Bolqarıstanın Hərbi Akademiyasının rəisi Azərbaycana gəlib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Bolqarıstanın Hərbi Akademiyasının rəisi Azərbaycana gəlib – FOTO – VİDEO

S.Xankişiyeva10:55 - 18 / 01 / 2022
Bolqarıstanın Hərbi Akademiyasının rəisi Azərbaycana gəlib – FOTO – VİDEO

Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev Bolqarıstanın G.S.Rakovski adına Hərbi Akademiyasının rəisi general-mayor Qrudi Angelovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin dostluq və səmərəli əməkdaşlıq üzərində qurulduğunu vurğulayan general-leytenant Heydər Piriyev ölkəmizdə müasir ordu quruculuğu və hərbi qulluqçuların peşakarlıq səviyyəsinin artırılması istiqamətində aparılan işlər barədə danışıb. Qeyd olunub ki, ölkəmizdə hərbi təhsil sistemi müasir dünya praktikası və Vətən müharibəsində qazanılan təcrübələr də nəzərə alınmaqla həyata keçirilir.

Qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-mayor Q.Angelov qeyd edib ki, peşəkar zabit kadrlarının hazırlanması Bolqarıstan Silahlı Qüvvələrində də prioritet sahələrdəndir.

Görüşdə tərəflər təhsil sahəsində birgə əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

Daha sonra hər iki ölkənin hərbi təhsil sistemləri, eləcə də Hərbi Akademiyanın tarixi və fəaliyyəti barədə brifinqlər təqdim edilib. Bolqarıstanın nümayəndə heyəti burada keçirilən dərs prosesinin gedişatı ilə tanış olub.

Sonda qonaqların Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil edilib.

Paylaş:
648

Son xəbərlər

Bütün xəbərlər