Yerli sərnişindaşıma şirkətləri beynəlxalq taksi xidmətlərinə qarşı – Narazılıqlar nədədir?
Bir sıra yerli taksi şirkətləri bazarda bərabər şərtlərin və ədatəli rəqabətin yaradılması, həmçinin göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının yaradılması təşəbbüsü ilə çıxış edir.
Xüsusilə də söhbət ölkədə taksi xidməti göstərən iri beynəlxalq platformaların populyarlıq qazandığı son illərdə yerli bazarda yaranmış şərtlər fonunda sürücülərin, sərnişinlərin və şirkətlərin hüquqlarının müdafiəsindən gedir.
Assosiasiyanın yaradılması təşəbbüsü barədə 1news.az “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2022-ci il tarixli Fərmanından iki gün sonra xəbər əldə edib.
Assosiasiyanın yaradılması təşəbbüsünə tərəfdar olan taksi şirkətləri – “Ekonom Taxi *9111”, “Bonus Taxi *8111”, “Taxi Klub Azerbaijan”, “Taxi TV Azerbaijan”, “Aga Natiq Taxi” və digərləri 1news.az redaksiyasına məktubla müraciət edib.
Assosiasiyanın yaradılmasının əsas məqsədi kimi şirkətlər vahid hüquq və vergi qaydalarının tətbiqini, həmçinin həm daşıyıcıların, həm də sərnişinlərin hüquqlarını qorumalı olan vahid keyfiyyət yanaşmalarının və meyarlarının işlənib hazırlanması hesabına bütün bazar iştirakçıları üçün ədalətli rəqabətə nail olunmasını göstərirlər.
Bura həmçinin fəaliyyətin koordinasiyasının və dövlət qurumları qarşısında vahid mövqedən çıxış etmək imkanının asanlaşdırılması üçün Azərbaycan ərazisində fəaliyyət göstərən bütün daşıyıcıların vahid məlumat bazasının yaradılmasını aid etmək olar.
Mahiyyət etibarilə Assosiasiyanın yaradılması son 5 ildə bazarı demək olar ki, tam ələ keçirmiş iri beynəlxalq taksi platformalarından qorunmaq vasitəsidir. Onların populyarlığı sifarişlərin tətbiq vasitəsilə edilməsi, nağdsız ödəniş imkanı və ən əsası, son dərəcə aşağı qiymətlərlə bağlıdır.
Bu sahədə mövcud ümumi problemlərdən savayı yerli daşıma şirkətləri tənzimlənməyən ayrı-ayrı nüansları da qeyd edirlər. Onların sözlərinə görə, bu cür nüanslar bütün sahəyə zərər vurur. Məsələn, “Ekonom Taxi *9111” şirkətinin rəhbəri Aydın Həsənov son illərdə taksi sürücüsü kimi işləmək üçün lisenziyası olmadan taksi fəaliyyəti ilə məşğul olan qeyri-peşəkar sürücülərin sayının artmasını böyük problem hesab edir.
“Sürücülərin icazə sənədlərinin olub-olmadığı yoxlamaq üçün şəraitin yaradılmasına çağırırıq. İndiki məqamda bunu heç kimi etmir”, - Aydın Həsənov 1news.az-a bildirib.
“Yol polisi pozuntuya yol verməmiş taksi sürücülərini sənədləri yoxlamaq üçün saxlamaq hüququna malik deyil. Bunu vergi inspeksiyası həyata keçirməlidir. Lakin paradoks bundan ibarətdir ki, heç bu xidmətin də hərəkətdə olan nəqliyyat vasitəsini saxlamaq hüququ yoxdur. Bu halda çıxılmaz vəziyyət yaradır”, - o deyir.
Aydın Həsənovun sözlərinə görə, heç bir nəzarətin olmaması taksi xidməti göstərən bəzi iri beynəlxalq şirkətlərin Azərbaycan bazarında kök salmasına gətirib çıxarıb. Onun fikrincə, bu cür şirkətlər qanundakı boşluqlardan istifadə edərək, keyfiyyət, həmçinin sərnişinlərin təhlükəsizliyi və rahatlığı üçün heç bir məsuliyyət daşımadan öz bizneslərini həyata keçirirlər.
