da öz növbəsində qanunla tənzimlənir.

Prezident İlham Əliyevin 2007-ci il 10 aprel tarixli sərəncamı ilə təsdiq olunmuş “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” qanunda özəl mühafizə fəaliyyətinin işi, prinsipləri, vəzifə öhdəlikləri, mühafizəçinin hüquq və vəzifələri, mühafizəçiyə aid olan qadağalar və digər məsələlər öz əksini tapıb.

- Kimlər mühafizəçi işləyə bilər və ümumiyyətlə, mühafizə işini həyata keçirən şəxslərə qarşı başlıca tələblər hansılardır?

- Yaşı 20-dən yuxarı, həqiqi hərbi xidmət keçmiş hər bir Azərbaycan vətəndaşı özəl mühafizə işində çalışa bilər. İşə başlamazdan öncə isə mühafizəçilər üçün təşkil olunan xüsusi kursu bitirmək tələb olunur. Alkoqolizm və narkomaniyadan əziyyət çəkən, psixi problemləri olan, ağır və qəsdən törədilmiş cinayətlərdə ittiham olunan və məhkumluq həyatı yaşamış şəxslər isə özəl mühafizə sahəsində çalışa bilməzlər.

Xarici görünüşlə bağlı isə qanunvericilikdə hər hansı bir tələb yoxdur. Lakin özəl mühafizə fəaliyyəti ilə məşğul olan şirkətlərin öz daxili nizamnaməsi var və həmin nizamnamə əsasında işə qəbul zamanı oğlanlar üçün 170 sm, qızlar üçünsə 160 sm-dən yuxarı boyun olması tələb olunur.

- Təhlükəsizlik qaydaları daha çox hansı sahələrdə pozulur?

- Təəssüf ki, insanların əksəriyyəti təhlükəsizlik qaydalarına olduqca biganə yanaşır. Biz bunu həm tikinti sahəsində, həm xidmət sahəsində, həm sənaye müəssisələrində, həm iaşə obyektlərində, həm də istirahət müəssisələrində müşahidə edirik. İnsanlar qaydalara riayət etmək əvəzinə onu pozmaq üçün yollar axtarırlar. Məsələn, təhlükəli olması səbəbindən qadağan olunmuş yerdən keçməyə çalışırlar. Deyəndə ki, qayığa azyaşlı uşaqla minmək olmaz, bir yol tapıb uşağı da mindirməyə çalışırlar. Başa düşmürlər ki, bununla həmin uşağın həyatını təhlükəyə atırlar.

Və yaxud da iş yerlərində elə ərazilər var ki, həmin ərazilərdə siqaret çəkmək olmaz. Lakin bəzi insanlar gizli şəkildə bu qadağanı pozmağa çalışır, icazə verilməyən ərazidə siqaret çəkirlər. Tikinti sahəsində də eyni hallar mövcuddur. İşçilərin əksəriyyəti dəbilqə taxmaqdan, hündürlükdə işləyən zaman kəmərdən istifadə etməkdən imtina edirlər. Bu da xoşagəlməz halların, hətta ölüm hallarının baş verməsinə səbəb olur.

Ümumiyyətlə, təhlükəsizlik məsələsi kompleks yanaşma tələb edən tədbirlər planıdır. Yəni, hansısa bir obyektə bir və yaxud bir neçə mühafizəçi qoymaqla təhlükəsizliyi tam təmin etmək mümkün deyil. Ərazinin təhükəsizlik dərəcəsi öncədən qiymətləndirilməli, yəni, ərazidə mümkün olan təhlükə riskləri müəyyənləşdirilməli və protokollaşdırılmalıdır. Məsələn, götürək tikinti sahəsini. Burada mümkün təhlükələr və risklər sırasına hündürlükdən yıxılma, yanğın təhlükəsi, yuxarıdan hansısa bir əşyanın aşağı düşməsi, sürüşmə və uçqun təhlükəsi, quraşdırılan avadanlıqların aşma təhlükəsi, ərazidə işləyən iri tonnajlı nəqliyyat vasitələrinin qəza törətməsi və s. daxildir. Eyni zamanda kənardan müdaxilə, oğurluq və digər hüquqazidd hərəkətlər də nəzərə alınmalıdır.

