Vüqar Rəhimzadə: Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz qardaşlığa, dostluğa və strateji müttəfiqliyə əsaslanır | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz qardaşlığa, dostluğa və strateji müttəfiqliyə əsaslanır

14:21 - 18 / 05 / 2022
Vüqar Rəhimzadə: Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz qardaşlığa, dostluğa və strateji müttəfiqliyə əsaslanır

“44 günlük İkinci Qarabağ müharibəsində dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun yazdığı şanlı Zəfər 30 illik işğala son qoymaqla yanaşı, ədaləti bərpa etdi, beynəlxalq hüququn mövcudluğunu, onun zamana və məkana görə tətbiqinin mümkünsüzlüyünü, kimin haqqın, kimin şərin yanında olduğunu nümayiş etdirdi.

Bu reallıqların fonunda Azərbaycan-Türkiyə qardaşlığı, əməkdaşlığı liderlərimizin birgə qərarları və davamlı olaraq həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələr özünü daha qabarıq şəkildə büruzə verdi. Vətən müharibəsinin baş verdiyi andan Azərbaycanın yanında olan, “Azərbaycan tək deyil” mesajını dünyaya ünvanlayan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın və türk xalqının dəstəyi ölkəmizə güc verdi, daha böyük ruh yüksəkliyi ilə irəliyə doğru addımlamağımızı şərtləndirdi. Dövlət başçısı İlham Əliyevin mayın 14-də Türkiyəyə işgüzar səfəri çərçivəsində türkiyəli həmkarı ilə birlikdə Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etməsi bu birliyin, həmrəyliyin növbəti təzahürü kimi dəyərləndirildi. Dövlət başçısı İlham Əliyevin “Biz hər zaman bir yerdəyik” çağırışı dünyaya ünvanlanan növbəti mesaj oldu.”

1news.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, açılış mərasimindən öncə Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşündə iki müttəfiq ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi: “Postmünaqişə dövrünün mühüm reallıqlarından biri Azərbaycan-Türkiyə müttəfiqliyinin rəsmi sənəddə öz təsdiqini tapması oldu. Belə ki, qardaşlığı, dostluğu və müttəfiqliyi özündə əks etdirən Bəyannamənin imzalanmasına Azərbaycanın döyünən ürəyi, Qarabağın tacı Şuşa şahidlik etdi. Bəyannamədə qarşıdakı dövrdə iki qardaş ölkə arasında əlaqələrin müxtəlif istiqamətlər üzrə inkişafının yol xəritələri öz əksini tapıb. Prezident İlham Əliyevin Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün qardaş ölkəyə dəvət olunması bu birliyin sarsılmazlığının, liderlərin bir-birinə səmimi münasibətlərinin, ən əsası önəmli hadisələrdə biri-birinin yanında çiyin-çiyinə olmaq istəklərinin təqdimatı oldu. Açılış mərasimində diqqət çəkən mənzərələrdən biri məhz bu səmimiyyət ruhunda dövlət başçılarının xoş ovqatla, “Bir millət, iki dövət”in bir-birinə uzatdığı dostluq, qardaşlıq, müttəfiqlik əllərinin liderlərin timsalında birləşdirilmiş formada dünyaya təqdim etdirilməsi oldu.”

Diqqəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında, həmçinin ötən ilin oktyabrında Füzuli Beynəlxalq Hava Limanının açılışında Azərbaycan Prezidentinin yanında olmasına yönəldən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Prezident İlham Əliyevin açılış mərasimində səsləndirdiyi “İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq” fikirləri dünənə baxış və qarşıdakı dövrün hədəflərinin təqdimatı kimi dəyərləndirilir.

