Sevinc Fətəliyeva: Azərbaycan Cənubi Qafqaz regionunun inkişafına xidmət edən önəmli təşəbbüslərə imza atır
“Azərbaycan Cənubi Qafqaz regionunun inkişafına xidmət edən önəmli təşəbbüslərə imza atır. Bu baxımdan Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması böyük əhəmiyyət kəsb edir. Bu sənədin geosiyasi önəmi də xüssui vurğulanmalıdır”.
Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Sevinc Fətəliyeva bildirib ki, ötən illər ərzində Azərbaycanın liderliyi ilə regionda bir sıra nəhəng layihələr reallaşdırılıb. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Şərq-Qərb nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti bütövlükdə Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən müəyyənləşdirib. Azərbaycanla İran arasında Anlaşma Memorandumunun imzalanması da bu prosesin davamı və regional təhlükəsizliyə, əməkdaşlığa yeni töhfədir. Məqsəd Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir.
Millət vəkilinin sözlərinə görə, postmüharibə dövrünün reallıqları region dövlətlərinin yeni, sağlam mövqe ortaya qoymasını zəruri edir. Amma Ermənistan hələ də bu reallığı dərk etmir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə hər kəsin, o cümlədən Ermənistanın yeni reallıqları qəbul etməli olduğunu qeyd edib. Dövlətimizin başçısı Azərbaycanın regionda kommunikasiyaların bərpasına nail olacağını da qətiyyətlə vurğulayıb. Ermənistan isə müharibənin başa çatmasından keçən dövr ərzində kommunikasiyaların bərpası, yeni dəhlizin yaradılması ilə əlaqədar qeyri-müəyyən şərait yaratmağa, vaxtı uzatmağa çalışıb, müxtəlif bəhanələr irəli sürüb.
“Paşinyan hakimiyyəti yəqin ki, kommunikasiyaların yalnız onun razılığı reallaşacağını düşünürdü. Lakin çox yanıldılar, niyyətləri iflasa uğradı. Dövlətimiz çox strateji gediş edərək belə bir sənədə imza atdı. Görünən odur ki, Ermənistan yenə də mühüm geostrateji əhəmiyyətə malik layihədən kənarda qalır. Ermənistan artıq geosiyasi dalandır. Bu gün Paşinyan hakimiyyətinin davranışları təcrid vəziyyətini dərinləşdirir. Ermənistan özünü siyasi qeyri-müəyyənlik şəraitində hiss edir, ağıllı qərar verə və konkret addım ata bilmir. Ermənistan regional əməkdaşlıq imkanlarından kənarda qalır. Amma Ermənistan öz səhvini düzəldə bilər. Bunun üçün isə Zəngəzur dəhlizinin reallaşması üçün bütün razılaşmalara əməl etməlidir. Belə olduğu təqdirdə, bu ölkə Cənubi Qazqaz regionun yeni inkişaf mərhələsində iştirakçı ola bilər”,-deyə S.Fətəliyeva vurğulayıb.