Bütün bu təhlükə və risklərə qarşı qabaqlayıcı tədbirlərin alınması həm əmlakın, həm də insanların təhlükəsizliyinin qorunmasını təmin etmiş olur. Buna görə də hər bir şəxs təhlükəsizlik qaydalarına ciddi riayət etməlidir.

- Ölkəmizdə mühafizə işinin təşkilində başlıca boşluqlar, problemlər hansılardır?

- Bir çox sahələrdə olduğu kimi mühafizə işinin təşkilində də müəyyən boşluqlar, çatışmazlıqlar var. İlk öncə bu sahəyə baxışı dəyişmək lazımdır. Nəzərə almaq lazımdır ki, mühafizə sahəsi həm insanların həyat və sağlamlıqlarının, həm onların əmlaklarının, həm də ətraf mühitin qorunmasını özündə ehtiva edən ciddi və vacib bir sahədir. Bu sahədə əsas boşluqlar da məhz bu sahəyə biganəlikdən, laqeyd və səhlənkar yanaşmadan irəli gəlir.

Məsələn, hansısa bir sahibkar milyonlarla qiyməti olan bir fabrik, zavod tikir, iş yeri yaradır. Lakin təhlükəsizlik tədbirləri ən sonda yada düşür, bu sahəyə az önəm verilir. Halbuki obyekt tikilərkən, iş yeri yaradılarkən ilk növbədə təhlükəsizlik mütəxəssisləri dəvət olunmalı, onlar əraziyə baxış keçirərək təhlükəsizlik standartlarını, bu sahədə görülməli olan tədbirləri müəyyənləşdirməli və yalnız həmin tədbirlər icra olunduqdan sonra tikintiyə başlanmalıdır. Yəni, hər bir obyekt təhlükəsizlik standartlarına uyğun tikilməlidir. Belə olan halda hər hansı bir qəzanın, xoşagəlməz hadisənin baş verəcəyi təqdirdə həm insan itkisi minimuma enər, həm də obyektə, eləcə də ətraf mühitə az zərər dəyər.

- Son vaxtlar qadınların da mühafizə işinə maraq göstərdiklərinin şahidi oluruq. Qadınlar daha çox hansı sahələrdə mühafizəçi kimi işləməyə üstünlük verirlər?

- Qeyd etdiyiniz kimi, mühafizə sahəsində çalışan qadınlar da var. Əsasən xidmət və sənaye sahələrində fəaliyyət göstərirlər. Sevindirici haldır ki, onlar öz işlərinə çox məsuliyytlə yanaşırlar. Onlarla bağlı hər hansı narazılıq demək olar ki, yoxdur.

Təbii ki, hər xanımı da mühafizə işinə götürmürlər. Onlar da kişilər kimi müəyyən attestasiyadan keçir, treninqlərdə, kurslarda iştirak edirlər.

- Mühafizə işində çalışan şəxslərin bilik və bacarıqlarının artırılması üçün hansı işlər görürsünüz?

- Mühafizə işində çalışan şəxslərin bilik və bacarıqları mütəmadi olaraq artırılmalıdır. Lakin əfsuslar olsun ki, mühafizə sahəsinə biganə münasibət göstərildiyi kimi, mühafizəçilərin bilik və bacarıqlarının artırılmasında da laqeyd münasibət var. İşçi var ki, illərlə treninq keçmir. Halbuki hər bir işçi ildə ən az iki dəfə təlimlərdə iştirak etməlidir.

