Umayra Tağıyeva: Ölkəmizdə stifadə olunan yeni texnologiyalar hava şəraitini izləmək üçün ən müasir vasitələrdəndir

İstər müasir sinoptik proqnozlaşdırma xidmətləri ilə yaxşı təchiz olunmuş inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan müxtəlif ölkələrdə son vaxtlar təbii fəlakətlərin artması daha etibarlı hava məlumatlarının aktuallığını və bu məlumatlara olan tələbatı artırır.
Bunu 1news.az saytına açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Lakin, onsuz da kifayət qədər mürəkkəb, elm tutumlu və texnoloji cəhətdən asılı bir sahə olan meteorologiyanın dünya birliyi tərəfindən”iqlim dəyişmələri” termini kimi qəbul edilmiş sahəsi getdikcə özünü tez-tez və daha aydın şəkildə göstərməklə ,hava proqnozu prosesini xeyli çətinləşdirir.
Ölkəmizdə son illər istifadə olunan yeni texnologiyalar hava şəraitini izləmək üçün ən müasir, təkmilləşdirilmiş vasitələrdəndir. Söhbət avtomatlaşdırılmış meteoroloji və hidroloji stansiyalardan, eləcə də kifayət qədər etibarlı hava proqnozları və xüsusilə gözlənilən anomal proseslərlə bağlı xəbərdarlıqlar verməyə imkan yaradan Doppler radarlarından gedir.
Xəbərdarlıqlar verilərkən, biz ilk növbədə əhalinin təhlükəsizliyini, rifahını düşünürük. Arabir bəzi vətəndaşlar öz narazılıqlarını bildirirlər, məsələn, “Siz saniyədə 12 metr külək əsəcəyini vermişdiniz, amma o saniyədə 9 metr oldu” və ya “güclü yağıntı vermişdiniz, lakin yağış intensiv olmadı”.
Bəzən, xüsusən də proseslərin qeyri-xətti getdiyi, siklonların sürətini dəyişdirdiyi və bəzən onların hərəkətinin proqnozlaşdırılan trayektoriyasının dəyişdiyi ərazilərdə təhlükəli hadisənin baş vermə ehtimalını daha yüksək göstərmək faydalı olur. Bu, bütün ölkələrdə proqnozlaşmanın ümumi problemidir.
Ölkəmizin relyefi, dağ silsilələrinin, Xəzər dənizinin olması əraziyə daxil olan hava kütlələrinin əlavə transformasiyaya uğramasına şərait yaradır. İki qonşu rayonda eyni vaxtda müxtəlif hava şəraiti müşahidə oluna bilər, hardasa leysan olduğu halda, yaxınlıqdakı rayonda və ya kənddə isə hava quru ola bilər.
Təəssüf ki, yalnız üç-dörd saat əvvəl Doppler radarları sayəsində proqnozu dəqiqləşdirmək və yağıntı zonasının əhatə dairəsini daha ətraflı göstərmək mümkündür. Belə hallarda sinoptiklərimiz dəyişmiş şərtlərə uyğun olaraq proqnozu vaxtında dəqiqləşdirir.
Biz bütün suallara cavab verməyə, proqnoz və ya xəbərdarlıqların bəzi təfərrüatlarının müzakirəsi, aydınlaşdırılması və ya izahı üçün həmişə açığıq, daha sıx əməkdaşlıq etmək istərdik. Ən əsası, nəzərə almaq lazımdır ki, smartfonlardakı proqnozlar Milli Hidrometeorologiya Xidmətinin məhsulları deyil və bəzən əldə edə biləcəyiniz rəsmi məlumatlardan ciddi şəkildə fərqlənir. Rəsmi proqnoz məlumatlarını meteo.az saytına daxil olaraq əldə edə bilərsiniz.
Mayın ilk ongünlüyü bol yağıntılı və nisbətən sərin hava ilə fərqləndi. Temperatur həmişəkindən 2-4 dərəcə aşağı oldu. Aralıq dənizi siklonu ilə bağlı olan soyuq atmosfer cəbhələri intensiv yağış, şimşək, güclü (30-35 m/s) külək və dağlarda qarlı iz qoydu, hətda Şahdağda 18 cm, Xınalıqda 3 sm, Qırızda 2 sm qarörtüyü əmələ gəldi. Son 20 il ərzində yalnız 1 dəfə 2021-ci ildə 2021 Daşkəsən-Gədəbəydə, Xınalıq və Sarıbaşda 2 cm-lik qar örtüyü qeydə alınmışdır.
Lakin bununla kifayyətlənmədi, Naxçıvanda, Ağdamda, Şəkidə və Şahdağda dolu yağdı. 10 gün ərzində düşən yağıntının miqdarı Bakıda aylıq normanın 70%i, Qusarda 63%, Şamaxıda 72%, Şəkidə 77%, Balakəndə 127%, Mingəçevir 54%, Kürdəmirdə 76%, Lerikdə 71%-ni təşkil etdi.
Havanın yağıntılı keçməsi olkə çaylarına müsbət təsir göstərmiş, çaylarda o cümlədən Kür çayına tökülən çaylarda sululuq kəskin artmışdır.
Nəticədə Kür çayının yuxarı axımında Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 62 sm artaraq sululuq normadan 13 % çox, Qanıx çayında suyun səviyyəsi 139 sm artaraq sululuq normadan 76 % çox, Araz çayının Qıvraq məntəqəsində isə suyun səviyyəsi 63 sm artmışdır.
Kür çayının aşağı axınında suyun səviyyəsi may ayının əvvəlində müşahidə olunan səviyyələrdən xeyli yüksək olaraq Yevlax məntəqəsində 27 sm artaraq sululuq 188 m3/san, Zərdabda 152 sm artaraq sululuq 267 m3/san, Surrada 145 sm artaraq sululuq 226 m3/san, Şirvanda 76 sm artmış, Salyanda 137 sm artmış, Bankədə isə 22 sm artaraq sululuq 58,8 m3/san olmuşdur.
Kür çayının aşağı axınında suyun həcminin artması nəticəsində çayda şirinləşmə müşahidə olunur. Belə ki, may ayının 1-dən Kürün aşağı axınında monitorinqlər aparılır və monitorinqlərin nəticələrinə əsasən duzluluq xeyli azalaraq norma daxilində olmuşdur.
Aparılan monitorinq hava keyfiyyətinin yaxşı statusa malik olduğunu müəyyən etmiş, havanın oksigenlə zənginləşməsi baş vermişdi.
Mayın 11-i axşamdan 12-i axşamadək yenidən şimal küləyinin güclənməsi və bəzi yerlərdə yağıntılı keçməsi gözlənilir. Həftənin sonunda havanın sabitləşməsi gözlənilir.