“Qəbul olunan qətnamə şübhəsiz ki, Azərbaycana qarşı təzyiq xarakteri daşıyır” - ŞƏRH

“Bu artıq Fransanın Azərbaycanla bağlı qəbul etdiyi ilk qətnamə deyil ki”.
Bunu 1news.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli Fransa Senatının Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul etməsi haqqında danışarkən deyib.
“Məlum olduğu kimi daha öncə də Fransa parlamenti ölkəmizə qarşı qərəzli sənədlər qəbul edib və mahiyyət etibarilə bu sənədlərin hər hansı bir formada hüquqi qüvvəsi olmayıb. Hətta siyası qüvvəsi də olmayıb və olması da mümkün deyil. İndiki şəraitdə qəbul olunan qətnamə şübhəsiz ki, Azərbaycana qarşı təzyiq xarakteri daşıyır və məlum olduğu kimi bu sənəddə yer alan bütün müddəalar reallıqların əksinədir və həqiqətə uyğun deyil. Eyni zamanda Azərbaycan təcavüzə məruz qaldığı halda təcavüzkar bir ölkə kimi qələmə verilir. Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında qaldığı 30 ilə yaxın zaman kəsiyində faktiki olaraq Fransa senatı Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlı müvafiq bir sənəd irəli sürməyib. Baxmayaraq ki, Fransa BMT Təhlükəsik Şurasının daimi üzvü kimi Azərbaycan ərazilərinin qeyd-şərtsiz işğaldan azad olunması ilə bağlı qəbul olunan 4 qətnamənin 4-ə də səs vermişdir. Belə olduğu halda əslində bu yanaşmaların özünün də kontaktsal olduğunun şahidi oluruq.
Digər bir aspektdən məsələnin, təbii ki, həqiqətə uyğun olmadığı, qərəzli olduğu tərəfini bir kənara qoyaraq sırf maraqlar kontekstindən yanaşanda Fransa senatının qəbul etdiyi bu sənəd hər hansı bir hüquqi qüvvəsi olmasa da, bütövlükdə Avropa İttifaqının mənafeyinə də ziddir. Məlum olduğu kimi həmin sənəddə Azərbaycanın neft və qaz ixracına müvafiq sanksiyaların tətbiq olunması ilə bağlı çağırışlar var. Hər kəsə bəllidir ki, Azərbaycan Avropanın enerji təhlükəsizlyində önəmli rol oynayan ölkələrdən biridir və indiki şəraitdə xüsusilə də Avropa İttfaqının qaz təzyiqi altında olduğu bir zamanda Azərbaycanın enerji resurslarına ittifaqın daha çox ehtiyacı var.
Paralel olaraq nəzərə çatdırmaq lazımdır ki, bu ilin iyul ayında Avropa Komissiyasının prezidenti Azərbaycana səfəri çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında məhz enerji təhlükəsizliyi ilə bağlı strateji bir anlaşma memorandumu imzalanmışdır. Ümumi memorandumun müddəaları da Azərbaycanla münasibətlərin bütün aspektlərdən inkişafını tələb edir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu xüsusi olaraq qiymətləndirilir. Belə olduğu təqdirdə Fransanın qəbul etdiyi qərar bütövlükdə Avropa İttifaqının maraqlarının əleyhinədir. İndiki şəraitdə Fransa özünü hətta geosiyasi maraqlar müstəvisindən belə ayrıca bir subyekt kimi təqdim edir və ittifaqın maraqlarına zərbə vurmaqla əslində digər qütbün, yəni Avropa İttiffaqını qaz təzyiqi altında saxlayan qütbün maraqlarına xidmət edir ki, bu da Fransa siyasətinin nə qədər simasız olduğunu nümayiş etdirir".
Xatırladaq ki, Fransa Senatı Konstitusiyasının 34-1-ci maddəsini rəhbər tutaraq Azərbaycana qarşı sanksiya tətbiq edilməsinə dair qanun layihəsini müzakirəyə çıxarıb və qəbul edib.
Ayşən İsmayılova