“YAŞAT” Fondunun birillik fəaliyyəti xalqımızın xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərinə sadiqliyinin təsdiqidir - Vüqar Rəhimzadə
Azərbaycan 30 ilin işğalına 44 gündə son qoydu. Bu, böyük şücaətin, qəhrəmanlığın, ən əsası düşünülmüş siyasətin, torpaq, Vətən sevgisinin nəticəsidir.
Artıq Dağlıq Qarabağ deyilən ərazi vahidi yoxdur. 30 il dünyaya bəyan edilən Qarabağ həqiqətlərinin fonunda formalaşan möhkəm hüquqi baza Azərbaycanın döyüş meydanında da üstünlük qazanmasını şərtləndirdi. İşğalçı Ermənistan və ona havadarlıq edənlər ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğunu qəbul etməli oldular. Azərbaycan yeni reallıqlar yaratdı, diktə edən tərəf kimi hər kəsdən bu reallıqlarla barışmağı tələb edir. Azərbaycanın ərazi bütövlüyünün bərpasının təqdimatı olan 44 günlük İkinci Qarabağ müharibəsinin qəhrəmanları olan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik.
Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğal altında olan ərazilərimizin azad edilməsi uğrunda aparılan döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi, misilsiz şücaət və rəşadət göstərdilər. Ölkəmizdə hərbi qulluqçuların, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsidir. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmış, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Bununla yanaşı, şəhid ailələrinin və Vətənin müdafiəsində iştirak edən şəxslərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması daim vətəndaş cəmiyyətinin də diqqət mərkəzindədir. Azərbaycan xalqı xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini rəhbər tutaraq, təmənnasız kömək ənənələrini davam etdirir, vətəndaşlarımız, xarici ölkələrdə yaşayan soydaşlarımız, sahibkarlar, humanitar və digər təşkilatlar şəhid ailələrinin, müharibə iştirakçılarının və qazilərin zəruri ehtiyaclarının təmin edilməsinə, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsinə yardım sahəsində həmrəylik nümayiş etdirirlər.
Şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə dövlət başçısı İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması da ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Artıq Fondun fəaliyyətinin bir ili tamam olur.
Bəzi mühüm məqamlara diqqət yetirək. Ötən ilin 8 noyabr tarixində Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi olan Şuşamızın işğaldan azad edilməsi müjdəsini dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hansı məkandan xalqımıza çatdırdı? Təbii ki, Şəhidlər xiyabanından. Bu, müharibənin qəhrəmanı olan şəhidlərimizin ruhuna böyük hörmət idi. 44 günlük müharibə Azərbaycanın hərbi-siyasi Qələbəsi ilə başa çatdıqdan sonra dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ilk görüşünə gəldikləri kimlər oldu? 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilər. Bu görüşdə Müzəffər Ali Baş Komandan “Azərbaycan sizin sayənizdə yeni bir dövrə qədəm qoyacaq” söyləyərək bildirmişdir ki, ona görə bu gün, müharibə başa çatandan dərhal sonra sizə öz hörmətimi ifadə etmək üçün gəlmişəm: “Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar.” Möhtərəm Prezidentimiz dəfələrlə bu məqamı qeyd etmişdir ki, bu Qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir.
