Rais Rəsulzadə: “Rəsulzadənin nəvəsi olmaq həm şərəfdir, həm də böyük məsuliyyətdir” - MÜSAHİBƏ
“Atam Azər Rəsulzadə Bakıya gedən gəmiyə minməyə az qalmış dözə bilməyib, özünü dənizə atıb. Camaat toplaşıb ətrafına. Görüblər suyu öpür, təəccüblə baxıblar”.
Bunu 1news.az-a müsahibəsində Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Azərbaycanın Əməkdar rəssamı, prezident təqaüdçüsü Rais Rəsulzadə deyib. O, M.Ə.Rəsulzadə və atası ilə bağlı xatirələrini bölüşməklə yanaşı, şəxsi həyatı və yaradıcılığı ilə bağlı da məlumat verib. Müsahibəni təqdim edirik.
- M.Ə.Rəsulzadə kimi dahi bir şəxsiyyətin nəvəsi olmaq, onun soyadını daşımaq necə bir hissdir?
- Bir dəfə emalatxanada idim. Radioda M.Ə.Rəsulzadə haqqında veriliş verilirdi. Müəllimim verilişə qulaq asandan sonra dedi: “Vəssalam, sən tarixi şəxsiyyət oldun. İndi özünü qoru” (gülür-red.). Ona görə də M.Ə.Rəsulzadənin nəvəsi olmaq həm şərəfdir, həm də böyük məsuliyyətdir. Nə isə edəndə, danışanda düşünməli olursan.
Mən dövlət məmuru deyiləm, ancaq həmişə Azərbaycanın milli maraqlarını düşünməliyəm. Çünki bu dövlət xalqa aiddir. Azərbaycanımız bir dənədir və biz nəyin bahasına olur-olsun onu qorumalıyıq.
- M.Ə.Rəsulzadənin adı bəzən “Məmməd Əmin Rəsulzadə”, bəzən də “Məhəmməd Əmin Rəsulzadə” olaraq işlədilir. Ankaradakı məzarında isə adının türkcə” Mehmet Emin” formasında yazıldığını görürük. Ancaq Məhəmməd adının türkcə qarşılığı “Muhammed”dir. İstərdim, M.Ə.Rəsulzadənin adı ilə bağlı qarşılaşdığımız bu fərqliliyə aydınlıq gətirəsiniz.
- Babam siyasi fəaliyyətə təxminən 1905-ci ildən başlayıb. Bütün ömrünü Azərbaycanın istiqlalına, Azərbaycan xalqının maraqlarına sərf edib deyə ona ayrı-ayrı dövrlərdə çoxlu təzyiqlər olub. Buna görə də yazılarını hərdən başqa imzalarla yazıb.
Babam ruhani ailəsində doğulub. Atası Axund Ələkbər də ziyalı şəxs olub. Ruhani ailəsindən olduğu üçün adının düzgün forması Məhəmməddir. Bu ad həm də Peyğəmbərimizin adı olub. Elə Şirməmməd Hüseynov da bu cür vurğulayırdı: “Məhəmməd Əmin Rəsulzadə”. Adı rus dilində təhrif olunub. Amma əslində Məhəmməd Əmin Rəsulzadə olmalıdır.
- Müsahibələrinizin birində “Buludlar günəşin önünü nə qədər tutsa da, onu yox edə bilməyəcək” demisiniz. Qara buludlarla əhatələnmiş səmanın altında M.Ə.Rəsulzadə ilə Rais Rəsulzadənin ilk görüş tablosunu yaratsaq, Rais bəy babasına nə deyərdi?
- Rais bəy babasına ancaq razılığını bildirərdi. Elə həmin qara buludlar olan dövrdə babanın yanında olmaq lazımdır. Parlaq günəşli günlərdə yox, təntənəli günlərdə yox. Babanın yanında olmaq, baş əymək, əlindən öpmək, “əhsən!” demək və fəxr etmək lazımdır!
Deyərdim ki, sənin yolun ilə getməyə, sənə layiq olmağa çalışacağıq. Sən tək mənim yox, bütün elin, bütün millətin babasısan. Biz hamımız səninlə fəxr edirik, dövlətimizlə fəxr edirik.
- M.Ə.Rəsulzadənin nəvəsi olmaq, onun soyadını daşımaq həyatınıza necə təsir edib?
- Mən gözümü sürgündə açmışam, sürgün həyatı görmüşəm. Özü də harada? Qazaxıstanda - Karaqandanın çöllərində. Alman, belarus, çeçen, ukraynalı, koreyalı, hətta zənci uşaqların arasında olmuşam. Sinifdəki 28 nəfərin hər biri ayrı-ayrı millətlərin nümayəndələri idi. Buna gənc yaşlarımda o qədər əhəmiyyət verməsəm də, sonradan onların sürgün olunan insanların övladları olduğunu anladım.
Doğrudur, Rəsulzadə nəslindən olduğumuz üçün çətinliklərimiz çox olub, ciddi təzyiqlərlə üzləşmişik. Amma bütün bunlara baxmayaraq, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi olmaqdan şərəf duyuram.
- M.Ə.Rəsulzadənin öz səsi ilə qəlbimizə həkk olunan dəyərli sözləri var. Yeri gəlmişkən, səs tonunuz və danışıq üslubunuzla da ona çox bənzəyirsiniz.Onun səsini ilk dəfə eşidəndə nə düşündünüz, hansı hissləri keçirdiniz?
- M.Ə.Rəsulzadə 1949-cu ildə Milli Kültür Dərnəyi yaratmışdı. Həmin dərnəyin rəhbərləri bura gəlib-gedirdilər. Yəni münasibətlər var idi. Mən Ankaraya getməyə can atırdım, amma imkanım yox idi. Elə oldu ki, bizi Rəssamlar İttifaqından İstanbula ezamiyyətə göndərdilər. Oraya getdiyim günün axşamı Ankaraya yollandım. Gedib həmin dərnəyi tapdım, nümayəndələri ilə tanış oldum. Məni Rəsulzadənin dəfn olunduğu məzarlığa apardılar. Sonra onlar yanımdan ayrıldılar, mən orada tək qaldım. Belə desək, babamla ilk dəfə o vaxt ünsiyyətdə oldum. Sonra isə səsini dinlədim. Düzdür, kişi ağlamaz deyərlər, amma babamın səsini eşidəndə kövrəldim...
- 2018-ci ildə M.Ə.Rəsulzadə və onun silahdaşlarının mübarizəsini əks etdirən “Son iclas” filmi çəkildi. Filmin çəkilişləri necə keçdi? Filmdə babanızı canlandırmaq necə bir hiss idi?
- Bu çox maraqlı bir hadisə idi. Bir gün mənə zəng etdilər ki, belə bir film çəkiləcək, sizi də çəkmək istəyirik. Filmin ssenarisini oxuyandan sonra razılaşdım. Sonra çəkiliş üçün İstanbula getdik. Rejissor bizdən iki gün qabaq gedib oranı gəzmiş, çəkilişə uyğun yerlər tapmışdı.
Təsəvvür edin, səhər saat 7-də çəkilişə gəlmişik, görürük ki, küçədə maşınlar durub. Çəkiliş qrupunun uşaqları bir-bir qapıları döyüb “Maşın sizindir?”- deyə soruşurdular. Türklər də yuxulu halda qapını açırdılar ki, mənimdir, nə olub ki? Deyəndə ki, filankəs haqqında film çəkilir, tanıyırdılar. Dərhal gəlib maşınları çəkirdilər, çəkiliş üçün bizə şərait yaradırdılar.
Son kadrların birində Rəsulzadə dənizə baxırdı. Həmin gün hava günəşli və isti idi. Onlarda Kız Kulesi var. Ora bizim bulvar kimidir. Ətrafda turistlər, şəhərin sakinləri gəzişirdilər. Çəkiliş olduğunu görüb yığışıb tamaşa edirdilər. Kadrlar üçün qağayılara ehtiyac var idi. Qayanın dibində oturub çörək atırdılar ki, qağayılar gəlsin (gülür-red.).