Bu kontekstdə Aydın Həsənov sürücülərin beynəlxalq taksi aqreqatlarına işə götürülməsi problemini göstərir. Onun sözlərinə görə, bunun üçün şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin (texpasport) surətini təqdim etməklə sürücünün onlayn qaydada müraciət etməsi kifayətdir.
“Başqa heç bir şey - nə sürücünün sağlamlığı haqqında tibbi arayış, nə narkoloji dispanserdən çıxarış, nə şəxsin şəhər yollarını tanıyıb-tanımaması, nə sürücülük bacarığı, nə ümumiyyətlə adekvat olub-olmaması, nə də avtomobilinin vəziyyəti yoxlanılmır”, - o deyib. Şirkət rəhbəri qeyd edib ki, Azərbaycanda qeydiyyatdan keçmiş şirkətlərə işə düzələrkən hər bir sürücü ilə fərdi söhbət aparılır ki, bu da uyğun olmayan namizədləri müəyyən etməyə imkan verir.
Bundan başqa, Assosiasiyanın yaradılmasına tərəfdar olan şirkətlər bildirir ki, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq taksi platformaları hüquqi baxımdan sürücü və müştəri arasında vasitəçi kimi qeydiyyatdan keçir və onlar arasında vasitəçilik etməklə müəyyən faiz əldə edirlər. Bu isə o deməkdir ki, hər hansı fövqəladə hadisə baş verdikdə onlar heç bir məsuliyyət daşımır.
Məsələ burasındadır ki, aqreqatlar sürücülərlə müqavilə əsasında işləyir və bu səbəbdən onlara birbaşa təsir vasitəsinə malik olmur. Taksi xidmətlərinin çoxunda nəzarət tədbiri kimi sürücünün reytinq sistemindən istifadə edilir ki, bu da hər səfərdən sonra sərnişinlərin rəyləri əsasında formalaşır. Reytinqi daim aşağı olarsa sürücü daha az sifariş alır və ya tam bloklanmaq təhlükəsi ilə üzləşir.
Lakin redaksiya olaraq qeyd edək ki, təkcə beynəlxalq şirkətlərdə deyil, bəzi yerli şirkətlərdə də hüquqi öhdəlik eyni qaydada rəsmiləşdirilir.
Taksi sürücülərinin iştirakı ilə qeydə alınmış fövqəladə hadisələr barədə dəfələrlə yazmışıq.
Bakıda taksi xidməti həqiqətən də arzuolunan səviyyədə deyil və yalnız tənbəl adamlar taksi sürücülərindən şikayətlənmir.
İnsanlar daha çox sürücülərin şəhəri tanımamasından, naviqasiya tətbiqlərindən istifadə edə edilməməsindən, gecikməsindən, səbəbsiz yerə sifarişi ləğv etməsindən, yolda təhlükəsizlik qaydalarına riayət etməməsindən, həmçinin maşınların təhlükəsizlik və gigiyena normalarına uyğun olmamasından şikayətlənirlər. Sürücülərin nağdsız ödənişlə işləmək istəməməsini ayrıca şikayətlər kateqoriyasına aid etmək olar.
“Bonus Taxi *8111” şirkətinin baş meneceri Fərid Məmmədəliyev də əmindir ki, məhz beynəlxalq taksi platformalarının siyasəti bu sahədə xidmət səviyyəsinin pisləşməsinə səbəb olur.
“Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlər böyük resurslar hesabına qiymətləri süni şəkildə aşağı salmaqla keyfiyyət səviyyəsinin də aşağı düşməsinə səbəb olurlar”, - o, “1news.az” saytına bildirib. O qeyd edib ki, Azərbaycanda qeydiyyatdan keçməyən beynəlxalq şirkətlər vergidən yayınaraq, qiymətləri süni şəkildə aşağı salır.
