Zelenski: Biz Azərbaycanda bərpa işlərinin aparılmasında iştirak etmək fikrindəyik
2024-cü ilə qədər Ukrayna və Azərbaycan arasında ticarət dövriyyəsinin daha da artırılması ilə bağlı dəqiq planımız var.
Biz, həmçinin bir sıra birgə genişmiqyaslı layihələr əsasında sərmayələrin qoyulmasında, Azərbaycanda bərpa işlərinin aparılmasında iştirak etmək fikrindəyik.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata bəyanatında bildirib.
“Ukraynanın şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə iştirak edə bilər. İndicə cənab Azərbaycan Prezidenti bizi dəvət etdi. Təbii ki, Azərbaycan şirkətləri də Ukraynada fəaliyyət göstərir. Biz, eyni zamanda, təbii ki, avtomatlaşdırma və bu kimi sahələrdə şirkətlərimizlə əməkdaşlığın genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu əməkdaşlıq qarşılıqlı şəkildə faydalı ola bilər”, - deyə Ukrayna Prezidenti vurğulayıb.
Danışıqlarda tranzit potensialının da nəzərdən keçirildiyini bildirən Volodimir Zelenski deyib: “Belə bir nəticəyə gəldik ki, müxtəlif dövlət qurumları və agentlikləri arasında bu təmasları daha da genişləndirərək bu sahədə təcrübəni artırmalıyıq. Daha sonra aviasiya sahəsində istərdik əməkdaşlığımız genişlənsin. Bir sıra təşəbbüsləri irəli sürmüşük. Tutaq ki, nəqliyyat dəhlizlərinin GUAM çərçivəsində daha da genişləndirilməsində iştirak etməliyik. Burada Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna var, bildiyiniz kimi, bu əlaqələr genişlənməlidir”.