Çox maraqlı idi. Əvvəl çəkilən səhnələr təsirli alınmırdı. Sonra dedim ki, olar mən babamın hisslərini istədiyim şəkildə canlandırım? Onlar razılaşdılar. Mən onun məktublarını oxumuşdum. Mühacirətdə keçirdiyi hissləri və son anlarını təsəvvürümə gətirdim. Bu cür çəkdilər və bəyəndilər. Düşünürəm ki, yaxşı bir film alındı.
- AXC-nin süqutundan sonra yaxın qohumlarınız ölkədən sürgün olundular, bir çox çətinliklərlə, təzyiqlərlə üzləşdilər. Bu barədə danışardınız.
- Cümhuriyyətimizin süqutundan sonra verilən vədlərə əməl olunmadı. Hökumət adamları təqib olunur, öldürülürdü. Hətta ruslara qulluq edən bolşevikləri belə güllələyirdilər. Ona görə də Rəsulzadə Bakını tərk etməli olub. Bir gecə Tircan kəndində qaldıqdan sonra Lahıca gedib.
Rəsulzadə həbs olunandan sonra güllələnməyi üçün əmr verilmişdi. Ancaq Azərbaycan xalqı onu çox istədiyi üçün öldürməyə çəkinirdilər. Bizim ailəmizi isə 1937-ci ildə sürgün etdilər. Əmim Rəsul onlardan qabaq həbs olunmuşdu və heç bir məlumat verilmirdi. Ailəm həbs ediləndən sonra Bayıl “türmə”sinə apardılar. Bibim Xalidə orada qışqırıb etiraz etdikdən sonra onları Gəncə “türmə”sinə apardılar. Ora düşən insanlar isə fərqli-fərqli yerlərə sürgün edilirdi. Sonra Qazaxıstana - Çolak-Kurqana apardılar. Çolak-Kurqan Aral gölünün ətrafında bir yer idi və ekoloji baxımdan əlverişli deyildi. Onları bir məktəbə apardılar ki, burada qalmalısınız. Sonra da çıxıb getdilər. Nənəm üzüyünü satdı ki, çörək alsın.
M.Ə.Rəsulzadənin analığı Maral xanım qatarla sürgün olunduqları yerə gedən zaman qatarda gigiyenik şərait olmadığı üçün yolboyu heç nə yeməyib. Təsəvvür edin, bir aya yaxın da yol gediblər. Ancaq qəndi suya batırıb ağzına qoyur və su içirdi. Ona görə də gəlib yemək yeyəndə bağırsaqlarında nə isə problem olub. Bir həkim tapıblar, ancaq həkim baxandan sonra “Kömək etmək mümkün deyil”-deyib. Oradakı yerli mollaların hamısını sürgün etmişdilər. Atam özü qarı təmizləyib yeri qazıb, Maral xanımı dəfn edib.
Sonra Taldı-Kurqan vilayətindən (indiki Almatı vilayəti-red.) sürgün olunanlar gəldi. Onlar deyirdilər ki, bizim yerlər daha yaxşıdır, yazıb xahiş edin ki, sizi ora göndərsinlər. Nənəm savadlı qadın idi. Yazıb yerlərinin həmin vilayətə dəyişdirilməyini istədi və icazə verdilər. Doğrudan da, ora daha yaxşı idi. Mən özüm də Taldı-Kurqanda doğulmuşam.
Çox çətin günlər idi. Nənəm ayaqyalın gedib işləyirdi, hətta biz uşaqları da işlədirdilər. Bütün çətinliklərə baxmayaraq ailəm bizim mədəniyyəti yaşatmağa çalışırdı. Evimizdə Nizaminin, Füzulinin kitabları, Azərbaycan bəstəkarlarının, xalq mahnılarının valları var idi. Özfəaliyyətlə də məşğul idik, “Arşın mal alan” tamaşasını səhnələşdirirdik. Maraqlı da alınırdı.
Ən yaddaqalan xatirələrimdən biri də qazaxların yaylağa qalxdığı vaxtlar idi. Əvvəl itlər və dəvələr keçirdi. Dəvələrin üstündə isə milli geyimli qadınlar olurdu. Daha sonra isə qoyun sürüləri keçirdi. Biz də buna maraqla tamaşa edirdik.
