Ceyhun Bayramov BQXK prezidenti ilə itkin düşən azərbaycanlıların taleyini müzakirə edib
Martın 12-də Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən 1news.az-a bildirilib ki, görüşdə Azərbaycan ilə BQXK arasında uzun illərdən bəri mövcud olan əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb. Azərbaycanla BQXK arasında Ermənistanın 30 ilə yaxın davam edən hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması istiqamətində göstərilən fəaliyyət qeyd edilib.
BQXK-nın Prezidenti Azərbaycanla əməkdaşlığa açıq olduğunu diqqətə çatdırıb, bu illər ərzində həyata keçirilən işbirliyindən məmnunluqlarını ifadə edib.
Nazir Ceyhun Bayramov itkin düşmüş şəxslərlə bağlı məlumatın əldə edilməsi, o cümlədən 1990-cı ilin əvvəllərindən itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinin müəyyən edilməsi üçün müvafiq işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə, eyni zamanda, Azərbaycanın azad edilmiş ərazilərində mina və bunun doğurduğu humanitar fəlakət məsələləri müzakirə mövzusu təşkil edib. Tərəflər mina probleminin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın BQXK ilə mümkün əməkdaşlığı üzrə fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin humanitar fəaliyyət ilə bağlı qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.