Vətən müharibəsi dövründə xarici mətbuata çoxsaylı müsahibələrinin birində ölkə Prezidenti İlham Əliyevin “Müharibə hələ davam edir. Cənab Prezident, Sizə ən çox təsir edən, kədərləndirən, ən çox sevindirən nələr oldu” sualına cavabını da yada salmaq istərdik. “Ən çox kədərləndirən bizim itkilərimizdir” söyləyən dövlət başçısı bildirmişdir ki, gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu, xalqımız üçün, onların yaxınları, valideynləri üçün böyük faciədir. Ona görə də hər bir azərbaycanlının həlak olması mənim üçün ən böyük üzüntüdür, istər mülki vətəndaş olsun, istər hərbçi olsun, fərq etməz, onların hamısı bizim soydaşlarımızdır, bizim övladlarımızdır, qardaşlarımızdır: “Ən çox sevindirən isə Azərbaycan xalqının iradəsidir. Çünki mərmi altında yaşayan insan yerindən tərpənmir. Tərtəri Ermənistan Stalinqrada çevirir, ikinci Ağdama, Füzuliyə çevirmək istəyir… İnsanlar yaşayır. Yəni, bu erməni faşizmidir. Bir də ki, qorxutmaq istəyir. Bir də ki, fikri gedir 1990-cı illərə ki, onlar bizə hücum edirdilər, bizim ordumuz onların qabağında dura bilmirdi və bizim vətəndaşlar o bölgələri tərk edirdilər, qaçqın və məcburi köçkünə çevrilirdilər. O fikirlə yaşayırlar. Amma bilməlidirlər ki, indiki Azərbaycan o Azərbaycan deyil. İndiki Azərbaycan güclü dövlətdir və özünü qoruya bilən bir dövlətdir. Bizim insanlarımız mərmi altında yaşayır, oranı tərk etmir, evləri yanır, malları batır, amma deyirlər ki, təki “Vətən sağ olsun!” Bax, məni ən çox sevindirən budur. Eyni zamanda, bununla bərabər, bizim bayrağımızı işğaldan azad edilmiş torpaqlarda görməyimdir. Məni ən çox sevindirən, bax, bunlardır.”
Şəhidlərimiz qanı ilə, döyüşçülərimiz sağlamlıqlarını itirərək, eyni zamanda, dövlətimizin qətiyyəti, xalqımızın iradəsi sayəsində tariximizə Zəfər səhifəsi yazıldı. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 8 noyabr tarixinin Zəfər Günü, 27 sentyabrın Anım Günü kimi təsis olunması da bütün bu məqamları özündə ehtiva edir. Şəhidlərimizin, qazilərimizin götərdikləri qəhrəmanlıq, Vətən, torpaq sevgisi gənclərimiz üçün bir nümunə, məktəbdir. Azərbaycan xalqı bu Zəfəri ilə bir daha yenilməzliyini, məğrurluğunu dünyaya nümayiş etdirdi. Bir daha sübut olundu ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir.
Şəhid ailələrinə, hərbçilərimizə diqqət və qayğı daim dövlət siyasətinin əsasını təşkil edir. Onların sosial problemlərinin həlli hər zaman dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin Qələbənin əbədiləşdirilməsinə xidmət edən addımlarına diqqət yetirək. Vətən müharibəsində Qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub. Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən diqqətin təzahürüdür. Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermis Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri orden və medallarla təltif edilib və bu proses hazırda da davam edir.
Prezident İlham Əliyevin tarixi Qələbəmizdən sonra imzaladığı Fərman və Sərəncamların say tərkibinə və mahiyyətinə diqqət yetirəndə bir daha aydın olur ki, atılan addımlarda əsas məqsədlərdən biri şəhidlərimizin, döyüşçülərimizin vətənpərvərliyini unutmamaq, onların göstərdikləri şücaətdən qürurlanmaq, keçdiyi həyat yolunu hər bir gəncin özü üçün vətənpərvərlik məktəbi kimi dəyərləndirməsinə nail olmaqdır. “Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz.