Bununla belə tərəfimizdən bu sahədə ardıcıl tədbirlər görülür. Belə ki, mühafizəçilərin bilik və bacarıqlarının artırılması üçün mütəmadi olaraq müəyyən kurslar, treninqlər təşkil edilir, sertifikasiyadan keçirlər. Bu kurslarda mühafizəçilərə yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik, əməyin mühafizəsi, elektron mühafizə, eyni zamanda ilk tibbi yardım, psixologiya, kriminalistika və hüquq sahələri ilə bağlı ümumi baza bilikləri öyrədilir.

Göründüyü kimi, mühafizə işi çox ciddi bir işdir. Bu işdə çalışanlar həm dövlət (uşaq bağçaları, məktəblər, xəstəxanalar, dövlət qurumlarının binaları və s.), həm də özəl müəssisələrin (özəl şirkətlər, zavodlar, ticarət mərkəzləri və s.) mühafizə olunmasına və bu müəssisələrdə çalışan insanların təhlükəsizliyinə cavabdehlik daşıyırlar.

- Ölkəmizdə təhlükəsizlik işinin keyfiyyətinin artırılması, eyni zamanda əhalinin bu sahə ilə bağlı maarifləndirilməsi üçün hansı addımlar atılmalıdır?

- Təəssüflə qeyd etməliyəm ki, ölkəmizdə mühafizə sisteminin vəziyyəti, mühafizə işinin keyfiyyəti heç də ürəkaçan deyil. Birinci növbədə mühafizə sisteminə baxışı, münasibəti dəyişmək lazımdır. Yuxarıda da qeyd etdiyim kimi, mühafizə işi çox vacib, həyati əhəmiyyətli bir işdir. Bir çox xarici şirkətlərin təcrübəsini misal çəkmək olar. Həmin şirkətlərdə təhlükəsizlik elə yüksək səviyyədə qurulub ki, mühafizə içisi hətta şirkətin rəhbər şəxslərindən belə təhlükəsizlik qaydalarına əməl etməyi tələb edir. Onlar da bu tələbə əməl edirlər. Çünki qaydalar hamı üçün eynidir, xüsusən də təhlükəsizlik qaydaları. Bizdə də bu cür olmasını istəyiriksə birinci növbədə mühafizə sisteminə baxışı, münasibəti dəyişməliyik. Bu baxımdan şirkət rəhbərlərinin, sahibkarların üzərinə böyük məsuliyyət düşür. Çünki onların rəhbəri olduqları müəssisədə təhlükəsizliyin, mühafizə işinin təşkili onların bu işə verdikləri önəmdən birbaşa asılıdır.

Digər tərəfdən yaxşı olardı ki, aidiyyatı dövlət qurumları vaxtaşırı idarə və müəssisələrdə monitorinqlər keçirsin, onlarda mühafizə işinin təşkilini yoxlasın, bu sahədə işin keyfiyyətinin yüksəldilməsi üçün tövsiyələrini versin və yaxud da mühafizə işinin təşkilinə məsul şəxslər təlim və treninqlərə cəlb olunsun.

Təəssüf ki, bir çox sahibkar hesab edir ki, mühafizəyə ayrılan vəsait batır, lazımsız xərcdir. Ancaq yanğın baş verən zaman sahibkarlar külli miqdarda ziyana düşürlər. Hətta insanlar xəsarət alır, ölüm halları olur. Halbuki mühafizə işi sistemli şəkildə qurularsa sahibkar həm əmlakını, həm də onun müəssisəsində çalışan insanların təhlükəsizliyini sığortalamış olur. Buna görə də ölkəmizdə mühafizə işinin təşkilinin keyfiyyətinin artırılması üçün daha ciddi işlər görülməli, həm şirkət rəhbərləri, həm də əhali arasında geniş maarifləndirmə işi aparılmalıdır.

B.Cahandarov

Paylaş:
1483

Son xəbərlər

COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37
Bütün xəbərlər