“Biz fərqli çəki kateqoriyalarında çıxış edirik. Onlar vergi ödəmədiyi halda, biz vergi ödəyirik. Bu, onlara bu cür aşağı daşıma qiymətləri müəyyən etmək imkanı verir. Nəticədə, Azərbaycan şirkətləri sözün həqiqi mənasında məhv olur”, - o deyib.
Qeyd edək ki, heç sürücülər də aşağı qiymətlərdən razı deyillər. Onların əksəriyyəti hazırki qiymətləri süni şəkildə aşağı salınmış hesab edir. Nəticədə, onlar yanacaq və digər yol xərclərini qarşılamaq və bir qədər qazanc əldə etmək üçün saatlarla işləmək məcburiyyətində qalırlar.
Həddən artıq aşağı qiymət bir çox sürücülərin ümumiyyətlə “pik” saatlarında işləməkdən imtina etməsi ilə nəticələnir, belə ki, bu, sadəcə onlara sərf etmir. Axı cəmi 5 il əvvəl Bakıda heç kimin ağlına gəlməzdi ki, şəhər daxilində taksi ilə şərti 1,70 AZN-ə hərəkət etmək olar, yaxud şəhərin mərkəzindən şəhərətrafı ərazilərə şərti 4,60 – 5,20 AZN-ə getmək olar.
Nəticədə, “pik” saatlarında Bakıda sifariş etmək bəzən mümkünsüz olur.
“Bonus Taxi *8111” şirkətini təmsil edən Fərid Məmmədəliyevin sözlərinə görə, yerli şirkətlər tariflərin və sərnişinlər üçün qiymətlərin artırılmasından daha çox bərabər şərtlərlə işləmək imkanına çalışır.
“Biz bütün şirkətlərin bərabər ilkin şərtlərlə işləməsi, sürücülərin vergi ödəməsi, Dövlət Sosial Müdafiə Fonduna ödəniş etməsi, həmçinin rəqabətin xidmət keyfiyyəti üçün olması məsələsini qaldırırıq”, - o deyib.
O hesab edir ki, dövlətin qiymətlərin formalaşması məsələsinə müdaxilə etməsinə ehtiyac yoxdur, çünki qiyməti bazar formalaşdırır. Yerli daşıma şirkətlərinin dövlətdən yeganə gözləntisi bazar iştirakçıları, avtomobillər və sürücülər üçün vahid standartların və tələblərin işlənib hazırlanmasına dəstək verilməsi ilə bağlıdır.
Bundan başqa, yerli daşıma şirkətləri taksi kimi qeydiyyatdan keçmiş maşınların müştərini gözləyərkən müvəqqəti saxlama, həmçinin bu sahədə fəaliyyət göstərən bütün iştiraklar arasında vahid məlumat bazasının yaradılması məsələsinin həllini vacib hesab edir. Sonuncu məsələ təhlükəsizliyi ciddi şəkildə pozması səbəbindən bir şirkətlə müqaviləsinə xitam verilmiş sürücülər haqqında məlumatların digər şirkətlər üçün də əlçatan olması baxımından əhəmiyyətlidir.
Hazırda Bakıda fəaliyyət ən iri və populyar beynəlxalq taksi xidmətlərinin “Uber” və “Bolt” olduğunu nəzərə alaraq, məqalədə qeyd olunmuş məsələlərlə bağlı öz mövqelərini ifadə etmələri üçün hər iki şirkətə sorğu göndərmişik. Bu şirkətlərin rəyləri alındıqdan sonra ayrıca məqalə kimi dərc ediləcək.
Mövzu ilə əlaqədar oxuyun:
Qadın sərnişinlərə əxlaqsız təklif edən taksi sürücüləri ilə bağlı araşdırmalara başlanıldı
Bakıda xanım sərnişinə çay içmək təklif edən taksi sürücüsü saxlanıldı - VİDEO
Bolt dondurma hadisəsinə reaksiya verib – VİDEO
Yelena Ostapenko, Natali Aleksandrova