Əvvəldə də qeyd etdiyimiz kimi, dövlət başçısı İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) yaradılıb. Dövlət hər bir vətəndaşının yanındadır. Xüsusilə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası yolunda canından keçən şəhidlərimizin ailələrinə diqqət və qayğı dövlət siyasətinin əsasında dayanır. Dövlətlə yanaşı, hər bir Azərbaycan vətəndaşı, dövlət və özəl qurumlar bu kateqoriyadan olan insanlara, qazilərimizə diqqət və qayğı ilə yanaşmağa, onlara dəstək olmağa borcludurlar. Xalqımızın 44 günlük İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi birliyi istər şəhid ailələrinə, qazilərimizə diqqət və qayğıda, istərsə də soydaşlarımızın Böyük Qayıdışını təmin etmək üçün işğaldan azad edilmiş ərazilərimizin bərpa və quruculuq işlərində görürük. Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. “YAŞAT” Fondunun yaradılmasında da məqsəd qeyd etdiyimiz kimi, şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir, onların həyat yolu vətənpərvərlik məktəbidir. Ulu öndər Heydər Əliyevin “Gənclərimizi necə tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır” tezisi bütün dövrlərdə öz aktuallığını qoruyur. Belə fədakarlıq, şücaət göstərib Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhidlərimizin ailələrinə təmənnasız dəstək göstərmək hər birimizin borcudur.
“YAŞAT” Fondunun yaradılmasından ötən bir ildə görülən tədbirlərə və əldə edilən nəticələrə statistik rəqəmlər əsasında diqqət yetirməklə bir daha birliyimizin, həmrəyliyimizin, xalqımızın xeyirxahlıq və könüllülük prinsipinə sadiqliyinin şahidi olarıq. 2 dekabr 2021-ci il tarixinədək Fondun hesabına 64 773 763.77 AZN vəsait mədaxil olub. Ölkə ərazisində 2 916 şəhidin ailə üzvləri, habelə 4 946 yaralı olmaqla ümumilikdə 16 348 şəxslə görüşərək ehtiyacları qeydə alınıb və 10 781 şəxsin 15 644 müraciəti icra olunub. Məişət şəraitinin yaxşılaşdırılması üzrə ümumilikdə 8 403 müraciət təmin edilib. 27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı Fond tərəfindən həyata keçirilən “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1000 manat məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5000 manat məbləğində depozit hesabı açılıb. Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 137 və yaralıların 20 müraciəti olmaqla ümumilikdə 157 müraciət təmin edilib. Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 222 822 manat vəsait qarşılanıb. 2 dekabr 2021-ci il tarixinədək Dövlət Agentliyinin “YAŞAT” Fondu ilə iş şöbəsi ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Türk Dünyası Bakı Atatürk Liseyi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Hədəf liseyi, Kaspi Tədris Mərkəzi, Evrika Liseyi, Dünya məktəbi və “Dərs evi” tədris mərkəzi arasında şəhidlərin övladlarına ödənişsiz təhsil alması məqsədilə niyyət protokolu imzalanıb. 2021-2022-ci tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 manat təsis edilib.
Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 2 988 və yaralıların 2 473 müraciəti olmaqla ümumilikdə 5 461 müraciət təmin edilib. Ümumilikdə 150 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyəyə göndərilib, onlardan 117-si ölkəyə geri qayıdıb. Hazırda 33 ağır yaralının müalicəsi Türkiyədə davam edir. “YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib. Ciddi fiziki travma alan yaralıların fiziki bərpa prosesini daha da sürətləndimək üçün “YAŞAT” Fondu tərəfindən xaricdən sifariş edilən “RGO” ortopedik cihazları ölkəmizə gətirilib.
Təbii ki, qeyd etdiklərimiz görülən işlərin yalnız az bir hissəsidir. Bu rəqəmlər “YAŞAT” Fondunun fəaliyyətinə işıq salmaqla yanaşı, vətəndaşlarımızın təmənnasız, könüllü dəstəyinin, şəhid ailələrinə, qazilərmizə diqqət və qayğılarının aydın mənzərəsini yaradır. Xalqımızın 30 illik torpaq həsrətinə son qoyub, milli qürurumuzu, kimliyimizi özümüzə qaytaran, işğaldan azad edilən ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanmasını, torpaqlarımızın öz sahibinə qayıtmasını təmin edən, öz qanları, canları ilə tarix yazan şəhidlərimizin ailələrini, qazilərimizi yaşatmaq üçün “YAŞAT” Fonduna dəstək olaq. Belə təşəbbüslər bizi daha da birləşdirir, həmrəy edir.
Vüqar Rəhimzadə,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru