İlk “TEKNOFEST AZƏRBAYCAN” Azercell-in baş sponsorluğu ilə keçiriləcək
26-29 may tarixlərində "Bakı Kristal Zalı" və Dənizkənarı bulvar ərazisində baş tutacaq tədbirdə Azercell-in stendində ən son innovativ həllər də sərgilənəcək
Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı və Azercell-in baş sponsorluğu ilə bu ilin 26-29 may tarixlərində ölkəmizdə ilk dəfə olaraq “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalı keçiriləcək.
Baş tutacaq festival çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələrinin keçirilməsi nəzərdə tutulub. Festival zamanı “Smart Qarabağ” Hakatonu, “Take Off Baku” Startap Sammiti və “Rocket League” kiber idman üzrə Avropa Çempionatı təşkil olunacaq. Rəqəmsal məhsullar və xidmətlər sərgisi, texnologiya sahəsində müxtəlif yarışma və əyləncəli proqramları özündə birləşdirən bu irimiqyaslı tədbirdə “Azercell Telekom” MMC baş sponsor olmaqla yanaşı, ayrıca stendlə iştirak edəcək. 25 illik fəaliyyəti ərzində Azərbaycana daim qabaqcıl texnologiyaları gətirən Azercell şirkəti sərgidə özünün “Bağlantını asanlaşdırır, həyatı dolğun edirik” strateji məqsədini reallaşdıran məhsul və həllərini təqdim edəcək. Festival günlərində Azercell-in stendinin ziyarətçiləri maraqlı xidmətləri izləməklə yanaşı, hədiyyələr qazandıran maraqlı müsabiqələrdə iştirak imkanı əldə edəcəklər.
Ümumilikdə sərgidə festivalın tərəfdaş qurumlarının xidmətləri, o cümlədən gənc texnoloqların hazırladıqları prototiplər və STEM layihələrinin nümayişi nəzərdə tutulur. Festivalın açıq səma altında təşkil olunacağı bölməsində də pilotsuz uçuş aparatları və vertolyotların sərgilənməsi planlaşdırılır.
Festivalın əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin məşhur “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları daxildir. “Teknofest Azərbaycan” festivalında həmçinin şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və s. nümayiş etdiriləcək. Ziyarətçilər həmçinin incəsənət xadimlərinin konsertini də izləyə biləcəklər.
2018-ci ildən etibarən keçirilən Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalının məqsədi milli texnologiyaları təbliğ etməklə bu sahədə məlumatlılığı artırmaq, həmçinin gənclərin bilik və bacarıqlarının üzə çıxarılmasına imkan yaratmaqdan ibarətdir.
Reklam hüququnda