Vüqar Rəhimzadə Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 ilinin tamam olduğunu önə çəkərək iki qardaş ölkənin ayrı-ayrı sahələrdə əməkdaşlığının genişləndirilməsi fonunda qazanılan uğurlardan bəhs edib: “Tərəflər arasında hərbi əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Bu əməkdaşlıq 44 günlük İkinci Qarabağ müharibəsində öz nəticəsini göstərdi. Azərbaycan Silahlı Qüvvələrinin hərbi təlimlərdə fəal iştirakı, beynəlxalq standartlara uyğun maddi-texniki bazasında formalaşdırılması ordumuzun döyüş qabiliyyətinin artmasında əhəmiyyətli rol oynadı. İki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq xüsusi qeyd olunmalıdır. Zəfər paradı hər iki ölkənin bu sahədə malik olduqları imkanların, birliyin, həmrəyliyin bir daha nümayişi oldu. Dünya bu təqdimatın hələ 2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100 illik yubileyi münasibətilə Azərbaycan-Türkiyə əsgərlərinin möhtəşəm paradında şahidi olmuşdu. Həmin paradda bu əminlik ifadə edilmişdi ki, gün gələcək Azərbaycanın dövlət bayrağı işğal altında olan bütün torpaqlarımızda qaldırılacaq.”

“İlyarımdır Zəfərin sevincini dost, qardaş ölkə ilə birgə yaşayırıq. Otuz il dağıdılıb məhv edilən ərazilərdə şanlı Zəfərimizdən sonra başlanan quruculuq və bərpa işlərinə daim ölkəmizlə çiyin-çiyinə olan qardaş Türkiyənin dəstəyi böyükdür. Azad edilmiş ərazilərdə birinci aqropark Zəngilan rayonunda yaradılır. Ötən il Azərbaycan və Türkiyə mütəxəssislərinin birgə səyləri nəticəsində tikintisi başa çatan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edən Azərbaycan və Türkiyə prezidentləri sonra Zəngilana gələrək burada “ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış oldular, həmçinin birlikdə “DOST Aqropark” adlandırılan investisiya layihəsinin təməlini qoydular. Bu layihə iki qardaş ölkənin müştərək investisiya layihəsidir. Prezident Rəcəb Tayyib Ərdoğanın azad Qarabağa ilk səfər edən dövlət başçısı kimi Şuşada olması, sonra Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi möhkəm təmələ əsaslanır, ən əsası ölkələrimiz sevincli, kədərli günlərində bir yerdədirlər və bu birlik dünyaya nümunədir. Böyük öndər Mustafa Kamal Atatürkün qeyd etdiyi kimi, Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri Türkiyənin kədəridir. Bu fikirlərə istinadən dövlət başçısı İlham Əliyev bunu əlavə edir ki, Türkiyənin sevinci Azərbaycanın sevinci, kədəri Azərbaycanın kədəridir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın möhkəm liderlik iradəsindən qaynaqlanan davamlı birlik və inkişaf strategiyasının təntənəsi kimi dəyərləndirilən bu addımlarının davamlılığı şübhəsizdir. İki dost, qardaş ölkə birlikdə daha möhtəşəm uğurlara imza atacaq, dastanlar yazacaqlar. Cənab Rəcəb Tayyib Ərdoğan 2020-ci il 10 dekabr tarixində Zəfər paradında iştirak etmək üçün Azərbaycana səfəri çərçivəsində sənədlərin imzalanmasından sonra mətbuata bəyanatında qeyd etdiyi kimi, hələ atılacaq çox imzalar olacaq. Bu fikir fonunda böyük qürur hissi ilə qeyd edirik ki, ötən il Milli Qurtuluş Günündə Azərbaycanla Türkiyə arasında müttəfiqliyin təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanması uğurlarımızın zirvəsi oldu”,-deyə Vüqar Rəhimzadə bildirib.

YAP Xətai rayon təşkilatının sədri bu ümumiləşdirməni aparıb ki, Azərbaycan-Türkiyə münasibətləri çoxşaxəli və genişmiqyaslıdır. Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz qardaşlığa, dostluğa və strateji müttəfiqliyə əsaslanır. Postmünaqişə dövrünün reallıqları fonunda gerçəkliyə çevriləcək layihələr bu münasibətləri daha yüksək zirvələrə qaldıracaq.

1news.az

Paylaş:
259

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər