İlham Əliyev: “Düşmən tərəfin 6-8 hərbi qulluqçusu məhv edilib” | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: “Düşmən tərəfin 6-8 hərbi qulluqçusu məhv edilib”

Qafar Ağayev20:55 - 12 / 01 / 2022
İlham Əliyev: “Düşmən tərəfin 6-8 hərbi qulluqçusu məhv edilib”

Azərbaycan Silahlı Qüvvələri cinayətkarları cəzalandırmaq üçün qəti tədbirlər görüblər və bu gün müdafiə nazirindən aldığım məlumata görə düşmən tərəfin 6-8 hərbi qulluqçusu məhv edilib, çoxları yaralanıb.

1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"İşğal faktı nəzərə alınmaqla hərbi quruculuq məsələləri mənim gündəliyimdə həmişə birinci dərəcəli yer tutub. Bu mövzu həm mənim iş qrafikimdə, həm açıq çıxışlarımda, həm də həmkarlarımla əlaqələrimdə həmişə üstünlük təşkil edib. Təbii ki, bu mövzu bütün xalqı birləşdirirdi və biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etməyə çalışmışıq. Təsadüfi deyil ki, biz dövlət büdcəsini nəzərdən keçirən və hazırlayan vaxt mən həmişə göstəriş verirdim ki, ən böyük xərclər hərbi quruculuq üçün ayrılmalıdır. Bu, başqa amillərlə yanaşı, özünün haqlı olduğunu sübut edib. İndiki mərhələyə gəldikdə isə, mən bu barədə danışdım və siz tamamilə düzgün olaraq mənim sözlərimi xatırlatdınız ki, biz bir sıra amillər üzrə dayanmamalıyıq. İlk növbədə, ona görə ki, təəssüflər olsun, Ermənistanda həm iqtidarda, həm müxalifətdə, həm də cəmiyyətdə güclü revanşist əhval-ruhiyyə var. Təəssüf ki, biz bunu real həyatda da görürük. Elə dünən Azərbaycan hərbi qulluqçularına qarşı növbəti hərbi təxribat törədilib. Heç bir əsası olmayan bu təcavüz nəticəsində Azərbaycanın hərbi qulluqçusu öldürülüb. Bu, müharibədən sonra baş verən birinci hadisə deyil. Təəssüf ki, bizim bundan əvvəlki cəza xarakterli bütün cavab tədbirlərimiz Ermənistan üçün ibrət dərsi olmayıb. Dünənki hadisə də istisna deyil. Azərbaycan Silahlı Qüvvələri cinayətkarları cəzalandırmaq üçün qəti tədbirlər görüblər və bu gün müdafiə nazirindən aldığım məlumata görə düşmən tərəfin 6-8 hərbi qulluqçusu məhv edilib, çoxları yaralanıb. Bu hadisədən bir qədər sonra erməni tərəfi təkidlə atəşin dayandırılmasını xahiş etməyə başladı. Lakin onlar başa düşməlidirlər ki, azərbaycanlı hərbi qulluqçunun ölümü heç vaxt onlara bağışlanmayacaq. Erməni tərəfin çoxsaylı xahişlərinə, mən deyərdim, yalvarışlarına, bu hadisənin rusiyalı sülhməramlıların məsuliyyət zonasında deyil, Kəlbəcər istiqamətində baş verməsinə, rusiyalı sülhməramlıların da xahişlərinə baxmayaraq, saat 21:30-da mən müdafiə nazirinə komanda verdim ki, atəş dayandırılsın və erməni tərəfin çoxsaylı yaralılarını götürməsinə imkan verilsin. Yəni, istər bu hadisə, istərsə də əvvəl baş vermiş hadisələr bu şəkildə sona çatıb – cinayətlər, təxribat, gizlincə törədilən alçaq təxribatlar, Azərbaycan tərəfin cəza tədbirləri, sonra da atəşin dayandırılması barədə yalvarışlar. Nəticədə Azərbaycan yenə humanizm nümayiş etdirdi, lakin yalnız bizim fikrimizcə cəza əməliyyatının başa çatdırılmalı olması qənaətinə gələndən sonra.

Əslində, bizim hərbi quruculuğu davam etdirməyimiz bununla izah olunur. Burada bir neçə aspekt var. Birincisi, müharibə dövründə biz, əlbəttə, çoxlu sayda döyüş sursatından istifadə etmişik, indi biz onları bərpa etməliyik və bağlanmış yeni kontraktlar bizim üçün bunu təmin edir. Artıq silah və sursat tədarükü gedir. Növbəti məqam – müxtəlif xarakterli müasir silah sistemlərinin alınmasıdır. Biz bu məsələyə həmişə böyük əhəmiyyət vermişik. Ona görə ki, hərbi texnologiya inkişaf edir və biz həmişə ən yaxşı texnologiyaları almaq istəyirik. Bildiyiniz kimi, bizə silah satmaq istəyənlərin sayı baxımından problemimiz yoxdur. Üçüncüsü – Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması. İkinci Qarabağ müharibəsi Böyük Qələbə ilə yanaşı, həm də əməliyyatlar aparılması sahəsində böyük təcrübə deməkdir. Bu, Silahlı Qüvvələrin təlim şəraitində deyil, əməli işdə yoxlanmasıdır və bizim Silahlı Qüvvələr bu yoxlamadan şərəflə çıxdılar. Bununla belə, İkinci Qarabağ müharibəsi bizim bundan sonra nə etməli olduğumuzu, hərbi infrastrukturun hansı elementlərinin bizim tərəfimizdən ya istifadə edilməməsini, ya çox məhdud formatda istifadə edilməsini, ya da onların zəif olmasını göstərdi. Bu da böyük təcrübədir. Lakin indi dediklərimdən artığını məlum səbəblərə görə deyə bilmərəm. Komando qüvvələrinin yaradılması bizim hərbi potensialı təkmilləşdirmə elementlərindən yalnız biridir və lakin çox vacib elementdir. Bu proses başlanıb və artıq dediyim kimi, davam etdiriləcək.

Xüsusi təyinatlı qüvvələr İkinci Qarabağ müharibəsi dövründə özlərini ən yaxşı cəhətdən göstərdilər. Mən bunu dəfələrlə demişəm. Buna görə də həmin qüvvələrin təkmilləşdirilməsi, həmçinin xüsusi təyinatlı yeni qüvvələrin yaradılması vəziyyətin diktə etdiyi zərurətdir. Söhbət revanş cəhdlərindən gedir. Söhbət ondan gedir ki, bir ildən, iki ildən, beş ildən sonra nə olacağını bilmirik. Bu gün Ermənistan ordusu tamamilə bərbad vəziyyətdədir və İkinci Qarabağ müharibəsi dövründə olduğundan daha artıq dərəcədə bizə müqavimət göstərməyə qabil deyil. Biz Ermənistanda həm öz qüvvələri, həm də onların tərəfdaşlarının köməyi ilə bütün hərbi quruculuq cəhdlərini çox diqqətlə izləyirik. Buna görə mən səmimi və açıq demişəm ki, əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir.

Beləliklə, bizim gördüyümüz tədbirlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsi dövründə nümayiş etdirildiyindən daha güclü olacaq. Hərçənd, artıq hamının bildiyi kimi, bizim nümayiş etdirdiyimiz həm mütəxəssislərin, həm də bir sıra ölkələrin ictimaiyyətinin gizlətmədiyi heyranlıq doğurub. Bu gözlənilməz və gizlədilməyən heyranlıq, əlbəttə, bizdə, hər kəsdə qürur hissi doğurub. Lakin, eyni zamanda, biz, necə deyərlər, qürrələnməməli, lovğalanmamalı, özlərini böyük döyüşçülər hesab edən, lakin, əslində, sprintdə yeni rekordlar müəyyən etmiş böyük sprinterlər olan erməni tərəfin səhvlərini təkrarlamamalıyıq. Əlbəttə, belə olmayacaq, lakin hər halda indi mənim hərəkətlərim, o cümlədən hərbi quruculuq çərçivəsində hərəkətlərim reallıqlardan kənara çıxmamağa yönəlib. Biz nə lazımdırsa onu etmişik, ləyaqətlə, şərəflə, ədalətlə etmişik və gələcək haqqında, Azərbaycan Silahlı Qüvvələrinin xalqımızı və dövlətimizi bütün mümkün təhlükələrdən qoruya bilməsi barədə düşünməliyik. Fikrimcə, müharibədən sonrakı dövr, - ötən bir il ərzində çox hadisələr baş verib, özü də təkcə Ermənistana münasibətdə deyil, - nümayiş etdirib ki, biz özümüzü layiqincə qorumağı bacarırıq".

Paylaş:
351

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər