Sahibə Qafarova Özbəkistan Prezidenti ilə görüşüb - FOTO
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.
Milli Məclisdən 1news.az-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli münasibətlərin təməlində ortaq tarixi köklərin, dil, din, mədəniyyət, adət-ənənə və dəyərlərin dayandığı vurğulanıb. Prezident Şavkat Mirziyoyev qeyd edib ki, münasibətlərimiz dövlətlərimiz müstəqillik qazandıqdan sonra daha da inkişaf edib. Son illərdə isə Azərbaycan və Özbəkistan arasında ikitərəfli əməkdaşlığın inkişafında daha geniş uğurlar əldə olunub. O, bildirib ki, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasında dövlət başçılarımız arasında münasibətlərin mühüm rolu vardır.
Qeyd olunub ki, pandemiya ilə əlaqədar qlobal iqtisadiyyatda mövcud vəziyyətə baxmayaraq, Azərbaycan və Özbəkistan arasında ikitərəfli təmaslarda müsbət dinamika qorunub. Qarşılıqlı fəaliyyətin bütün sahələrində - iqtisadiyyatda, siyasətdə, mədəniyyətdə və sosial sahələrdə nəzərəçarpan irəliləyiş əldə olunub.
Bütün səviyyələrdə intensiv təmaslar qurulur, rəsmi nümayəndə heyətləri, işgüzar və ictimai dairələrin nümayəndələri arasında fikir mübadiləsi aparılır. Son illərdə pandemiyaya baxmayaraq, ticarət dörd dəfə artıb. İlin əvvəlindən ticarət dövriyyəsinin 25 faiz artması münasibətlərimizin müsbət xarakteristikasını göstərir.
Özbəkistan Prezidenti ikitərəfli münasibətlərin inkişafında qanunvericilik orqanlarının müsbət rolunu qeyd edərək, deyib ki, Özbəkistan və Azərbaycan parlamentləri arasında sıx və çoxşaxəli tərəfdaşlıq mövcuddur. Qarşılıqlı fəaliyyəti daha da inkişaf etdirmək üçün iki ölkənin qanunverici orqanları arasında sistemli və müntəzəm əməkdaşlığı daha da gücləndirmək lazımdır. Eyni zamanda, parlamentarilər xalqların bilavasitə nümayəndələri kimi “xalq diplomatiyasının” təşviqində, o cümlədən Özbəkistan və Azərbaycanın regionları arasında əlaqələrin möhkəmləndirilməsində, iqtisadi və humanitar layihələrin dəstəklənməsində əsas rol oynamalıdırlar. Şavkat Mirziyoyev bu mənada Azərbaycan Milli Məclisi sədrinin səfərinin əhəmiyyətini və aparılan danışıqları yüksək qiymətləndirib.