- Atanız Azər Rəsulzadə çox çətin bir həyat yaşayıb, uzun müddət sürgündə olub. Onunla bağlı hansı xatirələrinizi bizimlə bölüşə bilərsiniz?
- Atamın qardaşı, əmim Rəsul Rəsulzadə burada qaldı. Sürgün illərində isə əvvəl nənəsi, sonra anası rəhmətə getdi. Heç kəsi yox idi deyə tək qaldı. Həmin vaxt məktəbdə anamla bir yerdə işləyirdi. Sonra ailə qurdular. Atam rəssam idi, sərgilərdə iştirak edirdi. Həm də yaxşı tar çalırdı, konsertlərdə iştirak edib Azərbaycan musiqisini təbliğ edirdi.
Ümumiyyətlə, atam çox bacarıqlı insan idi. Bir çox sənətlərə yiyələnmişdi. Yaxşı peçlər hörürdü, oymaçılıqla məşğul olurdu. Güzgü sənətini bilirdi, hətta sirlərini mənə də öyrətmişdi. Yaxşı müəllim olduğu üçün siyahıda Qazaxıstanın Əməkdar Müəllimi kimi onun adını da göndərmişdilər. Ancaq sürgün olunduğu üçün ona bu adı vermədilər.
Məlum olduğu kimi, repressiya olunanları müharibəyə aparmırdılar. Aparanda da cərimə batalyonuna aparırdılar. Minalanmış ərazilərə birinci dustaqları, sürgün olunanları buraxırdılar. Və yaxud ağır işlər görməyə məcbur edirdilər. Atamı Tekeli şəhərinə aparmışdılar. Orada mədəndə işləyirdi. Bir dəfə hərbi komissarlığa çağırıblar. Pul verib deyiblər ki, hazırlaş, İrana - Məşhəd şəhərinə gedirsən.
İrana gələndə yenə özfəaliyyətlə məşğul olmağa davam edib və ona şəhəri gəzməyə icazə veriblər. Deyir, gedəndə bir nəfərlə tanış oldum, bizim məhəllə adamı imiş. Bir gün atamı qonaq çağırıb, deyib ki, tarını da götür gəl. Atam bir neçə saatlıq icazə alıb gedib. Yemək yeyəndən sonra atam tar çalır. Sonra siqaret çəkmək üçün çölə çıxanda bir nəfər atama yaxınlaşıb soruşub ki, sən filankəsin oğlusan? Deyib ki, bəli. “İstəyirsən, atanla görüşünüzü təşkil edək?” – deyə soruşub həmin adam. Atam şübhələnib. Əsgərlikdə ola-ola birdən başqa yerə göndərdilər, yolpulu da verdilər. Bunun tələ ola biləcəyini düşünüb, deyib ki, yox, istəmirəm. Sonra baş verənləri M.Ə.Rəsulzadəyə danışanda deyib ki, düz edib, ehtiyatlı davranıb.
Müharibə qurtarandan sonra atam Qazaxıstana qayıdanda yolüstü Bakıya, qohumumuz Seyid Hüseyn gilin evinə gəlib. Atam deyir ki, təzə gəlmişdim, birdən qapı döyüldü. Qapını açanda deyiblər ki, pasport yoxlamağa gəlmişik. Atam cəld arxa qapıdan çıxıb. Bu hadisə Seyid
Hüseynin qızı Qumral Sadıqzadənin “Son mənzili Xəzər oldu” adlı romanında xırdalıqları ilə yazılıb.
1955-ci ildə atamı Dövlət Təhlükəsizlik Komitəsinə çağırıb dedilər ki, atanız vəfat edib. İstəsəniz sizi müəyyən şərtlərlə dəfnə göndərə bilərik. Atam da deyib ki, getmək istəmirəm, nə şərtlə, nə də ki şərtsiz. Axır ki, bizi rahat buraxarsınız.
- Doğrudurmu ki, atanız bir gün ürəyini yandıran Vətən həsrətini söndürmək üçün özünü Xəzərin qoynuna atıb?
