Nazirliyin “təmir ediləcək” dediyi şəhidin adını daşıyan məktəb niyə təmir edilmir? - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirliyin “təmir ediləcək” dediyi şəhidin adını daşıyan məktəb niyə təmir edilmir? - FOTO

Ayşən İsmayılova11:30 - 05 / 08 / 2022
Nazirliyin “təmir ediləcək” dediyi şəhidin adını daşıyan məktəb niyə təmir edilmir? - FOTO

Şəmkir rayon Ələsgərli kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Nəsir Nəsirovun adını daşıyan kiçik bir yer var. Dəlmə-deşik tavanı, çürük döşəməsi, uçuq-sökük divarları olan bu yerə kənd sakinləri məktəb desələr də, bura məktəbdən çox tövləyə oxşayır desək daha düzgün olar. Sözügedən məktəbin şəkillərini görsəniz, yəqin siz də bizimlə razılaşarasınız.

İlk baxışda Nizaminin “Sirlər xəzinəsi”ndəki “Nuşirəvanla bayquşların söhbəti”ni xatırladan məktəb xarabalığa bənzərliyi ilə sözün əsl mənasında təhsilimizə üz qaralığı gətirir. Hər an uçma təhlükəsi olan məktəb şagirdlər və müəllimlərin həyatı üçün də çox ciddi təhlükə mənbəyidir.

Üstəlik sinif otaqlarının bir çoxunun pəncərələrinin şüşəsi sınıqdır və həmin yerləri bağlamaq üçün sellofanlardan istifadə edilib. Bu isə onsuz da istilik sistemi bərbad olan məktəbin şagirdlərini payız-qış aylarında soyuqdan donmamaq üçün dərsdə palto, papaq, şərf və əlcək kimi qalın geyimlərlə oturmağa vadar edir.

Xatırladaq ki, 1news.az bu məktəbi bir il öncə işıqlandırmış və problemi Təhsil Nazirliyinə bildirmişdi. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məsələ ilə bağlı 1news.az-ın sorğusuna cavab olaraq aparılan araşdırmanın nəticəsinə görə Ələsgərli kənd məktəbinin ya əsaslı təmir ediləcəyini, ya da məktəb üçün yeni bina tikiləcəyini qeyd etmişdi:

“Məsələ ilə bağlı artıq Nazirliyin Tikinti və Təchizat İdarəsinə məlumat göndərilib. Məktəbin yenidən tikilməsi və ya əsaslı təmir olunması ilə bağlı müvafiq qərar veriləcək. Sözügedən məktəb ən optimal müddətdə yenidən müasir şəkildə təmir edilərək və ya yenidən tikilərək müəllim və şagirdlərin ixtiyarına veriləcək”.

Düzdür, Nazirlik rəsmisi məktəbin bir il müddətinə təmir ediləcəyini deməyib. Lakin iki və yaxud üç il müddətini də qeyd etməyib. Bu məntiqlə yanaşsaq, məktəbdə təmir işləri on ildən sonra da aparıla bilər. Ya da daha gec...

Məktəbdən yazarkən məsələni diqqətdə saxlayacağımızı qeyd etmişdik. Qeyd etdiyimiz kimi də vədimizə əməl edərək bu yaxınlarda yenidən Ələsgərli kəndinə yollandıq.

Məlum oldu ki, o vaxtkı “Təhsil Nazirliyi” məktəbin yenidən təmir edilərək və ya yenidən tikilərək müəllim və şagirdlərin ixtiyarına veriləcəyinə dair söz versə də, bununla bağlı hələ də heç bir addım atılmayıb. Necə deyərlər, köhnə hamam, köhnə tas.

Məktəbin direktoru Zahid Məmmədov məsələ ilə bağlı dəfələrlə lazımi yerlərə müraciət etdiklərini, lakin müraciətlərinin həmişə nəticəsiz qaldığını bildirib:

“Məktəb çox qədimdir. Təxminən 30 il əvvəl tikilib, bəlkə də çox. Elə həmin vaxtdan bəri də düz-əməlli təmir olunmayıb. Məktəb o qədər köhnədir ki, otaqların döşəməsi, tavanı və pəncərələri çürüyərək yararsız hala düşüb. Şagirdlər azdır, sinif otaqları isə böyükdür. Buna görə də qış aylarında sinifləri istiliklə təmin etmək çətinləşir. Bununla bağlı dəfələrlə lazımi yerlərə müraciət etmişik. Həmişə söz verilir, ancaq heç bir nəticəsi olmur”.

