Azad olunmuş ərazilərin bərpası üçün əlavə 470 milyon manat ayrılacaq
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün bu il əlavə olaraq 470 milyon manat ayrılacaq.
1news.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 2 milyard 670 milyon manat vəsait ayrılacaq.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2 milyard 200 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu. Beləliklə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsait 21,36 faiz artırılır.
Sənəddə bildirilir ki, bu ilin 5 ayı ərzində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 1060,0 milyon manat məbləğində (2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfə çox) maliyyələşdirmə aparılıb ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 48,2 faizinə bərabərdir.
1news.az