- Müharibə vaxtları Azərbaycana gəlmək təhlükəli idi, amma müharibədən sonra gəlmək olurdu. Onda hələ təyyarə reysi yox idi. Balxaşdan Aşqabada, oradan Krasnovodska (indiki Türkmənbaşı-red.), oradan da gəmi ilə Bakıya yeddi gün yol gəlirdin. Atam da həmişə yaxşı geyinib-kecinirdi.
Krasnavodska çatandan sonra Bakıya gedən gəmiyə minməyə az qalmış dözə bilməyib, özünü dənizə atıb (kövrəlir-red.). Camaat toplaşıb. Görüblər suyu öpür, təəccüblə baxıblar. Vətən üçün darıxırdı. Söhbətləri daim Bakı haqqında, uşaqlıq illəri, anası, qardaşı barəsində idi.
Atam bura sonuncu dəfə 1991-ci ildə gəlmişdi. Özünü nasaz hiss edirdi. Xəstəxanada bir aya yaxın müayinə etdilər. Sonra qaraciyər sirrozundan əziyyət çəkdiyini öyrəndik.
Bakıda ulu babamızın - Məhəmməd Əmin Rəsulzadənin atası Axund Ələkbərin məzarını tapmaq istədim. Qəbrinin Novxanıda olduğunu bilirdim. Dedim, özüm gedib tapacam qəbrini. Gəldim və gördüm qərib bir qəbir var. Baxımsız vəziyyətdədir, ətrafında qanqallar bitib. Sinə daşının üstünü oxumaq istədim, gördüm ərəbcə yazılıb. Ərəbcə bilməsəm də fikirləşdim ki, yəqin budur. Çünki o biri qəbirlərin hamısının üstündə adları var idi, bir bu qalmışdı. Sərdar adında bir dostum var idi. Ərəb və fars dillərini yaxşı bilirdi. Onu çağırdım gəlib oxudu: “Axund Ələkbər Rəsulzadə...1926-cı ildə rəhmətə gedib”. Sonra məzarı təmizlətdirdim, ətrafına dəmirdən hasar çəkdirdim.
İstədim ki, atam gələndə babasının qəbrini görsün. Onu qəbiristana apardım. Məzara xeyli baxandan sonra yanındakı boş yeri göstərib dedi ki, məni burada dəfn edərsən. Sonra sahilə getdik, bir az gəzdik. Mənə bir-iki əhvalat danışdı. Sonra atamı Qazaxıstana yola saldım.
İki ildən sonra xəbər gəldi ki, atanın vəziyyəti yaxşı deyil, tez gəl. Getdim yanına.”Məni Bakıya apar” dedi. Getməyə hazırlaşanda birdən fikrini dəyişdi. Dedi ki, mən həmişə şux gəlib-getmişəm. İstəmirəm məni bu halda görsünlər. Ancaq tapşırdı ki, məni Vətəndə dəfn edin.
Həftədə bir-iki dəfə həkim gəlib baxırdı. Bir dəfə məni çağırdı ki, bu gün hər şeyə hazır olun. Elə həmin gün saat 4-də rəhmətə getdi. Fəxri Xiyabanda dəfn etməyi təklif etdilər. Amma vəsiyyət etdiyi kimi Novxanıda göstərdiyi yerdə dəfn etdik. Tam xatırlamıram, amma sinə daşının üzərinə təxminən belə bir söz yazıldı: “56 il sürgündən sonra Məhəmməd Əmin Rəsulzadə ailəsindən yalnız sənə Vətəndə dəfn olunmaq nəsib oldu. Məzarları qərib ölkələrdə qalan soydaşlarımıza Allah rəhmət eləsin!”.
- Atanızdan yadigar qalan bir tarınız var. O tarın tarixçəsini bizimlə bölüşə bilərsiniz?