Direktor həmçinin kəndin digər problemlərindən və həmin problemlərin təhsilə vurduğu zərbələrdən də bəhs edib:

“Yeni gələn müəllimlər burada qalmaq istəmirlər. Səbəb şəraitsizlikdir. Yollarımız bərbad vəziyyətdədir deyə rahat gedib-gələ bilmirlər. Bundan əlavə, kəndin başqa problemləri də var. Görün hansı dövrdə yaşayırıq? Amma nə qazımız var, nə də suyumuz. 2012-ci ildən bəri bu məktəbin direktoruyam. Mən məktəbə direktor təyin olunanda məktəbin 120 şagirdi var idi. İndi isə cəmi 80 uşaq qalıb. Bunun da səbəbi şəraitsizlikdir. Gənc ailələr kənddən gedirlər deyə şagirdlərin sayı da günü-gündən azalır”.

Kənd sakini Sevda İbrahimova bildirib ki, məktəbin təmir olunması ilə bağlı dəfələrlə aidiyyatı qurumlara şikayət etsələr də, bu günə qədər şikayətlərinə cavab verən olmayıb:

“Məktəb uçub tökülür. Bəlkə yüz dəfə şikayət edilib, ancaq bir əncam çəkən yoxdur. Belə məktəb olmaz. Belə oxumaq olmaz”.

Digər kənd sakini Arzu Məmmədova isə məktəbdə təhsil alan şagirdlərin sayının azalmasının səbəblərindən danışdı:

“Məktəb çox köhnədir. Kənddə qaz yoxdur deyə siniflər soyuq olur. Gərək odun alıb isitsinlər sinifləri. Uşaqlar da əziyyət çəkirlər, belə məktəbdə oxumaq istəmirlər. Ona görə də uşaqların sayı günü-gündən azalır”.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi ilə yenidən əlaqə saxladıq. Nazirliyin cavabı bu dəfə də ürəkaçan olmadı. Yəni məktəbin nə vaxt təmir ediləcəyi ilə bağlı konkret bir fikir söylənilmədi: "Sözügedən məktəbin əsaslı təmir və ya tikinti işlərinə növbəti illərin dövlət investisiya proqramında baxılacaq".

Necə deyərlər, bizə yenə də gözləməkdən başqa bir şey qalmır. Ümid edirik ki, Şəmkir rayon Ələsgərli kəndinin şagirdləri tezliklə yeni məktəblərinə qovuşarlar.

Müasir və inkişaf etmiş ölkələr təhsilə böyük önəm verirlər, hər bir şagirdin yaxşı təhsil alması, savadlı vətəndaş kimi yetişməsi üçün çalışırlar. Məsələn, Yaponiya illərdir ki, faktiki olaraq işlək olmayan stansiyanı sadəcə bir şagird üçün işlək saxlayır. Belə ki, Dəmir Yolları Şirkəti ölkənin ən ucqar nöqtələrindən olan Kami-Şiratakidəki stansiyasını cəmi bir gimnaziya tələbəsinə görə bağlamır ki, həmin qız məktəbə gedib gələ bilsin. Bu səbəbdən də həmin stansiyanı “bir nəfərlik dəmir yolu vağzalı” adlandırırlar.

Gördüyünüz kimi, Yaponiyada cəmi bir şagirdin oxuması üçün nə lazımdırsa edirlər. Bizdə isə onlarla, yüzlərlə şagird normal şəraitdə təhsil almaq imkanından məhrumdur.

Unutmayaq ki, bu cür kiçik kənd məktəblərində gələcəyin alimləri, ziyalıları və böyük şəxsiyyətləri təhsil alırlar. Və bunu da unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir. Onların təhsildən kənar qalması və ya keyfiyyətli təhsil ala bilməməsi təhsillə bağlılığı olan hər bir kəsin ayıbıdır.

Təhsilə diqqət və qayğı göstərək ki, xəstələnəndə savadlı həkimlər, hüququmuz pozulanda işini bilən qanun keşikçiləri, övladlarımızı əmanət etməyə bilikli müəllimlər axtarmağa üzümüz olsun.

Ayşən İsmayılova

Paylaş:
1101

Son xəbərlər

Bütün xəbərlər