Avropa Komissiyasının səyləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına yönəldilib - Prezident
Avropa Komissiyasının səyləri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönəldilib.
Biz Avropa Komissiyasının və xüsusilə də cənab Mişelin səylərini yüksək qiymətləndiririk. O, bu ilin yayında Azərbaycanda və Ermənistanda səfərdə olmuşdu. Biz bu səfərdən sonra daim təmasda olmuşuq və o, vəziyyətin təfərrüatından xəbərdardır. Biz onun şəxsi iştirakına böyük dəyər veririk.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Prezident İlham Əliyev Brüsseldə İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində söyləyib.
Dövlətimizin başçısı deyib: “Günün sonunda bizim üçtərəfli görüşümüz oldu və həmin görüş dörd saatdan artıq çəkdi. Hesab edirəm ki, görüş olduqca səmərəli idi. Hər iki tərəf əsasən İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə öz mövqeyini aydın şəkildə təqdim etdi”.
Azərbaycan Prezidenti qeyd edib ki, üçtərəfli görüşdə postmüharibə vəziyyətinin praktiki elementləri, xüsusilə də kommunikasiyaların açılması müzakirə olundu.
“Bu, ötən ilin noyabrında Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli Bəyanatın mühüm hissəsidir. Lakin çox vacib Bəyanatın bu hissəsinin icrası olduqca ləng gedir. Beləliklə, dünən Ermənistan tərəfindən dərhal həyata keçiriləcək fəaliyyətə dair mühüm qərarlar qəbul edildi ki, dəmir yolu layihəsinin praktiki reallaşdırılmasına start verilsin. Bizə gəldikdə, artıq işlərə başlamışıq və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır. Biz, əlbəttə, ümid edirik ki, o vaxta qədər Ermənistan özünün ev tapşırığını yerinə yetirəcək”, - deyə Prezident İlham Əliyev bildirib.