- O tar indi məndədir. 1917-ci ildə düzəldilib, 100 ildən çox yaşı var. Tarı atama nənəm almışdı. Atamgili sürgün edəndə çətinliklə də olsa, tarını özü ilə aparmağa icazə vermişdilər. Ömrü boyu da tarından ayrılmadı. Yadıma gəlir, Qazaxıstanda olanda atam həmişə Nura çayının sahilinə gedəndə tarı bağrına basıb çala-çala uzaqlaşar, hamıdan ayrılardı. Bir çox musiqiləri, hətta Avropanın klassik əsərlərini də tarda ifa edə bilirdi. Amma ən çox “Bayatı-Şiraz”ı xoşlayırdı.
O vaxt Bakıda Hacı Məmmədov onların qonşuluğunda yaşayırdı. Onun anası atama deyib ki, oğluma tar almaq istəyirəm,çalmağı öyrədərsən? O da deyib, öyrədərəm. Atam deyir, haradasa bir aya yaxın yanıma gələndən sonra musiqi məktəbinə getdi. Sonra eşitdik ki, Hacı Məmmədov məşhur bir tarzən olub. Atam sürgündən sonra arada Bakıya gəlib-gedirdi. Bir axşam küçədə Hacı Məmmədova rast gəlib. Atam həmin görüşü bu cür nəql edirdi: “Qucaqlaşıb görüşdük. “Mənim ilk müəllimim” deyərək zarafatlaşdı. Mənə dedi ki, səsyazma üçün radio studiyasına gedirəm. Sən də gəl, ifama qulaq as. İfamı sənə hədiyyə etmək istəyirəm. Bir kinoteatra girdik. Məni hamıya tanıtdıqdan sonra tarda mənim üçün bir mahnı ifa etdi”.
- Atanız Azər Rəsulzadə həm də istedadlı rəssam olub. Rəssamlıq sənətini seçməyinizdə onun rolu olub, yoxsa bu sənəti özünüz sevib seçmisiniz?
- Gözümü açıb elə şeylər görmüşəm ki, başqaları onu sonradan muzeydə görüblər. Evdə həmişə atamın çəkdiyi şəkilləri görürdüm. Bir dəfə evdə oturub mənzərə çəkirdim. Uşaq xəyalı ilə buludlar-filan...Atam da dayanıb baxıb. Görüb ki, çətinlik çəkirəm. Dedi, istəyirsən kömək edim bir az? Şəkildə bəzi düzəlişlər etdikdən sonra mənə baxdı. Dedim ki, sən heç şəkil çəkməyi bacarmırsan ki (gülür-red.). Dilxor oldu, getdi siqaret çəkməyə. Sonra yanıma gəldi, dedi düz deyirsən oğlum, ağacla-daşla işləməkdən əlim bərkiyib. Mənim çəkdiyimdə uşağın o incə duyğuları yoxdur. Sən necə istəyirsən, elə də et. Yəni bu həvəs uşaqlıqdan vardı. Hətta rəng olmayanda kərpici ovub onunla çəkirdim.
- Siz Azərbaycanın dəyərli bir ziyalısı olmaqla yanaşı həm də tanınmış bir rəssamsınız. Yaradıcılığınızda sizə ən çox nələr ilham verir?
- Peşəkar insanlara ilham lazım deyil, portret lazımdırsa portret, mənzərə lazımdırsa mənzərə çəkəcək. Amma elə işlər var ki, ilham vacibdir. Bilirsiniz, rəssamlıq ürək ehtiyacıdır. Quş özü də bilmədən oxuyur, çünki oxumaya bilməz. Rəssamlıq da belədir, ürəkdən gəlir.
- Rəssamlıqda ən çox hansı mövzulara müraciət edirsiniz?
- Hər dövrün öz üslubları olur. Rəssamlıq sənətində 200-dən artıq cərəyan var. Cərəyanları rəssamlar yaratmır, rəssamlar sənət yaradır. Ona görə də növlər şərti şeylərdir. Sənin daxilindən çıxan düşüncələr, hisslər cəmləşib ümumiləşir və bir əsər yaranır.
Müəllimim deyirdi ki, mən gözəl bənizli uşaqlarımı abstrakt görə bilmərəm. Mən onları sevirəm. Əsl rəssamlıq çox böyük sənətdir. Bizim sənətin çətinliyi ondadır ki, biz həm ifaçı olmalıyıq, həm də bəstəkar. Gərək dünya irsini, fəlsəfəni, ədəbiyyatı, tarixi, el sənətini yaxşı biləsən. Bunu tələbələrimə də deyirəm.
