Bayramla əlaqədar bu ailələrin hər birinə 100 manat veriləcək
Prezident İlham Əliyev "Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında" Sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncam Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə qərara alınıb.
Sərəncama əsasən, 2021-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Sərəncamın icrası məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.6.1.1-ci yarımbəndində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitdən 4 800 000 (dörd milyon səkkiz yüz min) manat ayrılıb.