Polad Bülbüloğlu: “Vəhdət Sultanzadə əsl ağsaqqal adını qazanmışdı”
“Azərbaycan diplomatiyasının ağsaqqalı, fövqəladə və səlahiyyətli səfir Vəhdət Sultanzadənin vəfatı xəbəri məni olduqca kədərləndirdi. Mərhumun bütün doğmalarına dərin hüznlə başsağlığı verir, bu çətin gündə səbir diləyirəm”.
1news.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
“Vəhdət Sultanzadənin vəfatı təkcə onun yaxınları üçün deyil, bütün Azərbaycan diplomatiyası üçün ağır itkidir. O, zəngin diplomatik fəaliyyəti dövrü ərzində müxtəlif rəhbər vəzifələr tutmuş, müxtəlif missiyaların tərkibində İndoneziyada, Pakistanda, Efiopiyada, Meksikada və digər ölkələrdə fəaliyyət göstərmiş, bir çox mükafatlarla, o cümlədən Birləşmiş Millətlər Təşkilatının “Dünyada sülhün qorunması işinə verdiyi töhfəyə görə” yubiley medalı ilə təltif edilmişdir.
Vəhdət Sultanzadə yorulmaz fəaliyyəti, öz xalqına dərin sevgisi və bağlılığı, vətənpərvərliyi, yüksək mənəvi keyfiyyətləri sayəsində əsl ağsaqqal adını qazanmışdır.
Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışdığı zaman iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə Türkmənistanın dövlət mükafatı – “Vatana bolan söýgüsi üçin” (“Vətənə sevgisinə görə”) medalı ilə təltif edilmişdir” – deyə, səfir əlavə edib.
P.Büıbüloğlu deyib ki, YAxın Şərq diplomatiyası, tarixi, mədəniyyəti və ədəbiyyatı haqqında silsilə məqalələrin və kitabların müəllifidir.
“Ömür-gün belə gətirdi ki, mənim Vəhdət müəllimlə dəfələrlə görüşmək imkanım olmuşdur. Hələ Sovet dövründə o, İstanbulda işləyərkən, mənim mədəniyyət naziri qismində rəsmi səfərlərimdə fəal iştirak edərək, ona xas olan böyük enerji ilə tədbir və görüşlərin təşkilində və müxtəlif məsələlərin həllində təcrübəli diplomat olaraq yüksək peşəkarlıq göstərmişdir. Aşqabad şəhərində də bir neçə dəfə görüşümüz baş tutmuşdur və onun orada böyük nüfuza malik olduğunun şəxsən şahidi olmuşam.
O, görkəmli diplomat olmaqla yanaşı, həm də gözəl insan, səmimi və təvazökar şəxs idi. Əminəm ki, onun əziz xatirəsi mənim və onu tanıyan hər bir kəsin qəlbində əbədi olaraq yaşayacaqdır”.