- Rais bəy, Azərbaycanda rəssamlıq sənətinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz və gələcəyini necə görürsünüz?
- Azərbaycan xalqı çox istedadlı xalqdır. İstedadlı insanlar var. Onları vaxtında aşkar edib dəstək olmaq lazımdır. Azərbaycan rəssamlıq sənəti dünyada məşhurdur. Miniatür sənətimizdə, həmçinin xalçaçılıq, dulusçuluq kimi sahələrdə Azərbaycanın öz təkrarolunmaz koloriti, öz fəlsəfəsi və dəyərləri var. İndi həyatın tempi dəyişib. Sənəti öyrətmək üçün müəyyən şərait yaratmaq lazımdır ki, normal səviyyədə olsun. Elektron sənət meydana çıxsa da, o insanın impulslarını verə bilmir. Bir də görürsən, iki-üç nəfər adi bir heykəl düzəldir, hamısı bir-birinə oxşayır, amma baxanlar birinə üstünlük verirlər. Çünki həmin işdə barmaqların hərarəti hiss olunur.
Azərbaycanda çox yaxşı sənətkarlar olub, indi də var. Sadəcə olaraq kömək etmək lazımdır. Onlara çəpərlər qoymaq olmaz. Azərbaycanda 44 günlük müharibə oldu, ondan əvvəl də 30 il
müharibə şəraitində yaşadıq. Mən belə düşünürəm ki, sən həmin dövrdə şair, rəssam, şahmatçı olmaya bilərsən, amma vətəndaş olmaq sənin borcundur. Təəssüflər olsun ki, bu günə qədər Qarabağ hadisələri, Xocalı faciəsi rəsm sənətində kifayət qədər öz əksini tapmayıb. Ancaq sevindirici haldır ki, son vaxtlar buna daha çox diqqət ayırmağa başlamışıq.
- Rais bəy, istərdik bir az da ailəniz barəsində məlumat verəsiniz. Rəsulzadə nəslinin digər davamçılarını tanımaq maraqlı olardı.
- Humay adında bir qızım var. Onunla dəniz qırağıına gedəndə o da mənimlə birgə rəsm çəkməyə başlayırdı. İstedadlı olsa da, rəsm işinə davam etmədi. “Mən sənin nə qədər əziyyət çəkdiyini görürəm”- deyirdi. Ona görə də rəssam olmaq istəmədi. Elektronikaya, kompüter sahəsinə marağı daha çoxdur.
- Rais bəy, yaradıcılığınız və gələcək planlarınızdan danışa bilərsiniz?
- Mən yaradıcılıqda populyarlığa qaçmıram. Mənə belə gəlir ki, sadə və səmimi olmaq lazımdır. Sərgilərə gəlincə, xaricdə bir çox sərgim olub. Amerika, Kuba, Polşa, hətta qaynar nöqtə olmağına baxmayaraq Əfqanıstanda da sərgilərim təşkil olunub. Amma axır vaxtlar mənzərəyə yönəlmişəm. Təbiəti biri işləyibsə, o demək deyil ki, sən işləməyəsən. Hər kəsin işi bir başqa olur. Bununla yanaşı portretlər, tablolar da çəkmişəm. Gələcəklə bağlı çoxlu planlarım var. Ümid edirəm ki, onları gerçəkləşdirməyə nail ola biləcəm.
- Qarşıdan milli bayramımız olan Novruz bayramı gəlir. Bayram ərəfəsində sizinlə görüşmək, həmsöhbət olmaq çox xoş oldu. Son olaraq Azərbaycan xalqına arzularınızı eşitmək istəyərdik.
- Sonda Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Onları böyüdən anaların əllərindən öpürəm. Qazilərimizə də Allah şəfa versin. Xalqımı üzümüzə gələn Novruz bayramı münasibətilə təbrik edirəm. Bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq arzulayıram.
Ayşən İsmayılova