Putin qondarma “DXR” və “LXR”-ı tanıyacağını dedi
Rusiya Ukraynanın separatçı regionları olan Donetsk və Luhanskın müstəqilliyini tanıyıb.
1news.az-ın BBC Azərbaycancaya istinadən xəbərinə görə, bu, Rusiyanın işğal planları barədə narahatlıqların artmasına səbəb olacaq addım kimi görülür.
Rusiya prezidenti Vladimir Putinin Donetsk Xalq Respublikası və Luhansk Xalq Respublikasının müstəqilliyini tanıması barədə fərman imzalayacağı gözlənilir.
Onun yaxın saatlarda xalqa müraciəti də gözlənilir.
Kreml deyib ki, Putin artıq bu barədə Fransa və Almaniya liderlərinə xəbər verib.
Bu gün Prezident Vladimir Putin Rusiyanın Təhlükəsizlik Şurasının təcili iclasında demişdi ki, tanınmamış Donetsk Xalq Respublikası və tanınmamış Luhansk Xalq Respublikası liderlərinin suverenliyin tanınması ilə bağlı müraciətlərinə baxılacaq.
Həmin iclasda Dövlət Dumasının və Federasiya Şurasının spikerləri də tanınmamış DXR və tanınmamış LXR-nin müstəqilliyinin tanınmasına çağırış ediblər. Digər rəsmilər də oxşar fikirlər səsləndiriblər. Xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, həmçinin Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak çıxışlar ediblər.
Putin bildirib ki, Ukrayna hakimiyyəti Minsk razılaşmalarını yerinə yetirmək fikrində deyil. Dmitri Kozak onunla razılaşıb. Putin sözü Təhlükəsizlik Şurası sədrinin birinci müavini Dmitri Medvedevə də verib. Rusiya Federasiyasının keçmiş prezidenti Medvedev çıxışında 2008-ci ildə Cənubi Osetiya və Abxaziyanın tanınması barədə qərarını necə verdiyini xatırlayıb.
Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Vaşinqtonu Ukrayna üzrə əsas müzakirəçi adlandırıb və ABŞ-la danışıqlara çağırıb. Baş nazir Mixail Mişustin gözlənilən sanksiyalardan danışıb, amma Patruşevi də dəstəkləyib. Onlar Moskvanın mövqeyini Vaşinqtona çatdırmağı, əgər "hərəkət" olmasa, əks təqdirdə DXR və LXR-i tanımağı təklif ediblər.