Dövlət sərhədini xüsusi hava əməliyyatları qüvvələri də qoruyacaq
“Sərhəd mühafizə orqanları haqqında” qanuna dəyişiklik edilir.
1news.az xəbər verir ki, bununla bağlı layihə Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Dəyişiklik Prezident İlham Əliyevin 17 avqust 2021-ci il tarixli fərmanı ilə “Dövlət Sərhəd Xidmətinin Əsasnaməsi”nə və "Dövlət Sərhəd Xidmətinin strukturu"na edilən dəyişikliyə uyğunlaşdırma xarakterlidir.
Həmin dəyişikliyə müvafiq olaraq Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinə xüsusi hava əməliyyatları qüvvələri də əlavə olunub. “Sərhəd mühafizə orqanları haqqında” Qanuna da buna uyğun dəyişiklik edilir. İndiyə kimi çevik hərəkət qüvvələri, Sahil Mühafizəsi, sərhəd nəzarətindən ibarət olmaqla Azərbaycan Respublikasının dövlət sərhədinin toxunulmazlığı təmin edilirdi. Dəyişikliklə bura xüsusi hava əməliyyatları qüvvələri də əlavə olunur.
Layihə səsə qoyularaq bir oxunuşda qəbul edilib.